hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

AXCP Prezidentə müraciət etdi: ““Azəriqaz” əhalinin əsəbləri ilə oynayır”

AXCP Prezidentə müraciət etdi: ““Azəriqaz” əhalinin əsəbləri ilə oynayır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ölkə Prezidentinə müraciət edib. 

Cebhe.info xəbər verir ki, müraciət hava şəraitinin dəyişməsi ilə əlaqədar vətəndaşların üzləşdikləri problemlərlə bağlıdır: 

“Havanın soyuması ilə əlaqədar vətəndaşlar yenə soyuqdan əziyyət çəkməyə başlayıb. Bu hal hər il eyni şəkildə təkrar olunur və cəmiyyətdə ciddi etirazlar doğurur, insanlar narazı qalır və düşdüyü vəziyyətdən çıxış yolunu sosial şəbəkələrdə etirazını bildirməkdə, hakimiyyəti günahlandırmaqda görür. Azərbaycan xaricə neft, qaz satan ölkədir. Biz bununla fəxr edə bilərik. Amma təəssüflər olsun ki, edə bilmirik, xalq bununla fəxr etmir. Səbəbi isə çox sadədir. Azərbaycan xalqı qışda qaz, istilik problemi yaşayır, vətəndaş qışda soyuqdan xeyli əziyyət çəkir. Hər gün minlərlə vətəndaş həm mətbuatda, həm də sosial şəbəkələrdə qazdan şikayətlənir, qəzəblənir, hökumətə səslənir. Biz də partiya olaraq dəfələrlə hökuməti ciddi ölçülər götürməyə çağırmışıq. Lakin heç nə dəyişmədi və dəyişmir”. 

Müraciətdə qeyd olunub ki, AXCP sədri Razi Nurullayev dəfələrlə təbii qazın xüsusən Bakı kəndlərində təzyiqinin çox aşağı olduğunu deyib, hətta baş nazirə  müraciət edib: 

“O vurğulayıb ki, qaz və istiliklə bağlı yaradılan problemlər ölkəni xaosa sürükləyir. Belə çıxır ki, bir gizli əl qəsdən ölkəni qarışdırmağa çalışır. Bu gizli əllərdən biri də “Azəriqaz”dır. “Azəriqaz” rəhbərliyi sanki qəsdən əhalinin əsəbləri ilə oynayır. Həqiqətən biz burada kifayət qədər siyasi çalarlar görür və hakimiyyəti ciddi tədbirlər görməyə səsləyirik. “Azəriqaz” ölkəni xaosa, çaxnaşmaya sürükləyir. Hazırda ölkənin elə bir yeri yoxdur ki, orda qaz, istilik problemi yaşanmasın. Sosial şəbəkələr vətəndaş harayı, qəzəbi, şikayəti ilə dolub-daşır. Axı Azərbaycan güclü dövlətdir, enerji ehtiyatlarımız yetərincədir. Nəinki özümüzü, Avropanın xeyli hissəsini təmin etmək gücündədir. Belə bir halda nəyə görə vətəndaş evində donsun, niyə görə kiçik sahibkarların istixanalarda çəkdiyi zəhmət hədər getsin və aidiyyatı qurumlar da ağızdolusu qaz təminatının yüksək olduğundan və xarici ölkələr qaz satdıqlarından fəxrlə danışsınlar? Məhz bu problemin qarşısını almaq, vətəndaşın probleminə, əziyyətinə son qoymaq, eyni zamanda vətəndaşla hökumət arasında uçurumun dərinləşməsini önləmək və vəziyyəti bu yerə gətirib çıxaran səbəbləri aşkar etmək üçün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkə Prezidentinin yanında bu problemlərə həsr edilmiş müşavirənin keçirilməsini, xüsusi komissiyanın yaradılmasını və günahkarların müşavirə otağında xalqın gözü qarşısında ciddi şəkildə cəzalandırılmasını təklif edir. AXCP Energetika  Nazirliyi yanında yaradılan Komissiyanın işini qənaətəbəxş hesab etmir və onların hesabatlılığını görmədiyimizi bəyan edir. Həmçinin təklif edir ki, "Azəristiliktəchizat" ASC-i yenidən qurulsun və rentabelli bir idarəyə çevrilsin. Çünki dövlətin onlara ayırdığı subsidiyalar mənasız xərclərə çevrilməkdədir. Ölkədə istilik sistemini bərpa etmək və normal səviyyəyə qaldırmaq üçün ortada beynəlxalq təcrübə var və Amerika kəşf etməyə də ehtiyac yoxdur. Ya dövlət bütün xərcləri üzərinə götürərək istilik sistemləri yaradır, ya da "Azəristiliktəchizat" ASC-ni sərmayəçilərə maraqlı olacaq dərəcəyə qədər rentabelli halına gətirərək özəlləşdirməyə çıxarır”. 

Müraciətdə son olaraq qeyd olunur ki, obyektiv araşdırma aparılarsa, bu sahələrdə çox ciddi korrupsiya faktları aşkara çıxa bilər:

“Azərbaycan xalqı ən azı qazsızlıqdan, istiliyin olmamasından əziyyət çəkməməlidir. Xaricə qaz satan ölkənin vətəndaşı qışda balasını soyuqdan, donmaqdan necə qorumaq barədə baş sındırmamalıdır, bunun üçün qayğılanmamalıdır, dərd çəkməməlidir. Hökuməti buna son qoymağa səsləyirik!”

Cebhe.info


Oxunma sayı: 28469