hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Azərbaycanda da kredit tətili veriləcək? - “Banklar əhalini yaxşıca soyub, pul və əmlakını ələ keçirib, indi də...” - DEPUTAT

Azərbaycanda da kredit tətili veriləcək? - “Banklar əhalini yaxşıca soyub, pul və əmlakını ələ keçirib, indi də...” - DEPUTAT

Koronavirus pandemiyasının yaratdığı iqtisadi və sosial problemlər bir çox məsələlərlə yanaşı, bank kreditlərində də güzəştlərin tətbiqi məsələsini ön plana çıxarıb.

Artıq Rusiya, Gürcüstan kimi ölkələrdə əhalinin kredit borclarının müəyyən müddətdə ödənilməməsi ilə bağlı qərar qəbul edilib. Azərbaycanda isə hələlik bununla bağlı qərar olmasa da, Milli Məclisin iclaslarında məsələ gündəmə gətirilib.

Maraqlıdır, Azərbaycandakı kommersiya banklarının belə bir qərar qəbul etməsi gözlənilir?

Məsələ ilə bağlı qaranlıq qalan məqamlara Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Cebhe.info-ya açıqlamasında aydınlıq gətirib. Ə.Məsimli ilk olaraq hökumətin qəbul etdiyi “Tədbirlər Planı”nda yer alan önəmli məqamlara toxunub:

“Məlum olduğu kimi, aprelin 4-də Baş nazir “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı “Tədbirlər Planı”nı təsdiq edib. Həmin “Tədbirlər Planı”nda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) veriləcək 0.5 milyard manat həcmində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, yeni verilən 500 milyon manat həcmində kreditlərin 60 faizinə dövlət zəmanətinin verilməsi, zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin 50 faizinin dövlət büdcəsi hesabına subsidiyalaşdırılması, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizmin yaradılması, Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitlərin ayrılması, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin (o cümlədən, kiçik və orta sahibkarlığın) 1 milyard manat həcmində mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması, dövlət zəmanəti olmayan mövcud bank kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10 faizinin subsidiyalaşdırılması kimi çox vacib məsələlər öz əksini tapıb”.

Deputat bildirib ki, Nazirlər Kabinetinin qərarında söhbət daha çox indi və postkoronavirus dövründə sahibkarlara əlverişli şərtlərlə kreditlərin verilməsindən gedir:

“Yəni əgər sahibkarlar bankdan 12-15 faizlə arasında kredit alacaqsa, həmin kreditlərə görə ödəniləcək faizin yükünün 2-5 fazini sahibkar özü, qalan 10 faizinin yüküni isə dövlət çəkəcək. Bütün bu sadalananlar təbii ki, çox vacib məsələlərdir. Amma proqramdan kənarda qalan məsələlər də var. Onlardan biri əhaliyə və sahibkarlara kreditlərə görə tətillərin verilməsdir. Ona görə də proqramda nəzərdə tutulanlarla yanaşı, banklardan kredit götürən və məhdudlaşdırıcı tədbirlərin təsirinə məruz qalanlara azı 3 ay, pandemiya səngiməsə, əlavə olaraq yenə bir neçə ay ərzində kredit güzəştlərinin edilməsi, eləcə də qeyd olunan səbəblərdən gecikən kreditlərin Mərkəzi Kredit Reyestində gecikmə kimi qeydə alınmaması, onların üzərinə həmin dövr üçün faizin, gecikməyə görə dəbbənin hesablanmaması kimi məsələlərin də nəzərə alınması, yəni bütün bu amilləri nəzərə alan kredit tətillərinin verilməsi çox zəruridir. Həmin qəbildən olan güzəştlər təkcə sahibkarlara deyil, eyni zamanda həm də banklara kredit borcu olan vətəndaşlarımızın müxtəlif məqsədlər üçün aldıqları və yaranmış vəziyyətdə qaytara bilmədikləri istehlak, təhsil, ipoteka və s. kreditlərinə də şamil edilməlidir”.

Əli Məsimli qeyd edib ki, bankların yüksək faiz dərəcələrinin aşağı salınması üçün zəruri stimullaşdırıcı və s. tədbirlərin həyata keçirilməsi, təkliflərin irəli sürülməsi zamanı çox vaxt bankların kommersiya strukturları olduğu deyilir. Bildirilir ki, buna görə də Mərkəzi Bank və ya digər dövlət qurumları həmin banklara, sahibkarlara və əhaliyə kreditlər sahəsində möhlət, tətil verilməsinə dair birbaşa göstəriş verə bilməz:

“Bəli, dərinə getməsək, doğrudur... Amma əvvəla, unutmaq olmaz ki, koronavirus pandemiyası və onun ətrafında gedən proseslərin yaratdığı fəsadlar fors-major halıdır. Bir sıra sahələrdə çalışan sahibkarlar, hazırda ölkəmizdə həyata keçirilən məhdudlaşdırıcı tədbirlərin təsirinə məruz qalaraq öz fəaliyyətinin dayandırmalı olub, gəlirlərin itirilməsi və azalması ilə üzləşir, icarə haqqı, kommunal xidmət haqqı, əmək haqqı və s. ödənməsi istiqamətlərində müqavilə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. Bu sahədə yaranan itkilər və xərclərin çox hissəsini dövlət öz üzərinə götürdü və hazırladığı 10 proqram üzrə həyata keçirəcək. Amma həmin proqramlardan kənarda qalan problemlərin bütün yükünü sahibkarların və əhalinin çiyinlərində saxlamaq da mümkünsüzdür. Bu hal itkiləri daha da artıra bilər. İkincisi, artıq qeyd etdiyimiz kimi, epidemiyanın yayılması forması fors-major halına uyğun olduğundan, bir sıra ölkələrin təcrübəsində olduğu kimi, bizdə də sahibkarların həmin itkilərini azaltmaq üçün hökumətin öz proqramları üzrə həyata keçirməyi nəzərdə tutduğu məlum tədbirlərlə yanaşı, özəl sektor, o cümlədən, banklar, şirkətlər, varlı təbəqə də həmrəylik nümayiş etdirməli, xalqın düşdüyü bu ağır duruma münasibətdə öz sosial məsuliyyətini dərk edib, xüsusən də kiçik və orta biznes strukturlarına, əhaliyə güzəşt etməlidirlər”.

Ə.Məsimli vurğulayıb ki, Azərbaycanda korporativ sosial məsuliyyət məsələsi lazımınca inkişaf etmədiyindən, hazırkı mükəkkəb şəraitdə onun əhəmiyyətinin vacibliyini xüsusi qeyd etmək lazımdır:

“Koronavirus insanların həyat və sağlamlıqlarına real təhlükəyə çevrilməklə yanaşı, çox ciddi iqtisadi, sosial, psixoloji problemlər də yaradaraq insanların gündəlik yaşayış tərzində, davranışlarında, dünyaya, həyata və ərafına münasibətində də ciddi təsir göstərməyə başlayıb. Bu baxımdan, pandemiya dövrü həm də “qum saatı”nın işə düşdüyü həqiqət anıdır. Bu həqiqət anı çox şey deyir. Həm də onu deyir ki, banklar yüksək faizlər və digər manupulyasiyalar hesabına əhalini yaxşıca soyub, onların əlində olan pullarının, daşınar və daşınmaz əmlaklarının xeyli hissəsini ələ keçirib. İndi əhalinin hazırkı ağır sosial-psixoloji durumdan tez çıxmasından ötrü banklar da öz sosial məsuliyyətini dərk edib, ölkədə həyata keçməyə başlayan həmrəylik işinə öz adekvat töhfəsini verməyə başlamalıdır. Pantemiyanın tüğyan etdiyi hazırkı şəraitdə bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da korporativ sosial məsuliyyət idarəetmənin və menecmentin baza ideologiyasına çevrilməli, bir tərəfdən, konkret layihələrin həyata keçirilməsi, digər tərəfdən isə hazırda hökumətin hazırladığı 10 anti-pandemiya proqramının bir hissəsində payçı rolunu oynamaqla, onun dairəsi genişləndirilməli və real təsiri nəzərəçarpan olmalıdır. Bir sıra şirkət və özəl qurumların Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsində iştirakı göstərir ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu işi genişləndirmək və işlək mexanizmlər vasitəsilə onun sosial, ekoloji, epidemioloji və s. istiqamətlərdə təsir dairəsini xeyli gücləndirmək olar. Çünki korporativ sosial məsuliyyəti idarəetmənin və menecmentin baza ideologiyasına çevirən özəl stukturların təcrübəsi göstərir ki, səmərəli mexanizm tətbiq etdikdə, taktiki effektin bir hissəsini sosial, ekoloji və s. layihələrə xərcləyib, qısamüddətli mənfəət əvəzinə,daha geniş və dayanıqlı perspektivlərə üstünlük əldə etməklə strateji effekti udmaq olur”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 22430