hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Aysberq əriyir, yoxsa? - “Əsas odur ki, Azərbaycan bu qarşıdurmanın meydanına çevrilməsin” - Sabiq nazir

Aysberq əriyir, yoxsa? - “Əsas odur ki, Azərbaycan bu qarşıdurmanın meydanına çevrilməsin” - Sabiq nazir

Amerika ilə Rusiya arasında davam edən gərginlik hələlik hərbi müstəviyə daşınmasa da, öz aktuallığını qoruyub saxlayır.

Xüsusən, ABŞ rəhbəri Co Baydenin Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməsi, “Şimal-2” axını layihəsinin dayandırılması istiqamətindəki addımları, rus diplomatlarına sanksiya, Kremlin bu addımları cavabsız qoymayacağını bildirməsi və digər gedişat mövcud gərginliyin asanlıqla aradan qalxmayacağına işarədir.

Lakin bütün bunlarla yanaşı, ABŞ Prezidenti Co Bayden aprelin 22-23-də dünya liderlərinin iştirakı ilə planlaşdırılan onlayn formatda qlobal iqlim dəyişikliyi sammitinə rusiyalı həmkarını da dəvət edib.

Kremlin mətbuat xidmətindən də bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də iqlimlə bağlı sammitdə iştirak edəcək və qlobal iqlim dəyişikliyinin mənfi nəticələrinin qarşısını almağa yönəlik beynəlxalq əməkdaşlığın qurulması kontekstində Rusiyanın yanaşmasını ortaya qoyacaq.

Vladimir Putinin bu sammitə qatılması ABŞ-la Rusiya arasındakı aysberqin tədricən əriməsinə səbəb olacaqmı?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında deyib ki, Amerika ilə Rusiya öz aralarında dil tapmağa məcburdurlar:

“Hesab edirəm ki, ABŞ-la Rusiya bir-birləri ilə dil tapmağa məcburdurlar. Çünki bu iki dövlət arasında müharibə və ya qarşıdurma, xüsusən də hərbi qarşıdurma qəbuledilməzdir. Hamı başa düşür ki, nəyə görə qəbuledilməzdir.

Digər tərəfdən, bu iki dövlət çalışır ki, müəyyən bölgələrdəki dominantlıqlarını bu və ya digər şəkildə ya bir-birlərinə, ya da beynəlxalq əlaqələrin digər partnyorlarına sübut eləsinlər. Bu siyasi proseslər tarix boyu baş verib. Hər halda bu iki dövlət arasında münasibətlərin yumşalacağına ümidli olaq.

Əsas odur ki, Azərbaycan bu qarşıdurmanın meydanına çevrilməsin. Çünki bu, bizim xeyrimizə olmaz. Neytrallıq mövqeyi hər şeydən yaxşı olar. Yəni ehtimal olunan qarşıdurmada tərəf tutmamaq, balanslı siyasət yürütmək, yalnız bizi maraqlandıran məsələlərdə iştirak doğru olardı”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1277