hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycan beynəlxalq məhkəmədə uda bilər: "Başqa ölkələrdən vəkillər cəlb olunmalıdır ki..."

Azərbaycan beynəlxalq məhkəmədə uda bilər: "Başqa ölkələrdən vəkillər cəlb olunmalıdır ki..."

Xəbər verildiyi kimi, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Məhkəmə Reqlamentinin 39-cu qaydasına əsasən, Ermənistana qarşı təminat tədbirlərinin tətbiq edilməsi barədə Azərbaycan tərəfindən vəsatət alıb.

Azərbaycan Avropa Məhkəməsi qarşısında bir neçə əsas tələblə çıxış edib. Belə ki, Azərbaycan Avropa Məhkəməsindən Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycanın yaşayış məntəqələri, ictimai binalar, qəbiristanlıqlar və digər mülki obyekt və infrastrukturun raket, eləcə də mərmi atəşinə tutulmasına son qoyulmasını Ermənistanın öhdəsinə qoymağı xahiş edib.

Azərbaycan həmçinin ölkənin işğal olunmuş ərazilərində kriminal avtoritetlərə hərbi, siyasi, maliyyə və ya hər hansı digər dəstəyin dayandırılmasını zəruri hesab edir. Bundan başqa, Azərbaycan Avropa Məhkəməsindən Azərbaycanın suveren ərazisinə hərbi qüvvələrin, silahların və muzdluların göndərilməsinə son qoymağı, Azərbaycan ərazisindəki qeyri-leqal hərbi qüvvələrini və texnikasını çıxarmağı, həmçinin Azərbaycana və onun vətəndaşlarına nifrət siyasətindən əl çəkməyi Ermənistanın öhdəsinə qoymağı xahiş edib.

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, Avropa Məhkəməsinin bugünkü qərarından və nəticəsindən asılı olmayaraq, belə müraciətlər davamlı olmalıdır:

“Hazırda Avropa Məhkəməsində bu müraciətlərin dərhal araşdırılması inandırıcı deyil. Çünki qarşılıqlı ittihamlar var. Yəni Ermənistan da oxşar iddialar irəli sürür. Hər halda Avropa Məhkəməsindən hər iki tərəfə ümumi çağırış olacaq. Amma bu, o demək deyil ki, bu cür müraciətlər davamlı olmamalıdır. İndiki mərhələdə bunu etməliyik. Çünki faktiki olaraq Ermənistan bunu edir. İstənlən halda bu məsələlər üzrə böyük araşdırmalar gedəcək. Müraciətlərin böyük əksəriyyəti daha çox gələcəyə ünvanlanmış məsələdir”.

Vəkil sözügedən məsələdə beynəlxalq vəkillərə müraciət etməyin vacibliyini qeyd edib:

“Bu günə qədər nə Azərbaycanın, nə də Ermənistanın beynəlxalq məhkəmədə iş aparması ilə bağlı təcrübəsi var. Ona görə də beynəlxalq vəkillərə müraciət etmək çox vacibdir. Oxşar işlərə Avropa Məhkəməsinin pleniumunda baxılır. Belə təcrübə var. "Çıraqov Ermənistana qarşı", "Sarkisyan Azərbaycana qarşı" işə pleniumda baxılmışdı və mən o iclasda iştirak etmişdim. Hər iki tərəfdən milli vəkillər yox idi. Sadəcə, dövlət bu sahədə mütəxəssisləri vəkil qismində dəvət etmişdi. Amma indiki işin ağırlığı o qədər çətindir ki, buna hər vəkilin gücü çatmaz.

Beynəlxalq məhkəmələrdə vəkilin şəxsiyyəti, onun bir mütəxəssis kimi tanınması böyük rol oynayır. Biz bunu həmin məhkəmə prosesində gördük. Yəni mütəxəssisin şəxsiyyəti uduşun 90 faizi deməkdir. Ona görə də mən təklif etmişəm ki, indidən beynəlxalq vəkillərə müraciət edək. Çünki bilirəm ki, ermənilər artıq bu barədə müraciət ediblər. Sonra gecikə bilərik. Niyə biz İngiltərədə fəaliyyət göstərən “EHRAC” , “Amnesty İnternational” təşkilatlarından istifadə etmirik? “EHRAC” təşkilatı Çeçenistanda törədilmiş qırğınlara görə Rusiyaya qarşı Avropa Məhkəməsində onlarla iş udmuşdu, bir sözlə, Rusiyanı diz üstə oturtmuşdu. O təşkilat hüquq müdafiə təşkilatıdır. Kim bu təşkilata müraciət edirsə, onlarla əməkdaşlıq edirlər və qurum müraciətçinin milliyyətinə, dni və mövqe mənsubiyyətinə baxmır. Həmin təşkilatlar bizə dostdur. Sadəcə, onlarla işləmək lazımdır. Qeyd edim ki, təkbaşına biz bu işin öhdəsndən gələ bilməyəcəyik.

Baxın, hazırda supergüclər bizə təsir edir. Çünki bəzi beynəlxalq təşkilatlar həmin supergüclərə təsir edir ki, bizə təzyiq göstərilsin. Biz də bu gücləri neytrallaşdırmaq üçün həmin təşkilatlarla işləməliyik. Düşünürəm ki, bu gün biz bu məsələdə gecikirik. İlk növbədə beynəlxalq təşkilatlarla əlaqə saxlamalı və onları ölkəyə dəvət edərək, materiallarımızı təqdim etməklə öz xeyrimizə işlətməliyik”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1772

Bizim Telegram səhifəmizi izləyin