hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

AXH fəalından Milli Şuraya sərt ittihamlar: Eyni günə mitinq salmaq ucuz kampaniyadır” – MÜSAHİBƏ

AXH fəalından Milli Şuraya sərt ittihamlar: Eyni günə mitinq salmaq ucuz kampaniyadır” – MÜSAHİBƏ

Son vaxtlar müxalifət düşərgəsində hərəkətlilik müşahidə olunur.

Yeni qurumlar yaranır, uzun zaman kölgəyə çəkilmiş siyasi partiyaların aktivliyi artır. Siyasi həyatda müşahidə olunan canlanma nə ilə bağlıdırə “Cümhuriyət”in müsahibi Ağ Partiyanın sədri, Azərbaycan Xalq Hərəkatı və Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü Tural Abbaslıdır.

“Bilmirəm son hadisələrdən sonra AXH-yə inam nə yerdədir”

-Tural bəy, son zamanlar təmsil olunduğunuz Qarabağ Komitəsi və Azərbaycan Xalq Hərəkatı belə demək mümkündürsə, sizin simanızda gündəmdədir. Ümumiyyətlə, baş verənləri necə dəyərləndirirsizə
-Azərbaycan Xalq Hərəkatı bir neçə şəxsin təşəbbüsü ilə yaradıldı. Həmin şəxslərin bəziləri artıq bu təşkilatda yoxdur. Mən də təşəbbüsçülərdən biri idim. Doğrudur, İsgəndər Həmidov təşəbbüskar kimi daha çox ictimaiyyətə təqdim olundu. Çünki bir nəfər üzərindən ideya qurmaq daha faydalıdır. Amma bu, o demək deyil ki, İsgəndər Həmidov tək idi. Bu təşkilatın yaranmasında ilk gündən biz Ağ Partiya olaraq var idik. Çalışırdıq ki, bu işlər alınsın. Nələrsə alındı, bəlli bir müddət iş görüldü. İş olanda yerdə problemlər də olur. Hazırda həmin problemlərin həll olunmasına çalışırıq. Bəzi narazılıqlar, problemlər hələ də var. Yəni, hələlik Azərbaycan Xalq Hərəkatının, ümumilikdə müxalifətin nəsə bir iş gördüyünü ciddi qəbul etmirəm. Çünki hələ də Yeni Azərbaycan Partiyası (YAP) hakimiyətdədirsə, deməli, iş görməmişik. Amma xalqda bir ruh yüksəkliyi, ümid yarandı. İndi bilmirəm, bu son hadisələrdən sonra hərəkata ümid, inam nə yerdədir. Bütün hallarda çalışırıq ki, xalqda mübarizə əzmini qoruyub saxlayaq. Hakimiyyəti güzəştə getməyə, normal idarəçiliyə məcbur edək. Bunun nə qədər alınaymacağını isə təbii ki, zaman göstərəcək.

“Xalqın gözündə haqlı görünürsənsə, deməli, doğru yoldasan”

-Niyə bütün qalmaqallarda sizin adınız hallanırə Qurban bəylə yazışmada adınız çəkildi, İsgəndər Həmidov sizi verdiyiniz müsahibəyə görə ittiham etdi. Belə bir təsəvvür yaranır ki, orda baş verənlərin mərkəzində siz dayanırsınız...
-Əslində, bu sualı mənim cavablandırmağım doğru olmaz. Bilmirəm, kənardan necə görünür, amma çalışıram ki, qalmaqalların, hay-küylərin ortasında olmayım. Amma təbii ki, öz xaraktermizdən, prinsiplərimizdən də güzəştə getmirik. Ola bilsin ki, bu güzəştsizlik, öz xarakterindən imtina etməmək, kimlərinsə xoşuna gəlmir. Ona görə də belə qarşıdurmalar yaranır. Amma mənim üçün kimlərinsə yanaşmasından çox xalqın münasibəti, fikri önəmlidir. Xalqın gözündə haqlı, ədalətli görünürsənsə, deməli, doğru yoldasan. Bu gün hansısa siyasi xadim mənə yaxşı baxmaya bilər, amma xalq, ictimaiyət yaxşı baxırsa, bu artıq mənim üstünlüyümdür. Əslində, istənilən siyasətçinin də gücü ondadır. Siyasətçi həmkarlarının rəğbətini qazanmaqdan daha çox xalqın istəyini qazanmağa çalışmalıdır. Biz də olduğumuz kimi görünməyə, göründüyümüz kimi olmağa çalışırıq.

“Onların mövqeyi çoxuna səmimi gəlmir”

-Qarabağ Komitəsi olaraq mitinq təyin etdiniz, sizinlə eyni günə, saata Milli Şura da aksiya təyin etdi. Sonradan siz bir addım geri çəkildiniz və mitinqdən imtina etdiniz.
-Qarabağ Komitəsi mitinq təyin etdi və bu, sosial şəbəkələrdə, canlı yayımda yayıldı, mətbuatda işıqlandırıldı. Bundan 8 saat sonra Milli Şura da eyni günə, vaxta, yerə mitinq təyin etdi. Adətən, mitinqlər şənbə gününə təyin olunur. Hesab edirəm ki, bu cür məsələlərdə daha diqqətli olmaq lazımdır. Çünki özünə ictimai-siyasi birlik deyirsənsə, özünü bu sektorun avanqardı hesab edirsənsə, bu cür məsələləri diqqətdə saxlamalısan. Sonradan “biz bilmirdik”, “eşitməmişdik” kimi məsələlər kiməsə səmimi gələ bilər. Ancaq çoxuna qeyri-səmimi gəlir. Bu mövqe mənə də səmimi gəlmədi. İstəməzdim ki, Qarabağ məsələsi olan yerdə intriqa olsun. Ona görə də güzəştə getməyin əleyhinə olmadım. Amma hər kəs Qarabağ məsələsinin nə demək olduğunu başa düşməli və buna uyğun addım atmalıdır.

“Bu qədər yaxın vaxtlara mitinq təyin etmək uğurlu deyil”

-Siz məsələyə bir az loyal yanaşdınız, yanlış anlaşılma olduğuna inanmaq istədiyinizi dediniz. Amma sizin mayın 4-nə təyin etdiyiniz mitinqdən sonra Milli Şura da rəsmi müraciət yayaraq mayın 5-nə, yəni bir gün sonraya mitinq təyin etdi.
-Sağ olsunlar ki, heç olmasa bir gün sonraya təyin ediblər (Gülür). Düşünürəm ki, bu aralar Avropa İttifaqı ilə Azərbaycan arsında imzalanması gözlənilən sazişlə bağlı onların nəsə planı var. Bu mitinqin təyin edilməsi də ona hesablanıb. Amma hesab edirəm ki, bu qədər yaxın vaxtlara mitinq təyin etmək praqmatik baxımdan uğurlu deyil. Bütün hallarda qərar onlarındır, biz əleyhinə deyilik. Biz öz mitinq hazırlaşırıq, əgər razılıq olsa, çalışacağıq keçirək. Çünki Qarabağ ən ümdə məsələdir, digər problemlər ondan sonra gəlir. Demokratiya yarana bilər, amma torpaq itkisi düzələn deyil. Dövlət torpaq üzərində var. Torpaq olmayandan sonra 100 demokratik ölkə olsun, nəyəsə yaramaz. Qarabağ və demokratiya arasında seçim olarsa, mən düşünmədən Qarabağ deyərəm.

-Milli Şura ilə Müsavat Partiyası arasında da mitinq qalmaqalı yaşanıb. Görünən odur ki, ölkədə müxalifət-iqtidar mübarizəsi getmir, müxalifət bir-biri ilə savaşır.
-Əslində, uzun zamandır ki, bu belədir. Hazırda partiyalar iqtidar olmaq yox, müxalifət olmaq uğrunda mübarizə aparır. 2000-ci ildən partiya sıralarına qoşulmuşam və artıq 19 ildir ki, aktiv siyasətlə məşğul oluram. Tam əminliklə deyə bilərəm ki, artıq 2005-ci ildən sonra müxalifət hakimiyyət uğrunda mübarizəni tam dayandırdı və öz aralarında mübarizəyə başladı. Analiz etsək görərik ki, 2005-ci ildən sonra “lider partiya hansıdır”, “müxalifətin lideri kimdir” mübahisəsi, “ana müxalifət” savaşı gedir. Olsunlar da, bir gün biri olsun, o biri gün mən olum. ABŞ, Avropa səfirləri bir gün səni qəbul etsin, bir gün məni. Bu, nəyi dəyişirə Ölkədə bu qədər sosial-iqtisadi çətinliklər var, səhiyyə, təhsil və digər sahələrdə ciddi problemlər hökm sürür. Belə bir vəziyyətdə, mən də oldum müxalifətin lideri. Bu nəyi həll edirə Əslində, müxalifətin lideri olmaq üçün deyil, hakimiyyətə gəlmək, proseslərə təsir riçaqları əldə etmək üçün çalışmaq lazımdır. Çox zaman mitinqlər də daha çox partiyaların müxalifətdəki yerini təsdiq etmək yarışına çevrilir. Baxın, “Mitinqə nə qədər adam gəlibə” polemikası iqtidarla-müxalifət arasında deyil, daha çox müxalifət partiyalarının öz arasında olur. Mitinqə gələn adamların sayı nəyin göstəricisidirə Müxalifətin lideri kim olur olsun, biz buna iddialı deyilik, biz hakimiyətə iddialıyıq. Amma mitinq günlərini eyni salmaq kimi xırda detallar ucuz kompaniyadır və gündəmdə olmaq istəyindən başqa bir şey deyil. Mənim müxalifət lideri olub hansısa səfirlə görüşmək kimi arzum, istəyim yoxdur. O düşüncədən də uzağam ki, Azərbaycanda dəyişiklikləri ABŞ, Avropa və ya hansısa digər xarici ölkə edəcək. Avropa, ABŞ belə dəyişiklik edəndirsə, əsrlərdir əsarətlərində saxladıqları Afrikanı ağ günə çıxarsınlar. Odur ki, özümüzə gün ağlamasaq, bizə heç kim gün ağlamayacaq.

-Müsavat Partiyasından sonra Ağ Partiya ilə siyasətə atıldınız. Belə görünür ki, Qarabağ Komitəsi və Azərbaycan Xalq Hərəkatından sonra başqanı olduğunuz Ağ Partiya kölgədə qalıb.
-Əgər partiya hansısa siyasi bloklara, birliklərə qoşulursa, birmənalı olaraq həmin təşkilatın adı daha çox hallanır. Qərar veriləndə bu da göz önünə alınır. Onsuz da bizim davamız Ağ Partiyanın ölkənin birinci partiyası olması deyil, problemlərin həllidir. Azərbaycan varlı, demokratik olacaq, xalq rifah içində, təhlükəsiz, gözəl yaşayacaqsa, biz partiyanı buraxa da bilərik. Məqsəd üçün çalışmaq lazımdır. Əgər Azərbaycan Xalq Hərəkatı xalqın etirazını təşkil edə biləcəksə, qoy onun adı hallansın, Ağ Partiyanın yox. Qarabağ məsələsində Qarabağ Komitəsi daha efektli olacaqsa, qoy, onun adı çəkilsin. “Ağ Partiya ortada olsun”, deməklə nə olur kiə Bu günə qədər hamımızın adını bildiyimiz partiyalar var, onlar nə ediblərə Odur ki, bizim elə bir kompleksimiz yoxdur.

“Zamanında bir-birinə yumruq atanlar indi bir aradadır”

-Azərbaycan Xalq Hərəkatının İdarə Heyətində təmsil olunanlar ictimaiyətin birmənalı şəkildə qəbul etdiyi şəxslərdirə
-Yox, mən bu iddiada deyiləm. Amma müxalif siyasi camiədə o qədər rəngarənglik, müxtəliflik var ki, zamanında bir-birinə müxalif olanlar, yumruq atanlar indi bir aradadır. Cəmiyətin də hər bir nümayəndəsinin ayrı fikri var. Elə adam var Rəhim Qazıyevi, İsgəndər Həmidovu, Tural Abbaslını qəbul edir, eləsi var etmir. Bu da cəmiyətdə müsbət mənada qıcıq yaradırsa, bunun özü də önəmlidir. Digər tərəfdən biz nə edək ki, başqa kimimiz varə Haradan siyasətçi gətirəkə Bəzən sual verirlər ki, yaşlılarla oturub-durursuz, onları zamanında görmüşük. Deyirəm ki, yalnız gənclər olan başqa siyasi arena varmı ki, onlarla işləyəkə Olanımız budur və biz də məcburuq ki, onlarla işləyək. Bu gün siyasətdə, mediada, QHT sektorunda 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində yetişən gənclərdi. Birdən-birə onların hamısına müharibə elan edə bilmərik axı.

-Gənclər özləri siyasətə gəlmir, yoxsa, həmin o 90-lardan qalanlar gənclərin qarşısını alırə
-Burada hər iki məqam var. Birincisi, gənclər siyasətə gəlmir, çünki perspektiv, inkişaf, gəlir, maraq görmür. Bir gənc müxalifətə gəlib nə qazanacaqə Həbs olunmaq, represiya, təhsil ocağından, işdən qovulmaq təhlükəsi var. Ağlı başında olan gənc bu müxalifətə niyə qoşulsunə Ədalət hissi də artıq yoxdur. Deyir burada ədalət uğrunda həbsdə yatmaqdansa, gedərəm Avropaya. İndi əksər gənclər də elə edir. İkincisi, köhnə nəsil düşünür ki, biz hələ özümüzü realizə etməmişik. O zaman hakimiyətdə cəmi 1 il qaldıq. Dövləti biz qurmuşuq, gerbi, bayrağı bərpa etmişik, parlamenti qurmuşuq. Düşünürlər ki, gənclər kimdir ki, biz yerimizi onlara verək. Əslində təbii olaraq siyasi səhnədə qalmaq uğrunda mübarizə gedir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 6587