hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Avropadan Türkiyəyə böyük DƏSTƏK: “Sülh çeşməsi” mülki əhalini deyil, terrorçuları hədəfə alıb”

Avropadan Türkiyəyə böyük DƏSTƏK: “Sülh çeşməsi” mülki əhalini deyil, terrorçuları hədəfə alıb”

Avropa İttifaqının (Aİ) PKK/PYD-yə verdiyi dəstək “köhnə qitə”də də etirazlara səbəb olub. 

Cebhe.info xəbər verir ki, Paris Geosiyasi Araşdırmalar Mərkəzinin baş direktoru Şarl Sent Pro  “Anadolu” agentliyinə Avropanın “Sülh çeşməsi” əməliyyatı ilə bağlı mövqeyini şərh edib: 

"Qeyd etməliyəm ki, “Sülh çeşməsi” əməliyyatı BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, qanuni özünümüdafiə hüququna uyğun olaraq həyata keçirilib".

Şarl Sent Pro YPG/PYD-nin PKK-nın Suriyadakı qanadı olduğunu bildirib. Qeyd edib ki, PKK NATO və Aİ tərəfindən terror təşkilatı olaraq tanınır.

Şarl Sent Pro bu terror təşkilatlarının Türkiyənin ərazi bütövlüyünü və birliyini təhdid etdiyini bildirib. Əməliyyatın BMT-nin terrorla mübarizə ilə bağlı  çıxardığı  qərarlara zidd olmadığını vurğulayan Şarl Sent Pro deyib ki, əməliyyat Türkiyənin təhlükəsizlik maraqlarına uyğundur: “Hansı dövlət ərazi bütövlüyünü, təhlükəsizliyini təhdid edən bir terror və separatçı təşkilatın cinayət əməllərinə göz yuma bilər? Heç kim Türkiyənin öz milli təhlükəsizliyi naminə ehtiyat tədbirləri görməsinə mane ola bilməz. Bu şəraitdə əgər Türkiyənin yox olmasını və zəifləməsini istəmiriksə Ankaranın apardığı əməliyyatları qəbul etməliyik”. 

Şarl Sent Pro eyni zamanda Avropanın əməliyyatla bağlı mövqeyini tənqid edib: “Aİ-nin terrorçu və separatçı ünsürləri tərəf kimi qəbul edərək, Türkiyəyə və bu dövlətin milli təhlükəsizliyinə qarşı çıxması dəhşətlidir. Türkiyə hər zaman NATO daxilində sadiq və əhəmiyyətli bir müttəfiq olub. Türkiyənin və Avropanın təhlükəsizliyi bir-birinə bağlıdır. Bir terror təşkilatı (İŞİD) ilə mübarizə apardığını iddia edən və digər bir terror təşkilatı ilə müttəfiq olan Avropa ölkələrinin gətirdiyi bəhanələr də eyni dərəcədə dəhşətlidir”. 

Türkiyənin Fransanın ən qədim müttəfiqi olduğunu unudan rəsmi Parisin bu məsələ ilə bağlı mövqeyini pisləyən Şarl Sent Pro xarici KİV-də əməliyyatla bağlı aparılan dezinformasiya kampaniyasının ictimai rəyə təsir etdiyini söyləyib: “Media orqanlarının arxasında güclü solçu-kommunist qruplar var. Bu qruplar yalan xəbərləri dövriyyəyə buraxır. Amma YPG/PKK-dan qaçan və Türkiyəyə köçən 400 min suriyalı kürddən danışılmır. Dünya Süryani Şurasının YPG-nin Suriyanın şimal-şərqində vəziyyətin gərginləşməsinə görə məsuliyyət daşımasıyla bağlı açıqlaması işıqlandırılmır. Türkiyənin PKK-nın Suriyadakı qanadı YPG-ni deyil, kürdləri hədəf aldığını iddia edirlər. Ancaq Türkiyə dinc əhalini hədəf almadan terrorçularla mübarizə aparır”.

YPG/PKK-nın Suriyada xaos yaratmaq üçün əlində olan İŞİD məhbuslarını sərbəst buraxdığını bildirən Şarl Sent Pronun sözlərinə görə, Avropadan Suriyaya savaşmağa gedən radikal terrorçular vətəndaşı olduqları ölkələrdə mühakimə olunmalıdır: 

“Türkiyəni qınayan Avropa ölkələri PKK və YPG terrorçularının əlinə oynayır. Əlbəttə, bu normal deyil, çünki bu ölkələr PKK-nı terror təşkilatları siyahısına əlavə edib. Bu nədir: bacarıqsızlıq, yoxsa güclü lobbilərə boyun əymək? Hər iki hal  dəhşətlidir”. 

Qeyd edək ki, Şarl Sent Pro  Avropa Yaxın Şərq üzrə əsas ekspertlərdən sayılır. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 958