hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycan üçün həlledici 10 gün: “Ermənistan artıq Qarabağda uduzub”

Azərbaycan üçün həlledici 10 gün: “Ermənistan artıq Qarabağda uduzub”

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Cenəvrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti danışıqları uğursuz bir formatdır. Baxmayaraq ki, bu danışqlarda "baza prinsipləri" və qoşunların çıxarılması üçün "Təqvim" əsas müzakirə predmeti olacaq. Bu, Azərbaycan üçün bir siyasi tələdir”.

Cebhe.info xəbər verir ki, bu şərhlə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

O, Fransa və Rusiyanın Ermənistan qoşunlarının çıxarılmasında maraqlı olmadığını qeyd edib:

“Rusiya sülhməramlı qüvvələrin yerləşdirilməsində maraqlıdır. Ötən gün Ərdoğan və Putin danışıqları da nəticəsiz yekunlaşıb.

Həmsədrlər Ermənistana vaxt qazandırmaq və Azərbaycanı razı salmaq üçün "Təqvim" planını müzakirə edib ki, atəşkəsə məcbur etsinlər. Amma bu istiqamətdə əldə edilən razılaşma yalnız Ermənistanı toparlamaq və Qarabağın müstəqilliyinə nail olmağa hesablanıb. Hətta 2 günlük atəşkəs Azərbaycan üçün ağır fəsadlara gətirib çıxarar. Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan belə bir sənədlərə imza atmayacaq. Çünki Ermənistan rəhbərliyinin davakar siyasəti davam edir və onlar yalnız Qarabağın müstəqilliyində israrlıdırlar. Həmçinin Yerevan qəti şəkildə güzəştə razı deyil. Gəncə və Bərdəyə qarşı hərbi cinayət törədən Ermənistan rəhbərliyi heç bir razılaşmada səmimi olmayacaq”.

Politoloq bildirib ki, Azərbaycan ilk öncə yenilənmiş “Madrid prinsipləri”ndə göstərilən rayonların bir neçəsini azad edib. Azərbaycan üçün artıq nə baza prinsipləri, nə də yenilənmiş “Madrid prinsipləri" əsas müzakirə predmeti olmalıdır:

“Əsas tələb Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və mülki insanların yenidən Azərbaycan ərazisində adi vətəndaş kimi yaşamasında israrlı olmqdır. Qəbul edib, etməmək isə Ermənistanın öhdəsinə buraxılmalıdır.

Qeyd edim ki, Minsk qrupu 5 rayonu Azərbaycana güzəştə getməklə prosesi irəliyə doğru addım və atəşkəs üçün bir plan kimi irəli sürəcək. Prezident İlham Əliyev də buna razı olmayacağını açıq bəyan etdi. Artıq Azərbaycan Şuşanın azad olunması istiqamətində həlledici əməliyyat aparır və Ermənistan tərəfinə heç bir güzəştə getməyəcək. Sadəcə, bu danışıqlar artıq Azərbaycan üçün imitasiya xarakterlidir.
Fransanın mövqeyi anti-Azərbaycan və beynəlxalq hüquqa qarşı olduğundan bu ölkənin təsdiq etdiyi plana Azərbaycan necə razı ola bilər?! Ümumiyyətlə, Fransanın Minsk qrupunda həmsədrliyi bu format çərçivəsində aparılan danışıqları fiaskoya uğradır”.

Politoloqun fikrincə, ümumiyyətlə, Qarabağ münaqişəsinin siyasi həlli yoxdur:

“Siyasi həll variantı olmadığına görə hərbi eskalasiya zərurətə cevrildi. ABŞ, Fransa və Rusiya rəsmilərinin "siyasi danışıqlarla münaqişəni həll edin" çağırışı Azərbaycana atəşkəsə getmək və Ermənistana güzəştə getməyə əsaslanır. Ona görə də belə bir danışıqlar absurddur. Regionda yeni güclər balansının dəyişməsi, yeni geosiyasi proseslərdə Azərbaycan yalnız ərazi bütövlüyü çərçivəsində uğurlu bir mövqe əldə edəcək.

Cenevrə danışıqlarından sonra, Azərbaycana təzyiq edilə bilər. Amma Azərbaycan bu prosesdə tək deyil. Əsas danışıqlar formatı Ankara və Moskva arasında aparılmaqla yeni bir siyasi format baş tuta bilər. Türkiyə Azərbaycanın istəyi ilə Qarabağ məsələsində əsas moderatordu və güc balansını qoruyub saxlayır.

Azərbaycan Şuşanı götürməklə Ermənistanı fakt qarşısında qoyacaq. Rusiya və digər ölkələrin Azərbaycana təzyiqləri səmərə verməyəcək. Qarşıdakı 10 gün Azərbaycan üçün həlledici məqam olacaq.

Burada Rusiya və Türkiyə qarşı-qarşıya gəlməyəcək. Ermənistan rəhbərliyinin təxribatları baş tutmayacaq. Ermənistan artıq Qarabağda uduzub”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2828

Bizim Telegram səhifəmizi izləyin