hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycanda Böyük Şəhər Bələdiyyələri nə üçün yaradılmır? - AÇIQLAMA

Azərbaycanda Böyük Şəhər Bələdiyyələri nə üçün yaradılmır? - AÇIQLAMA

İcra hakimiyyətlərində aşkarlanan qanunsuz əməllərdən sonra onların ixtisarı və regional idarəetməyə keçilməsi təklif edilir.

Eyni zamanda yerlərdə bələdiyyələrin də sayının çox olduğu barədə fikirlər var. Xüsusən pandemiya dövründə dövlət büdcəsinə qənaət etmək üçün bələdiyyələr ixtisar edilib

Böyük Şəhər Bələdiyyələri yaradıla bilərmi?

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda Böyük Şəhər Bələdiyyələri yaradılmalıdır:

“Avropa Şurasının Azərbaycan qarşısında qoyduğu tələblərdən biri də Böyük Şəhər Bələdiyyəsinin, xüsusən Bakıda meriya institutunun yaradılmasıdır. Bu günədək Azərbaycan hökuməti tərəfindən həmin tələblə bağlı müəyyən addımlar atıb. Amma həmin proses hələlik öz həllini tapmayıb. Bələdiyyə sisteminin inkişafını istəyiriksə, onların problemlərinin həllinə çalışırıqsa, o cümlədən yerli idarəetmənin nüfuzunu artırmaq istəyiriksə, bu strukturun qarşılaşdığı problemləri aradan qaldırmalıyıq. Bunun üçün yerlərdəki ikili strukturu aradan qaldırmaq lazımdır. Yəni yerlərdə həm yerli icra nümayəndəliyi var, həm də bələdiyyə var.

Yerli icra nümayəndələrinin ləğv edilməsi daha məqsədəuyğun ola bilər. Bundan əlavə bələdiyyələrin birləşdirilməsi istiqamətində addımların atılması səmərə verə bilər. Bakıda meriya institunun yaradılması, o cümlədən Gəncədə, Sumqayıtda və digər iri şəhərlərdə Böyük Şəhər Bələdiyyələrinin yaradılması məqsədəuyğun olar. Tutaq ki, Bakıda 53 bələdiyyə var. Bu 53 bələdiyyənin yerinə Bakıda bir Böyük Şəhər Bələdiyyəsi yaratmaq olar və bundan da müəyyən istiqamətlərdə istifadə etmək olar. Tutaq ki, irihəcmli vergilərin yığılması Böyük Şəhər Bələdiyyəsinə istiqamətləndirilə bilər.

Bələdiyyələrlə bağlı problemlərin həllinə kompleks şəkildə yanaşmaq lazımdır. Seçicilərin də üzərinə doğru namizədi seçmək məsuliyyəti düşür. Əgər onlar bələdiyyə sədri kimi təcrübəsiz şəxsi seçərlərsə, bu səbəbdən xoşagəlməz hallarla qarşılaşmaq qaçılmaz olar. Şəhər İcra nümayəndəliyi ilə bələdiyyənin bir arada olması mənasız və əlavə xərcdir”.

Vüqar Tofiqli bildirib ki, bu gün Bakı şəhərinin tərkibinə 12 inzibati rayon var:

“Hər bir rayonun da icra nümayəndəliyi var. Əslində buna ehtiyac yoxdur. Hətta Böyük Şəhər Bələdiyyəsi yaradılmasa da, prosesin operativ və birbaşa həyata keçirilməsi üçün ilk növbədə Bakı rayonlarının icra nümayəndəliklərini birləşdirmək lazımdır. Bir Bakı Şəhər İcra Hakimiyyəti olmalı, yerlərdə də regional idarəetmə formasında olduğu kimi idarəçilik sistemi qurmaq lazımdır. Bir sıra nazirliklər artıq rayonlarda regional idarəetməyə keçiblər. Bütün bu problemlərin həlli dövlət büdcəsini də əlavə yükdən xilas edər. Bunun üçün qanunvericilik bazası hazırlanmalıdır. Regional idarəemə formasına keçdikdən sonra İcra Hakimiyyətlərinin də yerlərdə məşğulluq mərkəzlərinə təsir imkanı zəifləyir.

Yerlərdə rayon icra nümayəndəliyinin saxlanılmasına il ərzində kifayət qədər vəsait ayrılır. Bakı Şəhər İcra Hakimiyyətinə bu istiqamətdə hər il 350 milyondan artıq vəsait ayrılır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 914