hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Azərbaycan qazı üçün tarixi şans: Təzyiqlər imkanı artırır

Azərbaycan qazı üçün tarixi şans: Təzyiqlər imkanı artırır

Avropa İttifaqı “Şimal axını 2” layihəsindən imtina edir.  Avropa Parlamentinin Strasburqdakı plenar sessiyasında Avropa İttifaqı ilə Rusiya Federasiyasının siyasi münasibətləri barədə qətnamə qəbul edilib. Sənəddə “Şimal axını 2” layihəsini dayandırmaq, fərdi sanksiya tətbiqi üçün səlahiyyətləri genişləndirmək, Rusiyanın maliyyə və texnologiyaları əldə etmək imkanını məhdudlaşdırmaq və bu ölkəni artıq strateji tərəfdaş hesab etməmək təklifləri yer alır.

Qeyd olunur ki, “Şimal axını 2” layihəsi Avropa İttifaqının Rusiya təbii qazından asılılığını artırır, Aİ daxili bazarına təhdid yaradır, Aİ enerji siyasətinə və ya strateji mənafeyinə uyğun gəlmir. Qətnamədə adıçəkilən layihəni dayandırmağın zəruri olduğu bildirilir.  Rusiyanın bundan belə strateji tərəfdaş hesab edilməyəcəyi diqqətə çatdırılır.  Göründüyü kimi, Rusiya üçün vacib iqtisadi layihələrdən biri olan “Şimal axını 2” layihəsinin perspektivi sual altına düşür.

Qeyd edək ki, hazırda Şərqi Avropa qazı əsasən "Qazprom”dan alır. Avropaya qaz ixracatçıları arasında "Qazprom”un payı 43 faiz təşkil edir. Rusiya qazından imtina ediləcəyi, həmçinin “Şimal axını 2”-nin dayandırılacağı təqdirdə Avropa İttifaqı hansı alternativ imkanlara üstünlük verə bilər? Avropa Azərbaycanın da iştirakçısı olduğu, Rusiyanın qısqanclıqla yanaşdığı “Cənub Qaz Dəhlizi” layihəsinə üstünlük verə bilərmi?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Avropa artıq alternativ layihələr üzərində düşünür: “Azərbaycanın əsas iştirakçısı və moderatoru olduğu “Cənub  Qaz Dəhlizi” layihəsi Avropanın prioritetidir. Bu, Avropanın “Şimali axını 2”-yə alternativ olaraq gördüyü layihələrdən biridir. Bununla bağlı Azərbaycana həm maliyyə - yəni, kreditlər vasitəsilə, həm də siyasi dəstək göstərilir. Bu məsələdə problem ondan ibarətdir ki, Azərbaycanın qaz ehtiyatları həddindən artıq azdır. Gələn ildən Avropaya satacağımız qazın həcmi 10 milyard kubmetr olacaq ki, bu da qitə ölkələrinin ehtiyacları üçün çox cüzi rəqəmdir. Bu, Avropa ehtiyaclarının təqribən 0,5 faizini təşkil edəcək. Təkcə Macarıstanın illik qaz tələbatı isə 11 milyard kub metrdir”.

Bununla belə iqtisadçı  deyir ki, “Cənub Qaz Dəhlizi” layihəsinin perspektivləri var: “Bura Türkmənistanın,  gələcəkdə İraqın, hətta İsrailin də qaz yataqlarının qoşulma məsələsi müzakirə olunur.  İrana qarşı sanksiya məsələsi aradan qalxsa, gələcəkdə bu ölkənin də  qoşulması məsələsi müzakirə olunur. Bu da ötürüləcək qazın həcmini 3,5 dəfə artıra, təqribən 35 milyard kub metrə qədər qaldıra bilər. Bu isə Avropa İttifaqı ölkələri üçün kifayət qədər ciddi bir rəqəm sayılır. Ona görə də hesab edirəm ki, gələcəkdə “Cənub Qaz Dəhlizi” layihəsinə Avropa İttifaqı tərəfindən daha çox diqqət ayrılacaq. Yaxın gələcəkdə əsasən Türkmənistanın “Trans-Xəzər” qaz kəməri vasitəsilə Azərbaycana birləşdirilməsi ən çox müzakirə olunan məsələlərdən birinə çeviriləcək”.

Natiq Cəfərlinin fikrincə, “Şimal axını 2” layihəsinin gələcəyi sual altındadır: “Baxmayaraq ki, Avropada onun tərəfdarları da var. Məsələn, Almaniya bu layihənin tərəfdarıdır. Çünki alman şirkətləri bu qaz layihəsinin çəkilməsində aktivdir,  yaxşı da maliyyə əldə edirlər. Həm də həmin qaz kəməri Almaniya ərazisindən daxil olacaq deyə, Almaniya qazpaylayıcı ölkəyə çevriləcək. Bu da Almaniya üçün kifayət qədər sərfəli bir məsələ olacaq. Buna görə də Almaniya çalışacaq ki, Rusiyaya təzyiqlər etməklə bu layihənin həyata keçirilməsinə nail olsun. Amma görünən odur ki, həm ABŞ, həm də Avropa İttifaqı ölkələrinin böyük əksəriyyəti bu layihənin əleyhinədir. Rusiya tərəfindən ciddi güzəştlər olmasa, layihənin reallaşması sual altına düşəcək”.

Ekspert deyir ki,  Avropa “Cənub Qaz Dəhlizi” layihəsinə üstünlük verərsə, bu, Azərbaycana iqtisadi dividentlər gətirəcək: “Bizim onsuz da Avropa İttifaqına qaz satmaq fikrimiz var. Yəni, bu 10 milyard kub metr qaz satılacaq. Amma Azərbaycanın üzərindən keçməklə Türkmənistan, İraq, İsrail qazının TANAP və TAP-a qoşulması ölkəmizə həm iqtisadi dividentlər gətirəcək - yəni, tranzit gəlirlərini, həm də ölkəmizin  siyasi çəkisini artıracaq və Avropa İttifaqı ölkələri  ilə münasibətlərdə yeni bir mərhələnin başlanğıcı olacaq”.

Bəs Rusiyanın “Şimal axını 2” layihəsinə alternativ olan təminatçılara münasibəti necə olacaq?

İqtisadçı deyir ki, onsuz da son zamanlar Rusiya ilə Azərbaycan arasında Moskva  tərəfindən qaynaqlanan müəyyən gərginlik hiss olunur: “Rusiya tərəfindən tez-tez verilən bəyanatlar, sərhəd keçid məntəqələrində Azərbaycan mallarının buraxılmasına çətinliklərin yaradılması təzyiqin bir növüdür.  Rusiyadan bu təzyiqlər getdikcə arta bilər. Azərbaycan çalışmalıdır ki, Rusiya ilə problemlərin həllini Avropa İttifaqı ölkələri öz üzərinə götürsün. Yəni, özünü Rusiyanın təzyiqlərindən sığortalasın. Bu da çox vacibdir, çünki Rusiya bizim şimal qonşumuzdur və onun atdığı addımlar daim ətraf ölkələr üçün təhlükə mənbəyinə çevirilir. Hesab edirəm ki, bu yolla Rusiyadan gələn təzyiqləri neytrallaşdırmaq olar”.

Xatirə Nəsirova

Cebhe.info


Oxunma sayı: 2933