hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Azərbaycan da bu görüşü gözləyir: Bazarda nə dəyişəcək?

Azərbaycan da bu görüşü gözləyir: Bazarda nə dəyişəcək?

Rusiyanın neft şirkəti "Qazprom" rəhbərlərindən Aleksandr Dyukov, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında neft hasilatının azaldılması müqaviləsinin uzadılmasının neft qiymətlərini 55- 65 dollar səviyyəsində sabitləşdirəcəyini bildirib.

Aleksandr Dyukov bu ay başa çatacaq OPEC ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında müqaviləyə dair prosesləri qiymətləndirib. Müqaviləyə tərəf ölkələr arasında danışıqların davam etdiyinə işarə edən Dyukov, "Tərəflər böyük ehtimalla yeni bir razılaşmaya gələcək və ya hər bir halda, mövcud müqavilə davam etdiriləcək",- deyib.

Müzakirələrin hasilatın həcminə dair vurğulayan Dyukov, "Hasilat bir qədər də artırıla və ya azaldıla bilər, ancaq məncə bunun artıq əhəmiyyəti yoxdur. Müqavilənin uzadılması neft qiymətlərini 55- 65 dollar səviyyəsində saxlayacaq"- deyib.

Maralıdır, OPEC-in müqaviləni uzatması gözləniləndirmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, ötən il Rusiya Mərkəzi Bankı neqativ senari kimi neftin qiymətinin 40 dollar olacağını proqnozlaşdırırdı, ancaq heç bir proqnoz özünü doğrultmur: “OPEC-in neft hasilatının azaldılmasına dair müqavilənin müddəti iyunun 30-da bitir. Artıq 2019-cu ilin dekabr ayının 31-nə qədər uzadılması ilə bağlı növbəti qərar gözlənilir. Müqavilə ilin sonuna qədər uzadıla bilər, eyni zamanda şərtlər də dəyişilə bilər. Şərtlərin dəyişilməsi deyəndə ölkələr üzrə kvotanın dəyişilməsi nəzərdə tutulur. Artıq İraqın 4.82 milyon barel gündəlik neft hasilatı var, demək olar ki, dünyanın dördüncü neft hasilatçısına çevrilir. Digər tərəfdən, Səudiyyə Ərəbistanı öz təşəbbüsü ilə 10 milyon bareldən aşağı neft hasil edib. Yəni görünən odur ki, müqavilə üzrə bir çox nüanslara yenidən baxıla bilər. Hansı ki, 2018-ci ilin dekabrında onlar bazarda mövcud deyildi”.

Ekspert hesab edir ki, İrana tətbiq olunan sanksiyalar səbəbindən onun kvotasının azaldılması yeni görüşdə müzakirə obyekti ola bilər: “Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İranın bazardan çıxarılan neft həcmlərini öz üzərlərinə götürüblər. Ancaq digər ölkələr də var ki, onlar bu həcmlərin ödənilməsində öz kvotalarına uyğun payla iştirak etmək istəyirlər. Artıq iyun ayının ortalarından başlayaraq müxtəlif bəyanatlar səsləndirilir. Hesab edirəm ki, bu bəyanatlar bazar iştirakçıları üçün yaxşı bir siqnal olacaq. Analoji bəyanatlar iyul ayının əvvəlindən də intensiv xarakter alacaq və neftin qiymətlərinin 65 dollar ətrafında bərqərar olmasına səbəb olacaq. May ayının sonundan neftin qiyməti 60 dollar istiqamətində dreyf etdi. İranın dünya bazarına çıxardığı 1 milyon barel neft həcmləri aşağı həddə düşəndən sonra yarana bilən risklər götürüldü. Bazar gördü ki, bu həcmlərin bazar üçün hansısa bir təhlükəsi yoxdur. Buna görə də əvvəldən neftin qiymətinə qoyulan risklər götürüldü və qiymət bazarda real dəyərini tutdu. Yəni neft 60-61 və ya 62 dollar qiymətlər koridorunda sabitləşdi. Hazırda bazara pozitiv siqnalların verilməsi neftin qiymətinin bir qədər artımına təkan verə bilər”.

İranın OPEC-də qalmasının əhəmiyyəti varmı?

İlham Şaban qeyd edib ki, İran İslam İnqilabından sonra uzun müddət sanksiyalar altında yaşamağa adət etmiş bir ölkədir: “Ancaq hazırda İran sanksiyaların ən dəhşətli dövrünü yaşayır. OPEC-də qalıb-qalmamaq İran hökumətinin öz qərarından asılıdır. Əgər İran öz ehtiyatlarına və hasilatlarına uyğun həcmləri ixrac etmək imkanında deyilsə, onda onların OPEC-də qalmasının mənası yoxdur. Məlumdur ki, OPEC-də neft ixrac edən ölkələr üstünlük təşkil edir. Sadəcə olaraq, İranın bu təşkilatdan siyasi platforma kimi istifadə edib öz sözlərini demək şansları var. Bundan başqa, İranın OPEC-də qalmasının əhəmiyyəti yoxdur”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1420