hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Azərbaycan jurnalistlərilə bağlı hesabat açıqlandı: 10 nəfər ölüb

Azərbaycan jurnalistlərilə bağlı hesabat açıqlandı: 10 nəfər ölüb

Bu gün 3 may, Ümumdünya Mətbuat Azadlığı Günüdür.

Cebhe.info xəbər verir ki, Avropa Jurnalistlər Federasiyasının hazırladığı hesabata görə, son illər jurnalistika ilə bağlı pisə doğru dəyişmə tendensiyası dünyanın ən mədəni, ən demokratik hesab olunan parçasını-Avropanı da əhatə edib. 2020-21-ci illərdə Avropa məkanında media azadlığının çox ciddi şəkildə pisləşməsi davam edib.

2021-ci ilin aprel ayında İspaniyada 2 jurnalistin qətlə yetirilməsinə istinad edilərəkər qeyd olunur ki, son 5 il müddətində Avropa Birliyinə daxil olan ölkələrdə fəaliyyətinə görə 31 nəfər jurnalist qətlə yetirilib. Avropa Şurasına üzv olan ölkələr sırasında isə qətlə yetirilən jurnalistlərin sayı 41 nəfərdir. Hazırda dünyada 238 nəfər jurnalist həbsdədir ki, onların da 91 nəfəri Avropanın payına düşür. Təkcə son bir il ərzində dünyada jurnalistlərə qarşı 873 təhdid halı qeydə alınıb ki, bunlardan da 245-i Avropa ölkələrinin aktivinə yazılıb. 6 il öncə AŞ nəzdində platforma qurularkən, Avropa məkanında jurnalistlərə qarşı təqib, təzyiq və təhdid hallarının sayı 2021-ci ilin göstəricilərinə nisbətən, 2 dəfə aşağı olub. Bu da onu göstərir ki, indi vəziyyət 2 dəfə pisləşib. Maraqlıdır ki, jurnalistlərin fiziki şiddətdən ən çox təsirləndikləri ölkələr sırasında Rusiya ilə yanaşı, İtaliya, Serbiya və İngiltərənin də adı göstərilir. Təqib hallarının ən çox müşahidə olunduğu ölkələr sırasında isə Fransa , Sloveniya, Türkiyə, Ukrayna, Belarus və Polşanın adı qabardılır.

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan mediası ilə əlaqədar bəzi məlumatlar açıqlayıb.

JuHİ-nin məlumatına görə, son bir il müddətində Azərbaycan media məkanı islahatlar prosesinin təsirində olub.

Belə ki, 2018-ci ildən etibarən müşahidə edilməyə başlayan bu tendensiya 2020-21-ci illərdə daha da sürətlənib. Bu dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həm milli, həm də transmilli KİV-lərlə canlı təmaslarının intensivləşməsi müşahidə edilib. Prezidentin köməkçiləri Hikmət Hacıyevin, Anar Ələkbərovun, MEDİA Agentliyinin direktoru Əhməd İsmayılovun KİV təmsilçiləri ilə görüşləri xarakterik hal alıb.

2020-ci ildə həyatın digər sahələri kimi, media təsisatları da COVID-19 pandemiyasının təsiri altında olublar. Azərbaycanda 230 nəfər jurnalist COVID-19-a yoluxub, 10 nəfər jurnalist həyatını itirib.

Azərbaycanda pandemiyanın KİV-ə təsirini azaltmaq üçün dövlət bir sıra addımlar atıb; “Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramı KİV sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində KİV-lərə dövlət dəstəyi göstərilib ki, bu da KİV-lərdə iş yerlərinin qorunub saxlanılması üçün stimul olub. Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran KİV qurumu yoxdur. Bununla yanaşı, iş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılan ixtisarlar, iş yeri itkisi ölkədə KİV çalışanlarının 4%-ni əhatə edib.

2020-ci ildə ümumrespublika yayımlı KİV qurumlarından 3-ü öz fəaliyyətini qismən dayandırıb və ya dövriliyini azaldıb. Bununla yanaşı, 2020-ci ildə təqribən 15 yeni onlayn KİV qurumu fəaliyyətə başlayıb.

Azərbaycanda sərbəst çalışan (freelance ) jurnalistlərin fəaliyyətinin rəsmi qurumlar müstəvisində ilk dəfə tanınması halı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistləri adından ünvanladığı müraciəti nəzərə alaraq, sərt karantin rejimi dövründə fəaliyyətinə icazə verilən kateqoriyalar sırasına VÖEN əldə edib sərbəst çalışan jurnalistləri də daxil edib. Məlumat üçün bildirək ki, sərbəst çalışan jurnalistlərin sayı yüksək rəqəmlərlə ifadə olunsa da, Azərbaycanda onların fəaliyyətinin hüquqi tənzimlənməsi mövcud deyil.

Adları beynəlxalq təşkilatların hesabatlarında “həbsdə olan jurnalistlər” kimi hallandırılan şəxslərdən 7 nəfəri 2020-21ci illərdə Prezidentin Əfv sərəncamları ilə sərbəst buraxılıb və ya üzərlərindən şərti məhkumluq götürülüb. Bununla yanaşı, həbsdə olan jurnalistlər mövzusu sıfırlanmayıb. Xüsusi olaraq Polad Aslanovun, Əfqan Sadıqlının məhkumluğu üzrə məsələlər diqqət mərkəzində olub.

Cebhe.info


Oxunma sayı: 452