hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Azərbaycan bazarında kimlər “at oynadır”?

Azərbaycan bazarında kimlər “at oynadır”?

Azərbaycan çox təəssüf ki, qeyri-neft məhsulları üzrə əsasən idxaldan asılıdır. 

Bu da demək olar ki, əksər sahələrdə ticarət balansının mənfi olması ilə nəticələnir. Qeyd edək ki, gömrük orqanlarının məlumatlarına görə, 2019-cu ilin yanvar-iyul aylarında hüquqi və fiziki şəxslər tərəfindən dünyanın 177 ölkəsində ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən idxal olunub. 

Xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 932,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 milyard 499,1 milyon dollar, idxalın dəyəri 8 milyard 433,7 milyon dollar təşkil edib. Nəticədə 3 milyard 065,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə isə 6,0 faiz, o cümlədən idxal 15,6 faiz, ixrac1,2 faiz artıb.

İxracın 30,1 faizini İtaliyaya, 12,2 faizini Türkiyəyə, 6,1 faizini İsrailə, hər biri 5,6 faiz olmaqla Hindistan və Çinə, 4,9 faizini Almaniyaya, 3,8 faizini İspaniyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Çexiyaya, 3,3 faizini Fransaya, 3,1 faizini Gürcüstana, 2,4 faizini Portuqaliyaya, 2,2 faizini Ukraynaya, 13,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,1 faizi İsveçrə, 14,0 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,6 faizi Çin, 6,7 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi Kanada, 3,8 faizi İran, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, 2,0 faizi Fransa, 1,7 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb. 

Bəs, Azərbaycan bazarında konkret sahələr üzrə hansı ölkələrin idxalı dominatlıq təşkil edir? 

İqtisadçı Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, yüngül sənaye məhsulları üzrə Azərbaycan bazarında Çin, Türkiyə və İran dominatlıq edir:

“Burada Çin Xalq Respublikasının çəkisi kifayət qədər böyükdür. Son zamanlar yüngül sənaye məhsulları üzrə Çin idxalı 30 faiz, Türkiyənin idxalı 20 faiz, İranın idxalı isə 8-9 faiz yer tutur. Bu göstəricilər müxtəlif illər və müxtəlif mövsümlərdə dəyişir. Bəzən Çinin, bəzən Türkiyənin, bir sıra hallarda isə İranın idxalı çoxalır, amma əsasən Azərbaycanın yüngül sənaye bazarında əsasən bu üç ölkə hegomonluq edir. Türkiyə və İran həm də Azərbaycanın ərzaq bazarında, xüsusilə kənd təsərrüfatı məhsulları bazarında böyük paya malik olan ölkələrdir. Bu sahədə Gürcüstanın da payı böyükdür. Təbii ki, digər region ölkələrindən də payı var”.

İqtisadçı deyir ki, qonşu ölkə olan Rusiya Azərbaycanın idxal bazarında mühüm rol oynamır: 

“Buna səbəb Rusiyanın istehsal göstəricilərinin aşağı olması, eləcə də özünün həm qida, həm də yüngül sənaye məhsullarına ehtiyacının böyük olmasıdır. Son dövrlər bir sıra sənaye məhsulları, xüsusilə məişət texnikasının ixraacatı ilə bağlı Rusiya Azərbaycan bazarında öz payını yüksəldə bilib - bu rəqəm təxminən 26-27 faizə çatıb. Buna baxmayaraq, bu göstərici Türkiyə ilə təqribən paralellik təşkil edir. Rusiya Azərbaycanın avtomobil bazarında da müəyyən paya malikdir. Amma Rusiya Azərbaycanın avtomobil idxal etdiyi əsas ölkənin Rusiya olmasına baxmayaraq, bu avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Buna görə də Rusiya Azərbaycan bazarında dominatlığını qoruyub saxlaya bilmir”.

Azərbaycanın ixracaatına gəldikdə, Razi Abbasbəyli qeyd edir ki, Azərbaycanın neft və neft məhsulu ixrac etdiyi ölkələr, əsasən, Avropa, Qara Dəniz ölkələridir. Rusiyanın ərzaq bazarında da Azərbaycanın payı kifayət qədər böyükdür: 

“Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas idxalçısı Rusiyadır. Kənd təsərrüfatı məhsulları üzrə Rusiyaya olan ixrac ümumi ixracın 40 faizindən çoxunu təşkil edir. Bundan başqa son dövrlər Çindən Azərbaycana idxal olunan kiçik elektron avadanlıqlarının Rusiyaya ixraacatında da yüksəliş var. Bu da Azərbaycanın strateji magistral mövqeyi ilə əlaqədardır. Eləcə də bu amil Çindən, İrandan Azərbaycana idxal olunan məhsulların Rusiya bazarına çıxarılmasına şərait yaradır.  Türkiyə və Gürcüstanın daxili bazarlarına isə neft və neft məhsulları ixrac edilir. İrana ixraacatımız isə çox aşağı səviyyədədir”. 

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1332