hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Azərbaycan futbolunu kimlər məhv edir?

Azərbaycan futbolunu kimlər məhv edir?

Futbol dövlətin ideoloji siyasətinin əsas istiqamətlərindən birinə çevrilməlidir.

Biz istəsək də, istəməsək də, futbol sosial-iqtisadi, ideoloji-siyasi amil kimi həyatımızda öz işini görür. Bəs biz bunun məsuliyyətini dərk edirikmi? Əsla! Futbolu Azərbaycan dövlətinin inkişafına hesablanan ideoloji faktorlardan birinə çevirə bilmişikmi? Qətiyyən! Bir çoxları futbolu sadəcə idman hadisəsi kimi dəyərləndirir. Amma tarix başqa tablolarla bizləri üz-üzə qoyur: futbol böyük siyasətin ən önəmli motorlarından biridir.

Təbrizin futbol komandası “Traktor” İranda yaşayan Azərbaycan türklərinin milli kimlik simvoludur. “Traktor” təkcə futbol klubu deyil, o, həm də türk dövlətlərinin birliyinin yaradılması üçün əsas ideoloji mayakdır.

Katalan dili İspaniyada qadağan olunduqdan sonra Kataloniyanın Barcelona klubunun azarkeşləri stadionda katalanca milli şüarlar səsləndirirdilər. Klub İspaniyada milli mübarizənin və Kataloniyanın müstəqilliyinin ən vacib və həlledici atributlarından biri idi. “Royal Martı”nın səslənməsi, daha sonra isə İspaniya dövlət himninin oxunmasından imtina bütün dünyaya səs salmışdı. “Əgər dülgər, siyasətçi, həkim, müəllim siyasi fikirləni açıq şəkildə ifadə edə bilirsə, futbolçular niyə etməsin?” devizi on illər boyu futbol klublarının siyasi çalarlarına xüsusi rəng qatmışdı.

Mən “futbolçular siyasətlə məşğul olsun” demirəm, amma Azərbaycanda futbolçuların siyasətin və korrupsiyanın qurbanına çevrilməsinin də əleyhinəyəm.

1970-ci ildə FİFA dünya çempionatının Argetinada keçirilməsi ilə bağlı qərar verəndə nələr baş vermədi? Ölkə problemlər məngənəsində boğulurdu, inflyasiyasının ən yüksək göstəricisi (600%) məhz Argentinada qeydə alınmışdı və ölkəni idarə edən şəxslər “Dünya Çempionatını həm xalqı, həm də dünyanı təsirləri altına almaq üçün səhnəyə qoyulan görkəmli bir teatr kimi görürdülər”. Diqqət yayınmalı, xalq və dünya Argentinanı başqa cür tanımalı idi.

Azərbaycan futbolu hansı durumdadır?

Azərbaycanda vaxtilə “Kəpəz” “Neftçi” kimi güclü və uğurlu futbol klubları olub. Region futbolu özünün müəyyən inkişaf mərhələsini də keçmişdi. Bakı futbolu da məhz region futbolu hesabına daha güclü idi. Bəs indi vəziyyət necədir? Ağdamın “Qarabağ” futbolu klubunu çıxmaqla, sanki ölkədə futbol yoxdur.

- Beynəlxalq turnirlərdə heç bir komandamız söz deyə bilmir, milli komanda isə uğurlu nəticələrdən kilometrlərlə uzaqlıqdadır

- Bahalı xarici məşqçilər üçün bu qədər pul xərclənib, ancaq ortada nəticə yoxdur

- Futbolla bağlı ictimai müzakirələr sıfırın altındadır

- Milli futbolun reytinqi dözülməz həddədir

- Köhnə veteran futbolçular sus(durul)ublar

- Futbolda korrupsiya hökm sürür

- Hakimlər institutu məhv edilib

- Milli futbolun nüfuzlu simaları pulla ələ alınıb

Sanki kimlərsə məqsədyönlü şəkildə futbola olan ictimai marağı, xalqın futbola olan inamını, ictimai müzakirələri məhv edir. Premyer Liqada 18 futbol klubu təmsil olunurdu, indi isə bunu sayı cəmi 8-dir.

Azərbaycan futbolunu ayağa qalxmağa kim qoymur?

Azərbaycan futbolunun ən böyük problemi monopoliya sahəsinə çevrilməsidir. Bu monopoliyanın da başında duran şəxs AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.

Milli komandalarımızın uğursuz çıxışları ilə bağlı özünə yönələn tənqidi suallara E.Məmmədov həmişə bu şəkildə cavab verməklə işini bitmiş hesab edir: “AFFA rəhbərliyi, işçiləri futbol oynamır. AFFA-nın funksiyası odur ki, şərait yaratsın, yəni infrastruktur, təlim-məşq toplanışları, digər texniki-inzibati işlər, turnir və liqaların təşkili, maliyyə təminatı və s. Meydançada isə artıq futbolçular oynayırlar”.

Yəqin ki, hörmətli Elxan müəllim yəqin qəbul edər:

Birincisi, bu günə qədər ölkə futboluna ayrılan pulların əsas hədəfi peşəkar futbolçular yetişdirmək, uğurlu komandalar hazırlamaq və ölkə futbolunu inkişaf etdirmək olub. Yalandırmı? Amma bu hədəfə çata bilmədik, belə olacaqdısa, o zaman pullar niyə göyə sovruldu? Yox əgər, nəticənin belə olacağını əvvəldən bilmirdinizsə, o zaman 14 ildir AFFA-da nə gəzirsiniz? İnzibati məsələləri - infrastrukuru, texniki məsələləri önə çəkməklə məsuliyyətdən yayınmaq olmaz. Nə olsun, Azərbaycan səhiyyəsində də ən müasir tibbi avadanlıqlar var, amma başda məmurlar olmaqla, bütün imkanlı adamlar müalicə olunmaq üçün xarici dövlətlərə üz tuturlar, heç bir sadə vətəndaş da səhiyyəmizə inanmır. Eynən Azərbaycan futbolunun perspektivinə inanmadığı kimi.

İkincisi, jurnalistin klaviaturasını əlindən alıb, barmaqsız, zehinsiz yazı yazmağa məcbur etmək nədirsə, futbolçunun mənən şikəst edilərək meydana buraxılması da eyni şeydir. Nəticə dəyişməyəcək. Futbolun fəlsəfəsini öyrənməyən futbolçu qapıdan top keçirə bilməz. Bunu da siz öyrətməli idiniz. Çünki futtboldakı bütün bütün alış-veriş sizin əlinizdədir.

Üçüncüsü, infrastruktur qurmaqla da iş bitmir, sizin işiniz həm də futbolun düzgün ideoloji konsepsiyasını hazırlamaq, mövcud problemlərin həllini həyata keçirmək idi. Ümumiyyətlə, futboldakı mövcud problemlər niyə qabardılmır?

Dördüncüsü, dediyiniz kimi, əgər maliyyə təminatı da sizin işinizdirsə, o zaman pulları nəyə xərcləyəcəyinizi də bilməlisiniz. Nəticəsi, uğuru olmayan işlərə niyə illərdir bu qədər vəsait sərf olunur?

Sizin işiniz təkcə bu saydıqlarınızı həyata keçirməkdən ibarət deyil. Halbuki, bu saydıqlarınız məsələlərlə bağlı da işinizin mötbərliyi sual altındadır və dövlət araşdırma aparmalıdır.

Beşincisi, veteran futbolçuların mövsümi narazılıqlarının da qarşısı müxtəlif “inzibati” yollarla alınır. Niyə?

Altıncısı, veteran Ramiz Məmmədovun iştirakı ilə yaradılan yeni nəsil veteranlar şurası ilə bağlı işləriniz niyə yarımçıq qaldı?

Yeddincisi, köhnə veteranlar niyə susurlar, niyə danışmırlar? Bu sual ilk əvvəl elə sizə ünvanmalıdır. O cür vicdanlı insanları “biz siyasətə qarışmırıq” dilemması qarşısında niyə qoymusunuz? Onlar danışmaq istəmir, susur, siz də işinizi görə bilmirsiniz, ölkənin futbol siyasəti də iflic olub. Hə, indi necə edək?

Səkkizincisi, yerlərdə, regionlarda azyaşlı istedalı uşaqlar hansı priunsiplə tapılıb futbola cəlb edilir? Olmaya, AFFA-nın külli miqdarda pul müqabilində Almaniyada açdığı futbol akademiyası kimi bu istiqamətdə olan ondan sonrakı addımlar da iflic olub, pullar göyə sovrulub?

Biz nə lazımdır: futbolu siyasətə çevirmək, yoxsa futbolsuz siyasət?

Futbol idman oyunlarının şahı kimi ölkənin dünyaya təqdimatının da əsas göstəricilərindən biri ola bilər. Artıq dünyada “neft ölkəsi” kimi tanınmaq nefti olmayan ölkələrə də sərf etmir. İmic dəyişməli və idman, sənaye, elmi markalarımız yaradılmalıdır. Hələki olmur, bu gedişlə olacağına ümid də sıfırın altındadır. Nə qədər ki, Azərbaycan futbolu korrupsiyanın caynağından xilas edilməyib...

Futbol dünyanın bir çox ölkələrində bir idman növü kimi inkişaf mərhələsini çoxdan keçib və hazırda bu dövlətlər futboldan böyük siyasətin bir parçası kimi istifadə edirlər. Məsələn, sual olunur: Braziliyada, İspaniyada, İngiltərədə, Fransada insan hüquqları daha çox pozulur, yoxsa Azərbaycanda? Ədalət naminə demək lazımdır ki, bu ölkələrdə. Amma Braziliya hər dəfə dünya kubokunu qazananda ölkədə ictimai-siyasi durum kökündən dəyişib və bu ölkəyə beynəlxalq baxış da inqilabi dəyişikliyə məruz qalıb. Fransa atların ayaqları altına atıb tapdaladığı insan hüquqlarını 2018-ci ildə qazandığı dünya kubokundan sonra tarixin arxivinə göndərməyi bacardı. Mən “insan hüquqlarını ayaqlar altına atıb tapdalayaq, sonra da bunu futboldakı uğurlarla pərdələyək” də demirəm. Məsələ bundadır ki, biz heç birinci mərhələyə yaxın gedə bilməmişik.

Elxan Məmmədov kimdir?

Azərbaycan ərazi baxımından kiçik ölkədir, vəzifəyə təyin edilən hər hansı adamın işinin öhdəsindən gəlib-gəlmədiyini bilmək üçün qısa bir müddət bəs edir. E.Məmmədov 2007-ci ildən - düz 14 ildir AFFA-nın Baş katibidir. 1979-cu il təvəllüdlü E.Məmmədovun 28 yaşında böyük bir məsuliyyətin altına girdi, işıqları sönmüş ölkə futbolunun son hıçqırtılarını da məhz onun 14 illik Baş katibliyi dövründə eşitdik.

Elxan müəllim, futbolda məmursunuz, qapıya qol vurmağı, top çiləməyi də bilmirsiniz, Baş katib olaraq legioner olmaq sizin vəzifəniz idi, amma olmadı.

Futbol heç kimin şəxsi biznes sahəsi, qohumlarının, dostlarının pul qazanmaq mənbəyi olmamamlıdır. Bu baxımdan adı it dəftərində olmayan ölkələrlə eyni sırada yer alırıqsa, kimdir günahkar?

Futbol azarkeşləri təhlükəlidirmi?

Təhlil göstərir ki, Azərbaycan futboluna ictimai marağın azalması məqsədyönlü şəkildə həyata keçirilib və bu planı işləyib illərdir tətbiq edirlər. Bəli, artıq Azərbaycan xalqı futbolu müzakirə etmir, onu ölkə həyatının ayrılmaz tərkib hissəsi kimi görmür. Bəs bunu niyə belə etsinlər? Görünür, “futbol azarkeşləri təhlükəli sosial bazadır” deyərək, öz bacarıqsızlıqlarını bu şəkildə ört-basdır etməyi bacarırlar. Ölkədə fəal futbol azarkeşlərini də “təhlükə” kimi görənlər nədən qorxurlar? Yoxsa “futbol siyasətin bir parçasına çevrilməsin, futbolun etiraz ruhu olmasın” düşüncəsini daha doğru seçim kimi qəbul etmisiniz? Dünyada futbolun inkişafından qorxan neçə ölkə var? Yaxud “futbol azarkeşləri potensial təhlükədir” deyərək dövlətin əsas ideoloji istiqamətlərindən birini iflic edən neçə cəmiyyət var? Bu futbol kütlələri Fransada, Avropa ölkələrində, Gürcüstanda niyə təhlükə mənbəyi deyil? Deməli, problem futbolda, azarkeşlərdə yox, düşüncədədir. Digər sahələrə olduğu kimi, Azərbyacanda futbola da münasibət dəyişməlidir.

Yaxşı oynayan futboçuya, düz danışıb yazan jurnalistə, siyasətçiyə, doğru fənd işlədən idmançıya damğa vurmaqdan əl çəkməliyik. Çünki onların əvəzinə sadəcə axmaqlar sürüsü yetişəcək.

Veteran futbolçular susmamamlıdırlar!

İsgəndər Cavadov, Maşallah Əhmədov, Kazbek Tuayev və (adlarını unutduğum digər dəyərli veteranalarımız) digər veterenlar! Siz susmamamlısınız! Ölkə futbolunu bu kökə salanların adlarını çəkməlisiniz! Ölkə futbolunun bu kökdə olmasının əsl səbəblərini açıq şəkildə cəmiyyətə də, dövlətə də deməlisiniz! Bu, sizin böynunuzda və xalqın qarşısında bir mənəvi məsuliyyətdir. İmkan verməməlisiniz ki, kimlərsə sizin danışmağınıza mane olsunlar.

Biz niyə kollektiv oyunlarda uduzuruq?

Artıq dilimizdə lətifəyə çevrilmiş bir deyim var: azərbaycanlılar fərdi idman növlərində ciddi nəticələr qazanır, ölkəmizə saysız-hesabsız medallar gətirirlər. Amma kollektiv idman növlərində uduzuruq. Əvvəla, Gənclər və İdman Nazirliyinin fərdi idman növlərinə diqqəti futboldan daha çox olub. Digər tərəfdən, Azərbaycan futbolunun başında duranlar futbolçularla idarə, müəssisə işçiləri kimi rəftar edirlər. “Parçala və hökmranlıq et” (bütün işçiləri bir-birinə düşmən et) prinsipini futbola da tətbiq etmək gerizəkalılığın ən bariz nümunəsidir. Böyük meydança, səliqəli otaqlar tikməklə, bahalı topla oynamaqla iş bitmir. Zehniyyət təmiz olmalıdır. Qohumbazlıq, korrupsiya, rüşvət futbolu da xərçəng şişi kimi sarıyıbsa, sonumuz qaranlıq görünür. Klubun dəhlizlərində bir-birilərinə düşmən edilən futblçular meydanda bir-birilərinə pas ötürməyəcklər. Bunu anlamaq lazımdır.

Biz düşünüb qərar verməliyik:

- Azərbaycan futbolunu inkişaf etdiririk, yoxsa daha da məhv edirik?

- Azərbaycan futbolunu qəbirstanlıqda dəfn edirik, yoxsa can verib dirildirik?

P.S. Növbəti yazlarımızda, müsahibələrimizdə və araşdırma məqalələrimizdə E.Məmmədovla və fubolda baş verən inanılmaz hadisələrlə bağlı ilginc məlumatlar verəcək, analitik reaksiyalar dərc edəcəyik. Peşəkarların, veteranların mövqeyinə mütəxəssislərin şərhlərinə üstünlük verəcəyik.

P.S.S. Biz hər şeyə hazır olmalıyıq! Çünki pandemiyadan sonra Azərbaycan futbolunu daha ağır sınaqlar, çətinliklər və ağır fəsadlar gözləyir. (Azsiyasət.com)

Cebhe.info


Oxunma sayı: 551