hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Azərbaycanda alternativ enerji mənbələri: Layihə özünü doğrultmadı

Azərbaycanda alternativ enerji mənbələri: Layihə özünü doğrultmadı

Azərbaycanda alternativ enerji mənbələrindən alınan elektrik enerjisinin həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-noyabr aylarında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 50,1 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. 11 ayda ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 37,2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Məlumdur ki, alternativ enerjidən istifadə olunma tendensiyası dünya ölkələrində ilbəil artmaqdadır. Bir sıra xarici ölkələrdə hətta məişətdə də alternativ enerjidən istifadə olunur.

Ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadəyə imkan versə də, ölkəmizdə bu sahənin inkişafı ləngiyir. Xatırladaq ki, 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" qəbul edilib. Proqramda Azərbaycanın alternativ enerji potensialı kimi külək, günəş, biokütlə, geotermal (termal sular) enerjisi, kiçik su elektrik stansiyaları göstərilib.
2013-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. 2015-2018-ci illər üçün Agentliyin strateji planı hazırlanıb. Ölkəmizdə müxtəlif bölgələrdə inşa edilən alternativ enerji stansiyaların inşasına külli miqdarda vəsait yatırılıb.

Bəs bu sahədə ortaya çıxan göstəricilər görülən işlərə və qoyulan investisiyalara müvafiqdirmi? 

Texnika elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev “Cümhüriyət” qəzetinə açıqlamasında bu sahədə əldə edilən nəticələri “uğursuzluq” kimi qiymətləndirir: “Prezidentimizin sərəncamı ilə yaradılan “Alternativ, bərpa olunan Agentlik ona göstərilən etimadı doğrultmadı. Mən bunun səbəbini Agentliyin kadr səriştəsizliyində görürəm. Bu böyük bir sahədir. Burada səriştəli adamlar qoyulmalı idi. Sahəyə böyük kapital ayrıldı. Amma bu kapital səmərəli istifadə olunmadı. Avropadan ikinci əl avadanlıqlar aldılar. Avadanlıqları laboratoriyalarda təcrübədən keçirmədən quraşdırdılar. Quraşdırma zamanı külək qurğularında akkumulyatorlarla külək pərləri bir-birini oxumadı. Günəş qurğularındakı elementlər başqa ölkələrdə çoxdan istehsalatdan çıxarılmış qurğular idi. Təbii ki, bunların nəticəsi uğursuzluq olacaq”.

Fəqan Əliyev vaxtilə bu sahədə yaxşı nəticələrin olduğunu dedi: “Çox təəssüf ki, biz belə bir nəticə ilə rastlaşdıq. Zəhmət, əmək boşa çıxdı. 37 milyon nədir ki - o da hələ varsa. Bu rəqəmlərin doğruluğuna da mənim şübhəm var. Agentlik 2007-ci ildə yaranıb, indi isə 2018-ci ildir. Bu müddət ərzində nə kadr hazırladılar, nə də bir iş görülmədi. Bu işləri cəhalət adlandıraram. Qarşıda da çox təəssüflər olsun ki, hansısa potensial görmürəm. Bunlarla nə potensial ola bilər”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 657