hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Avropanı “isidəcək” nəhəng layihə: Qazancımız nə olacaq?

Avropanı “isidəcək” nəhəng layihə: Qazancımız nə olacaq?

Noyabrın 30-da Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biri - Trans Anadolu Boru Kəmərinin (TANAP) sonuncu hissəsi istismara verildi. 

Bu münasibətlə Azərbaycan və Türkiyə prezidentlərinin, Gürcüstanın Baş naziri Georgi Qaxariya, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç, Serbiya Milli Məclisinin sədri xanım Maya Qoykoviçin iştirakı ilə Türkiyənin İpsala bölgəsində təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdəki çıxışında bildirib ki, təməli 4 il əvvəl qoyulan TANAP Avropa sərhədinə çatıb: “Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcək. 

Dörd il əvvəl Qars şəhərində Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdı. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürüb.

Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilmişdi. Bunun böyük hissəsini - 400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmənistanın, 12 milyon tonunu Qazaxıstanın, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Yəni, bir sözlə, Bakı-Tbilisi-Ceyhan nəinki Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu və bu gün də uğurla fəaliyyət göstərir”.

Prezident vurğulayıb ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir: “Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcəkdir.

Bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur, eyni zamanda, biz bunu digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırdıq. Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür,- bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Artıq Azərbaycan Gürcüstana və Türkiyəyə elektrik enerjisini ixrac edir. Əgər enerji layihələri, yaşadığımız bölgədə sabitlik, qarşılıqlı dəstək, anlaşma olmasaydı, bunların biri də həyata keçməzdi”.

İlham Əliyevin sözlərinə görə, Türkiyə-Azərbaycan arasındakı ticarət dövriyyəsi artır: “Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıbdır. Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar xalqlarımızın rifah halını yaxşılaşdırır”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. 

TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir. Layihənin əvvəlində 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulurdu. Lakin bu həcmin 40 faizdən çoxuna, 5 milyard dollara qənaət edilib. Hazırda TANAP üzrə kapital xərcləri 6,5 milyard dollardır və indiyədək layihəyə təqribən 6,3 milyard dollar xərclənib.

İqtisadçı-alim Fikrət Yusifov “Cümhuriyət” qəzetinə layihənin Azərbaycan üçün strateji baxımdan önəmini şərh edib. O bildirib ki, yeddi ölkənin iştirak etdiyi belə nəhəng layihəni güclü siyasi iradənin və qətiyyətin olduğu yerdə reallaşdırmaq mümkün ola bilərdi:

“Azərbaycan Prezidenti İlham Əliyev bu layihənin təməlini hələ 2011-ci ilin sonlarında qoymuşdu. “Şahdəniz -2” qazının Türkiyə ərazisindən Avropaya tranzit daşınması ilə əlaqədar 2011-ci il oktyabrın 25-də hökumətlərarası müqavilə, 2011-ci il dekabrın 24-də isə ilkin razılaşma imzalamışdı. Azərbaycan-Türkiyə qardaşlığı və birliyi isə onu gerçəkliyə çevirdi. Bu gün birgə reallaşdırılan nəhəng regional layihələrlə bərabər iki ölkə arasında bütün səviyyələrdən olan əlaqələr - xüsusilə də iqtisadi əlaqələr daha da dərinləşir və yeni inkişaf müstəvisinə çıxır. TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir. Cari ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox artıb. İki ölkə arasında qarşılıqlı investisiya yatırımlarının həcmi də sürətlə artır. Bu günə qədər Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan da öz növbəsində Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub”.

Analitik hesab edir ki, Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olan bu nəhəng layihə ölkəmizin iqtisadi potensialının artırılmasına öz töhfəsini verəcək: 

“Bununla yanaşı, layihə həm də siyasi müstəvidə dövlətimizin Dağlıq Qarabağ kimi bir probleminin həlli baxımından əhəmiyyətli rol oynayacaq. İndi fəxrlə deyə bilərik ki, Azərbaycan dünyanın təlatümlər yaşadığı bir dönəmdə məhz Prezident İlham Əliyevin siyasi iradəsinin və qətiyyətinin nəticəsində TANAP layihəsinin işə salınması ilə daha bir uğura imza atdı. Heç şübhəsiz bu layihə Azərbaycana onun iqtisadi dirçəlişinə sanballı töhfələr verəcək. Neftlə yanaşı indi qaz ixracından əldə olunacaq milyardlarla dollar ölkə iqtisadiyyatına, onun real sektorunun sürətli inkişafına böyük dəstək olacaq. Bütün bu işlər isə Azərbaycanda daha iri sosial layihələri reallaşdırmağa, insanlarımızın həyat səviyyəsinin və sosial durumunun inkişaf etmiş ölkələrdəki səviyyəyə yüksəldilməsinə imkan verəcəkdir. Azərbaycan hökumətinin uğurlarına kölgə salmaq istəyənlər isə, dövlətimizin qüdrəti qarşısında indikindən daha aciz bir durumda qalacaqlar”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1090