hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Azərbaycan və Türkiyə Ermənistana xilas yolunu göstərib: Bağlı çevrəyə düşmək istəmirlərsə... - BİZİM TƏHLİL

Azərbaycan və Türkiyə Ermənistana xilas yolunu göstərib: Bağlı çevrəyə düşmək istəmirlərsə... - BİZİM TƏHLİL

Ermənistan-Azərbaycan münaqişəsi başa çatsa da, ermənilər türk düşmənçiliyindən imtina etmək istəmir.

Bu ideoloji təbliğatın əsasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı nifrət dayanır. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın yenə də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməməsi bu cəmiyyətin ideloji baxımdan tamamilə çirkləndiyini təsdiq edir. Ermənilər hələ də blokada şəraitində, iqtisadi böhranda yaşamağı türklərlə barışıqdan üstün tutur. Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşı nadir istisnalar istisna olmaqla, türk mallarının idxalına qoyulan embarqonun uzadılacağını deyib.

“Vəziyyəti bir az izləyək, məhdudiyyətlərin kütləvi qiymət ana təsrtımıir etdiyini görsək, onda çox sadə bir həll yolumuz var və bu, türk məhsullarının idxalına qoyulan qadağanın qaldırılmasından ibarət deyil”-Qriqoryan belə deyib.

Baş nazirin müavini hökumətin ilk anti-böhran tədbirləri paketi çərçivəsində subsidiyalar yolu ilə məsələni həll etmək istədiyini bildirib. Göründüyü kimi, Ermənistan hökuməti Türkiyə istehsalı olan mal və məhsulların idxalına 2020-ci ilin dekabr ayında tətbiq edilmiş qadağaların davam etdirilməsini qərara alıb. Halbuki, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın bərpasına Türkiyədən daha çox Ermənistanın ehtiyacı var.

Çünki Ermənistan Türkiyə üçün çox kiçik bazardır. Türkiyə həmin məhsulları başqa ölkələrə də sata bilər. Ermənistan isə blokada şəraitindən çıxmaqda maraqı olmalıdır. Bu səbəbdən Türkiyə ilə əlaqələrin bərpa olunması sərhədlərin açılmasına şərait yarada bilər. Hətta 44 günlük Vətən müharibəsindən sonra region ölkələrinin iştirakı ilə “3+3” formatında iqtisadi əməkdaşlıq formatının yaradılmasını da ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayiib Ərdoğan təklif edib.

Bu platforma Ermənistanın da bölgədədki nəqliyyat-kommunikasiya şəbəkəsinə qoşulmasını və iqtisadi dirçəlişini nəzərdə tutur. Sözügedən layihənin reallaşması Ermənistan əhalisinin yoxsulluq, işsizlik böhranından çıxması, bölgədə sülhün bərqərar olması üçün münbit zəmin yarada bilər.

Ancaq Ermənistan cəmiyyəti Türkiyəyə qarşı ərazi iddialarından, qondarma soyqırımı dünyaya tanıtmaq kimi sərsəm illüziyalardan əl çəkmək niyyətində görünmür.

Əslində, bu cür faşist düşüncə tərzinin yalnız qonşu xalqları deyil, eyni zamanda, ermənilərin özünü də fəlakətə apardığını Baş nazir Nikol Paşinyan bir neçə gün öncə parlamentdə çıxışı zamanı etiraf edib.

Paşinyanın erməni deputatlara ünvanladığı suallar əslində, bütün Ermənistan ictimayyətinə ünvanlanmışdı.

“Bəli, Türkiyə və Azərbaycan bizim düşmənimizdir, onlar da bizi düşmən sayırlar. Sual fərqlidir! Bu dava ilə nə edəcəyik?

Başqa bir sual budur ki, biz gələcəkdə nə etmək niyyətindəyik? Bu düşmənçiliyi idarəolunan çərçivəyə daxil edəcəyik, yoxsa nəzarətsiz olmasına icazə verəcəyik?! Ermənistan bu bölgənin əbədi müharibə ərazisinə çevrilməli olduğunumu düşünür?”,-deyə Paşinyan ermənilərin türklərə qarşı bu mənasız düşmənçiliyinin əslində heç bir nəticə verməyəcəyini onlara anlatmağa çalışdı. Ancaq ermənilər bu suallara susmaqla cavab verirlər.

Heç kim türklərə qarşı nifrət və qisas siyasətinə son qoymağı təklif etmir. Siyasət isə realist olmağı tələb edir.

Ermənilər Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra yaranmış yeni geosiyasi və geoiqtisadi reallıqlara uyğun yaşamağa çalışmalıdır. Əks təqdirdə, Ermənistanı siyasi və iqtisadi böhranın pandemiyadan daha təhlükəli dalğası gözləyir. Məsələn, mart ayına qədər İrəvanın “Zvartnots” və “Şirak” hava limanları vasitəsilə 74 197 nəfər erməni xaricə gedib. 42 283 erməni isə Ermənistana gəlib.

“Hraparak” qəzetinin yazdığına görə, 31914 nəfərin ölkəni tərk etməsinə, yəni mənfi saldonun yaranmasına səbəb Paşinyanın vəd etdiyi Ermənistan və Qarabağın azərbaycanlılarla, türklərlə parlaq gələcəyinin olmasına inanmamasıdır. Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında erməniləri Türkofobiyadan əl çəkməyə, dinc yanaşı qonşuluq və sülh şəraitində yaşamağa çağırıb. Ancaq ermənilər tarixdən dərs götürmək və sağlam məntiqlə düşünmək əvəzinə hələ də rasizm ənənlərini davam etdirməyə çalışırlar.

“Ermənistanda çoxlu ideoloji doqmalar var və Türkofobiya artıq milli siyasət olub, onlar hətta reallıq hissini də itiriblər. Bildiyim qədərilə, Türkiyə hökuməti çox konstruktiv yolla addımlar atmağı planlaşdırır, ancaq, əlbəttə, onlar adekvat cavab verməlidirlər. Ermənistan ilk olaraq nə etməlidir? Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər, Konstitusiyanı yenidən yazmalıdırlar, yeni Konstitusiya qəbul etməlidirlər. Mən onlara Türkiyəyə olan ərazi iddialarını Konstitusiyadan çıxarmaq üçün yaxşı məsləhət verə bilərəm. İnanmıram ki, hansısa ölkənin Konstitusiyasında başqa ölkəyə qarşı ərazi iddiaları var. Düşünürəm ki, bu, çox qeyri-adi haldır”,-Azərbaycan Prezidenti belə deyib.

Qeyd edək ki, 1990-cı il avqustun 23-də qəbul edilmiş “Ermənistanın müstəqilliyi barədə Bəyannamə”də Türkiyəyə qarşı ərazi iddiaları öz əksini tapıb. Sözügedən bəyannamənin 11-ci bəndində “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı İmperiyası və Qərbi Ermənistanda törədilən “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınmasına tərəfdir” cümləsi yer alıb. “Qərbi Ermənistan” ifadəsi Türkiyənin 6 şərq vilayətinə (Ərzurum, Van, Bitlis, Elazığ, Diyarbakır və Sivas) ərazi iddiasını nəzərdə tutur. Bu maddə 1995-ci il iyulun 5-də qəbul olunan Ermənistan Konstitusiyasında yer almasa da, 13-cü maddədə Türkiyə ərazisində yerləşən Ağrıdağı (ermənilər onu Ararat adlandrır-müəll.) ölkənin dövlət gerbində təsvir olunub. Ona görə də Prezident İlham Əliyevin qeyd edilən bəyanatı həm Ermənistana, həm də onlara havadarlıq edərək Türkiyənin bölgədəki mövcudluğunu istəməyənlərə ciddi xəbərdarlıq mesajı idi.

Çünki Türkiyənin son dövrlər Cənubi Qafqazda, o cümlədən Qarabağda artan fəaliyyəti yalnız sülhün və sabitliyin təminatına xidmət edir. Türkiyənin “Altılıq” platformasını təklif etməsi, eləcə də Ermənistan ərazisindən keçməklə Şərq-Qərb nəqliyyat dəhlizinin, Dağlıq Qarabağda dəmiryolu və quru yolu şəbəkələrinin bərpasında Azərbaycanla bərabər iştirakı həm də ermənilərin maddi rifahının yaxşılaşmasına xidmət edəcək layihələrdir. Yəni bütün bu amillər Türkiyə dövlətində ermənilərə qarşı düşmənçilik niyyətinin olmadığını təsdiləyir. Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin qurulmasında Türkiyənin əhəmiyyətini xüsusi vurğulaması Ermənistanın gələcəyinin bu əməkdaşlığa münasibətindən asılı olacağını bir daha sübut edir.

Dövlət başçısı ermənilərin qondarma “soyqırım”la əlaqəli saxta tarixlərinin gerçəkliklə heç bir əlaqəsi olmadığını bildirib:

“Bu müharibə idi, insanların bir-biri ilə, ölkələr bir-biri ilə vuruşduğu bir vəziyyət idi, ancaq sonra barışıq oldu. O dövrdə Ermənistanın təkcə Osmanlı İmperiyası ilə deyil, digər qonşularla da çətinlikləri var idi. Türkiyə hökuməti bir neçə dəfə bu məsələyə obyektiv, qərəzsiz baxmaq üçün birgə tarixçi qrupların yaradılmasını açıq şəkildə təklif etdi. Lakin ermənilər etiraz etdi, çünki onların siyasi divident əldə etmək üçün bu saxta tarixə ehtiyacları var. Bildiyiniz kimi, bu gün biz əlaqələrin, xüsusilə də Zəngəzur dəhlizinin açılmasını müzakirə edirik. Zəngəzur koridoru Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz. Türkiyə üç ölkənin baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun iştirakçısı deyil. Ancaq müzakirə etdiklərimiz məsələlərə dair Türkiyəyə tərəfimizdən məlumat verilir. Ermənistan əlaqələrlə bağlı çətinliklərə son qoymaq, tranzit ölkəyə çevrilmək istəyirsə, bunu yalnız Türkiyə təmin edə bilər. Ermənistan tranzit ölkəyə çevrilmək üçün hər hansı fürsət istəyirsə, ünsiyyətdəki çətinliklərə son qoymaq istəyirsə, bunu yalnız Türkiyənin təmin etməsi mümkündür. Bildiyim qədərilə, Türkiyə hökuməti buna hazırdır. Top yenidən Ermənistan tərəfindədir”.

Aydındır ki, Mehridən keçən nəqliyyat dəhlizi indi Ermənistan üçün seçim imkanı yaradıb. Ermənistan beynəlxalq dəmir yolu şəbəkəsinə çıxış əldə etməklə İran, Türkiyə, Azərbaycan, Rusiya və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsini artıra bilər. Bu, həm də Ermənistanı Şərq-Qrəb nəqliyyat dəhlizinin tranzit ölkəsinə çevirə bilər. Yəni Ermənistan üçün dünyaya açılım imkanı yaranıb. Ancaq ermənilər bu tarixi fürsəti dəyərləndirməyib dəhlizi Türkiyənin üzünə bağlamağa çalışarsa, özləri qapalı duruma, bağlı çevrəyə düşəcək.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4005