hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Azərbaycan-ABŞ münasibətləri: Ag Evin Qarabağ planı nədir? - BİZİM TƏHLİL

Azərbaycan-ABŞ münasibətləri: Ag Evin Qarabağ planı nədir? - BİZİM TƏHLİL

ABŞ Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına yardım göstərmək istəyir.

Bu barədə ABŞ Dövlət katibinin müavini vəzifəsini icra edən Filip Riker Bakıya rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

“ABŞ Ermənistanla Azərbaycan arasında sərhəddin demarkasiyasına necə kömək edə bilər” sualının cavabında Riker deyib ki, sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir.

Bu həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır.

Ancaq cənab Riker texniki yardımın detallarını açıqlamayıb. Qeyd edək ki, ABŞ-ın sərhədlərin müəyyənləşməsi ilə əlaqədar Azərbaycana və Ermənistana kömək təklifi ABŞ hökuməti tərəfindən rəsmi səviyyədə bundan əvvəl də səsləndirilib.

Mayın 27-də Dövlət Departamentinin sözçüsü Ned Prays da ABŞ-ın sərhədlərin demarkasiyası prosesində iştirak etmək etmək niyyətində olduğunu bildirmişdi.

“Sərhədin müəyyənləşdirilməsində güc tətbiq edilməsini rədd edirik və hər iki tərəfi əvvəlki mövqelərinə qayıtmağa və sərhədsiz sərhədlərin möhkəmləndirilməsini və mədənçiliyi dayandırmağa çağırırıq. ABŞ bu səylərə kömək etməyə hazırdır”, - deyə Ned Prays bəyan edib.

İlk dəfə isə bu məsələni mayın 19-da “Azadlıq” radiosuna müsahibəsində ABŞ Dövlət katibinin sabiq müşaviri Pol Qobl gündəmə gətirmişdi. O, hesab edir ki, sərhədlərin demarkasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında aparılan müzakirələrdə Rusiyanın vasitəçilik səyləri müsbət nəticə verməyəcək. Bu məsələdə amerikalı mütəxəssislər tərəflərə daha yaxşı kömək edə bilər.

“Ermənistan düşündü ki, Rusiyanın köməyindən istifadə etməkdən başqa yolu yoxdur. Hesab edirəm ki, Azərbaycan sərhəd məsələsində kömək etmək üçün ABŞ hökumətinə müraciət edə bilər. ABŞ Dövlət Departamentində geoqrafiya şöbəsi var. Orada dövlət sərhəddinin delimitasiyası və demarkasiyası üzrə mütəxəssislər var. Onlar bu sahədə danışıqların aparılması üzrə peşəkardır.

Azərbaycan ABŞ-dan köməklik istəsə, bunu qısa zamanda ala bilər. Bu prosesləri daha da sürtətləndirə bilər. Bu, çətin prosesdir. Tərəflərin xəritəni dəqiqləşdirmək üçün texniki dəstəyə ehtiyacı var. Nə Azərbaycanın, nə də Ermənistanın belə bir təcrübəsi yoxdur. Bu zaman böyük bir təhlükə ortaya çıxır. Rusiya öz xəritələrindən istifadə etməyə çalışacaq. Sual yaranır ki, hansı xəritədən? Çünki Sovet dövründə iki xəritə olub”, - Pol Qobl delə deyib.

Rəsmi Vaşinqtonun son diplomatik fəallığı İkinci Qarabağ müharibəsindən sonra regiondakı proseslərdən demək olar ki, kənarlaşdırılan ABŞ-ın məqsədinin itirdiyi mövqeləri geri qaytarmaq olduğunu göstərir. Hazırda bölgədəki vəziyyətin idarə olunmasında əsas söz sahibi kimi Rusiya və Türkiyə aparıcı yer tutur. Eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinin deaktivasiya olması ABŞ-ın oyundan qalmasında əlavə rol oynayıb.

Lakin Bayden administrasiyası mövcud vəziyyətlə, ilk növbədə isə Rusiyanın regionda geosiyasi və hərbi üstünlüyünün artması ilə barışmaq istəmir. Ona görə də postmünaqişə dövrünün əsas aktorlarından birinə çevrilmək üçün ABŞ müxtəlif taktiki vasitələrə əl atır.

Rəsmi Vaşinqtonun həm Minsk qrupunun həmsədri kimi, həm də sərhədlərin demarkasiyası ilə bağlı vasitəçilik təklifi regiondakı geosiyasi mövqelərini gücləndirməyə xidmət edir.

Sərhədlərin müəyyənləşməsi ilə bağlı məsələnin texniki tərəflərinə gəlincə, ABŞ-ın yardımına dair yanaşmalar ziddiyyətlidir. Bəzi ekspertlər bunun sırf siyasi məqsəd daşıdığını və rusiyalı kartoqrafların ərazini amerikalılardan daha yaxşı tanıdığını bildirir.

Çünki Azərbaycan-Ermənistan sərhəddinə dair bütün topoqrafik xəritələr SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən hazırlanıb. Lakin Rusiyanın bölgədə konkret siyasi maraqları var. Üstəlik, rəsmi İrəvanın iddia etdiyi Azərbaycanın bir sıra əraziləri məhz Rusiyanın varisi olduğu SSRİ-nin qərarı ilə Ermənistana verilib. Ona görə də rəsmi Moskvanın vasitəçi tərəf kimi verdiyi təklif Azərbaycanın və Ermənistanın maraqlarına toxuna bilər. ABŞ isə yüksək peyk texnologiyasına və kəşfiyyat məlumatlarına malik olan tərəf kimi bu prosesdə öz vasitəçiliyini təklif edə bilər.

Ancaq Ned Praysın bu yaxınlarda verdiyi açıqlama Filip Rikerin təşəbbüsünün heç də Azərbaycanın maraqlarına cavab vermədiyini göstərir. Prays bəyan edib ki, ABŞ həmçinin Ermənistan və Azərbaycan qüvvələrini mayın 11-dən etibarən öz mövqelərinə qayıtmağa çağırır. Azərbaycan və Ermənistanın beynəlxalq sərhədinin ayrılmamış hissələrində baş verəcək hərəkətləri lazımsız və təxribat kimi qəbul edir. Əslində, Ned Praysın mesajının məhz Azərbaycana ünvanlandığını görmək olar. Çünki mayın 13-dən etibarən Qaragöl istiqamətində sərhəd postları quraşdırmaq məqsədilə ilk irəliləyən tərəf Azərbaycan olub.

Bu, həmçinin ABŞ hökumətinin Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirmək təklifinə dəstəyi kimi başa düşülə bilər. Qeyd edək ki, Paşinyan Azərbaycanın və Ermənistanın sərhəddən qoşunları geri çəkməsini və həmin ərazidə beynəlxalq müşahidəçiləri yerləşdirmək təklifini irəli sürüb. Bununla da rəsmi İrəvan neytral zona adı altında Azərbaycanın müharibədən sonra Kəlbəcərdən Zəngilanın cənubunadək Ermənistanla sərhəddə qurduğu yeni postların ləğv edilməsinə, Laçın və Kəlbəcər istiqamətində yüksəkliklərə, eləcə də Gorus-Qafan yolunun 21 kilomterlik hissəsinə və Şurnux kəndinə nəzarəti ələ almağa çalışır.

Ermənistan bu planı reallaşdırmaqla Qazax rayonun işğal altındakı kəndlərinin neytral zonada qalmasına və həmin əraziləri qaytarmamağa cəhd edir. Beynəlxalq müşahidəçilər adı altında ABŞ və Fransa qüvvələrinin ərazidə yerləşdirilməsi isə rəsmi Vaşinqtonun maraqlarına cavab verir. Ona görə də Filip Rikerin Bakıya səfəri zamanı demarkasiya prosesinin keçmiş SSRİ çərçivəsində həllini təklif etməsi çox güman ki, Azərbaycanı və Rusiyanı arxayın salmağa hesablanıb.

Vaşinqtonun texniki yardımı isə daha çox Paşinyanın planına uyğun gəlir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6282