hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Azad edilən doğma kənddə sonuncu ad günü: Füzulidən anasının qucağında çıxan şəhidin Şuşada bitən ömrü - VİDEO+REPORTAJ

Azad edilən doğma kənddə sonuncu ad günü: Füzulidən anasının qucağında çıxan şəhidin Şuşada bitən ömrü - VİDEO+REPORTAJ

27 sentyabrda Ermənistan ordusunun təxribatı ilə başlayan İkinci Qarabağ Müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib.

Bu qələbədə əsgərlərimizin, yüksək rütbəli zabitlərimizin əməyi danılmazdır. Necə deyərlər, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur.

Vətən müharibəsində canından keçən, qanı bahasına torpaqları işğaldan azad edən, döyüşərək şəhid və ay qazi olan igidlərimiz var.

Cebhe.info Füzulidə dünyaya gələn şəhid baş leytenant Məcidzadə Teymurun ailəsini ziyarət edib, ailəsi ilə həmsöhbət olub.

“Teymur 8 aylıq olanda qucağımda Füzulidən çıxdıq”

Şəhid baş leytenant Məcidzadə Teymurun anası Camalova Yasəmən bildirib ki, oğlu döyüşlər başlayandan bəri ruh yüksəkliyi ilə ön xətdə xidmət edib: “Teymur 1992-ci ilin oktyabr ayının 10-da anadan olub. Xətai rayonu 25 saylı orta məktəbi bitirib. Daha sonra İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsinə daxil oldu. Oranı bitirdikdən sonra hərbi xidmətə yollandı. Hərbi xidməti başa vurub gəldikdən sonra isə yenidən hərbiyə sənəd verdi. İkinci təhsil kimi hərbi məktəbi bitirdi və Bakıda N saylı hərbi hissədə tağım komandiri, daha doğrusu leytenant olaraq işə başladı. Oğlum tağım komandiri idi, işini, vəzifəsini, Vətənini, hərbini çox sevirdi. Ümumiyyətlə, sevə-sevə, istəyə-istəyə ikinci təhsil kimi hərbi seçmişdi və işləyirdi. Ayın 27-də müharibənin başladığı ilk gündən də böyük ruh yüksəkliyi ilə döyüşə getdi. Onun heç bir yüngül narahatlığı da yox idi. Dedi ki, tam əminliklə gedirəm döyüşə, torpaqların alınması uğrunda mənim də əməyim, zəhmətim olacaq. Döyüş yoluna Füzuli rayonundan başladı, Cəbrayıl rayonu, Hardrut istiqamətində, yenidən Füzuli, daha sonra Xocavənd, ən sonda Daşaltı, lap sonda isə Şuşa şəhərində qazandığımız qələbədə onun da əməyi oldu. Ayın 9-da qələbəyə saatlar qalanda- heç gün söhbəti də deyildi, saatlar qalanda- şəhid oldu”.

“Bir anlıq unudurdum ki, Teymur şəhid olub...”

Yasəmən xanım qeyd edib ki, oğlunun dəfninə onunla birlikdə xidmət edən qazi dostları da gəlmişdilər: “Qazi yoldaşları gəlmişdilər , onun döyüş xatirələrindən, şücaətlərindən danışdılar. Özüylə bərabər döyüşən dostları var idi, bir günlük gəldilər, sonra yenidən xidmətə qayıtdılar. Onlar oğlumun hərəkətlərindən necə danışırdılar, mən bilmirəm bizim gözümüzdə o, özünü elə aparırdı ki, o cür böyüdüyünü, o cür ürəyə sahib olduğunu bilmirdik. Bilirdim Teymur mərd, qoçaq, namuslu, qeyrətli oğuldur. Öz ailəsini necə sevirdisə, Vətənini, torpağını da o cür sevirdi. Onların danışdıqları o qədər qürur verirdi mənə, o qədər sevinirdim ki, bir anlıq Teymurun şəhid olduğunu unudurdum. Sevinirdim onun hərəkətlərinə. 104 nəfər şəxsi heyəti var idi. Onların özlərinə, hərbiyə aid xəritə var, hansı ki, orada hara getmək, hardan gəlmək lazımdır, hamısı göstərilirdi. Teymur onların hamısını əzbər bilirdi. Teymur türklərlə təlimlərdə də çox fəal iştirak etmiş, fərqlənən hərbçilərdən olmuşdu. Həmin xəritə əsasında 104 nəfər şəxsi heyəti hansısa kanaldan sağ-salamat keçirtmişdi. Onlar özləri də deyirlər ki, biz bu gün yaşayırıqsa, bunu Teymura borcluyuq. Qazi dostu var idi, Teymurun onu ölümdən necə xilas etdiyini danışıb. Deyir ki, mən həyatda yaşayıramsa, Teymura borcluyam. An söhbəti olub ki, onu öz avtomatı ilə çəkib, xilas etmişdi. Oğlan avtomatdan tutmuşdu, Teymur da onu çəkib səngərə atmışdı. Həmin qazi deyir ki, mən ordan xilas olan kimi həmin yeri vurdular”.

“Zabit yoldaşları qışqırırdı ki, komandiri vurdular”

Dostları bildiriblər ki, Teymur heç vaxt ərazidə yaralı və ya şəhid qalmasına imkan verməyib: “Teymur imkan vermirdi ki, şəhid, yaralı hansısa ərazidə qalsın. Təkbaşına çıxarırmış. Özlərinin də məlum hadisə vaxtı yanlarına minemyot düşüb. Həmin o vaxt Teymurun hərbçi yoldaşı xəstə olub. Onu özlərindən ayırıb ki, sən xəstəsən. Ona xüsusi yer hazırlayıb ki, sən dincəl, özünə gəl. Bu vaxt qəlpələr Teymura dəyib. Ağır yaralanıb. Bir neçə saat yaralı qalıb. Yarası çox ağır olub, nə qədər çalışıblarsa, xilas edə bilməyiblər. Həmin vaxt orada yaralanan zabit yoldaşlarından olanlar var idi. Onları da Teymurla bərabər xəstəxanaya gətirmişdilər. Deyirlər ki, onların səsindən dayanmaq olmurdu. Hamısı qışqırırdı ki, komandiri vurdular. Ağlayırmışlar ki, komandiri vurdular”.

“Sonuncu yaşını öz kəndimizdə- Füzulinin Gecəgözlü kəndində keçirib”

Şəhid anası bildirib ki, 28 yaşlı subay oğlu 8 aylıq olanda onlar Füzulidən məcburi köçkün kimi Bakıya köçüblər: “Biz kəndimizdən çıxıb Bakıya gələndə Teymur qucağımda 8 aylıq idi. Teymur 28-ci yaşını, sonuncu yaşını öz kəndimizdə keçirib. Füzuli rayonunun Gecəgözlü kəndində. Həmin o ərazidən mənə zəng vurdu. Bizim ikimizin də ad günü eyni gündədi, oktyabrın 10-da”.

“8 aylıq olanda çıxmısan ordan, tapa bilməzsən evimizi..”

Şəhidin atası Nəcəfov Tehran bildirib ki, oğluyla sonuncu dəfə danışanda öz kəndlərində evlərini axtarırmış: “Kəndimizdən zəng elədi ki, ata, kəndimizə gəlmişəm, burada bir heykəl var, onun yanında durmuşam, bizim ev hansı tərəfdədir?” Bizim ev də həmin yerdən bir az uzaqdadır. Həm də dediyinə görə, ev bünövrədən uçub. Dedim, bu saat mən getsəm, o vəziyyətdə evi tapa bilmərəm, sən 8 aylıq olanda çıxmısan ordan, tapa bilməzsən. Kəndimiz uğrunda da döyüşüb, ordan keçib gedib düz Şuşaya qədər. Kəndimizin alınmağında da fəal iştirak edib. Sonuncu dəfə oktyabrın 30-da danışmışıq. Ən çox anası ilə danışırdı. Mən danışa bilmirdim, həm şəkərim var, həm də kövrəlirdim. Kəndimizdə olanda məni təbrik elədi. Dedi ki, kəndimizi almışam, durmuşam filan yerdə, bura haradır?

Teymur ailədə bir bacı, bir qardaş olublar: “Teymur kimi mərd oğulların sayəsində biz məcburi köçkün adından xilas olunduq. Gələcəkdə də o yerlərə qayıdacağıq, Teymur kimi oğulları yad edəcəyik. Fəxrlə deyəcəyik ki, bu şəhəri bizim mərd oğullarımız alıb”.

“Hamımızın balaca, körpə uşağı idi”

Teymurun xalası bildirib ki, o, hamının sevimlisi idi: “28 yaşı olmasına baxmayaraq, Teymur hamımızın körpə uşağı idi. Təkcə ata, anasının yox, hamımızın belini qırdı. İstərdik ki, qalibiyyətin gözəl dadından o da dadsın. Müharibədən 1-2 gün qabaq məzuniyyətdə idi. Bizə də gəlmişdi, bizdə qalacaqdı. Balaca qardaşım var, o da müharibə veteranıdır, adı Pəhləvandır. Teymur dedi ki, gedirəm dayımgilə, ürəyim dayımı istəyir. Gecəni qaldı onlarda. Bu dünyada heç kim qalmayacaq, amma heç birimiz də onun zirvəsinə çata bilməyəcəyik. Teymur şəhid olub, qürurumuz, fəxrimiz, başımızın tacıdır. 28 yaşında evlənmədi. Deyirdim, xalan sənə qurban, evlən. Deyirdi ki, bir işim qalıb, o da düzəlsin, evlənəcəyəm”.

“Xatirələr bitməz”

Teymurun kürəkəni Əvəzzadə Elnurun sözlərinə görə, xatirələr nə qədər danışılsa da, bitən deyil: “Deyib- gülən idi. İdmanı, əsas da futbolu çox sevirdi. İşdə olanda zəng edirdi ya anasına, ya da dostlarına. Soruşurdu ki, futbolda hansı komanda oynayır, hesab necə oldu? Teymurun 2 bacısı uşağı var. Onları da idmana yönəldib”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 12123

Bizim Telegram səhifəmizi izləyin