hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Azərbaycanda banklara FAİZ QADAĞASI gəlir

Azərbaycanda banklara FAİZ QADAĞASI gəlir

 “Banklar haqqında” Qanuna 36.6-1-ci maddə əlavə edilir. 

Əlavə edilən 36.6-1-ci maddəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı (Palata) tərəfindən müəyyən edilir.

Hüquqşünas, bank məsələləri üzrə ekspert-hüquqşünas Əkrəm Həsənov qanuna olunacaq əlavəni “Cümhuriyət” qəzetinə şərh edib. O, bu təklifi 5 il əvvəl alman professoru ilə birlikdə hökumətə verdiyini bildirib: 

“2014-cü ildə Mülki Məcəlləyə dəyişikliklər layihəsi hazırladıq. Bu, sırf borc münasibətlərinin tənzimlənməsi, kredit və Mülki Məcəlləyə istehlak kreditləri haqqında paraqraf layihəsi idi. Həmin paraqrafda belə bir maddə nəzərdə tutmuşduq ki, vətəndaşlarla bağlanmış istehlak kreditləri müqaviləsi üzrə faiz dərəcəsinin yüksək həddi Nazirlər Kabineti tərəfindən müəyyən edilsin. Yəni, qanunla heç bir bank, bank olmayan kredit təşkilatları (BOKT) və ya lombardlar layihədə göstərilən faiz dərəcəsindən yüksək faiz dərəcəsi müəyyən etməməli idi. Həmin layihə 2014-cü ildə Prezident Administrasiyasına təqdim olunmuşdu. O vaxtdan da layihəmiz müxtəlif dövlət orqanlarında müzakirə olunurdu. Həmin layihənin qəbul olunmamasının əsas səbəbi o idi ki, banklar faiz dərəcəsinin müəyyən edilməsinə kəskin reaksiya göstərmişdi. Bu baxımdan çox şadam ki, layihə tam qəbul edilməsə də, “Banklar haqqında” qanuna əlavədə artıq faiz dərəcələrinə nəzarətdən söhbət gedir”. Hüquqşünas onu da qeyd edib ki, banklar, BOKT-lar, lombardlar vətəndaşları ağır vəziyyətindən sui-istifadə edərək, çox yüksək faizlə kreditlər təklif edirdilər: “Qanuna əlavə ona görə lazımdı ki, istehlak kreditləri üzrə faiz dərəcəsinin təyin olunmasında müəyyən həddi olsun. Bəzi ölkələrdə qanunvericilikdə belə hədd olmasa da, məhkəmələrin belə bir ixtiyarı var. Məsələn, Avropa dövlətlərində geniş yayılıb ki, məhkəmələr bankların müəyyən etdiyi faiz dərəcəsini, xüsusilə yüksək hesab etdikdə onu azaldırlar. Bu baxımdan qanuna sözügedən əlavənin olunması çox müsbət haldır”.

Əkrəm Həsənovun qənaətincə, 5 il əvvəl hökumətə təqdim etdikləri təklif daha düzgün idi: 

“O baxımdan ki, aşağı faizlə kreditləri Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) deyil, Nazirlər Kabineti müəyyənləşdirməli idi. Çünki MBNP nəzarət etdiyi banklardan və BOKT-lardan asılıdır. Bilirik ki, qanunvericiliyimizə əsasən Palata dövlət tərəfindən maliyyələşdirilmir. Ona hər il nəzarət etdiyi qurumlar müəyyən pul köçürürlər. Bu da həmin bankların fəaliyyətindən, gəlirlərindən, aktivlərindən asılıdır və Palata da maliyyəsini bunun hesabına edir. Palata banklardan, BOKT-lardan asılı olduğu halda vətəndaşların hüquqlarını müdafiə etmək üçün faiz dərəcəsini vətəndaşların xeyrinə müəyyən etməsi inandırıcı görünmür. Palata bankların və BOKT-ların gəlirinin çox olmasında maraqlıdır. Bu baxımdan hesab edirəm ki, Palata bu məsələdə obyektiv ola bilməz. Buna görə də, faiz dərəcəsini Palata yox, Nazirlər Kabineti müəyyən edə bilər. Ümumiyyətlə, Azərbaycanda bir ənənə var, hamı elə bilir ki, Palata maliyyə xidmətlərinin, istehlakçı hüquqlarını müdafiə edə bilər. Amma bu yanaşma düzgün deyil. İstehlakçı hüquqlarının müdafiəsi üçün İqtisadiyyat Nazirliyi nəzdində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məşğul olmalıdır. Palata isə bankları və BOKT-ları müdafiə etməlidir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 8292