hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Azərbaycanda əcnəbi işçiyə ehtiyac var?- “Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əmək bazarını öyrənmir”- RƏY

Azərbaycanda əcnəbi işçiyə ehtiyac var?- “Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əmək bazarını öyrənmir”- RƏY

Xəbər verildiyi kimi, Nazirlər Kabineti tərəfindən əməkçi miqrantların yerləşdirilməsi ilə bağlı müəyyənləşdirilən kvotanın təxminən yarısı qədər əməkçi miqrant artıq müraciət edib. 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun sözlərinə görə, əgər ehtiyac olarsa, müəyyən edilən 6800-lük kvota artırıla bilər. 

Maraqlıdır, Azəraycanın əmək bazarında əcnəbi işçilərə ehtiyac varmı və bu ehtiyac daha çox hansı sahədə özünü göstərir? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, kvotanı müəyyənləşdirmək üçün əmək bazarını öyrənmək lazımdır:

“Bütün ölkələrdə kvotanın müəyyənləşmə prinsipləri var. Əvvəlcə əmək bazarı, onun ehtiyacları ərazi, şəhərlər, ixtisaslar və peşələr üzrə öyrənilir. Nəticədə buna uyğun kvota müəyyən edilir. Bizdə isə kortəbii müəyyən olunur, çünki bizdə əmək bazarı öyrənilmir. Bizdə əmək bazarındakı vəziyyət, onun ehtiyacları bilinmir, çünki ölkədə qeyri-rəsmi əmək bazarı 50 faizdən yuxarıdır. Əmək bazarının ehtiyacları öyrənilmədən, kvota müəyyən etmək mümkün deyil. Məsələn, Rusiyada Moskva və Vladivostok şəhərinin ehtiyacları fərqlidir. Ona uyğun olaraq da kvota müəyyən edilir. Bizdə bu yoxdur. Çünki Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əmək bazarını öyrənmir. Ona görə də kvota kortəbii tətbiq olunur. 6800-lük kvota təyin edilir, sonra “lazım olsa, artırarıq” deyilir”. 

Mütəxəssis işçi sayının çox və ya azlığından asılı olmayaraq, istənilən ölkədə əcnəbi işçiyə ehtiyac olduğunu diqqətə çatdırıb. 

Ölkəmizdə əcnəbi işçiyə ehtiyac olan sahələrə gəlincə, Sahib Məmmədov vurğulayıb ki, bunu bilmək üçün əmək bazarını öyrənmək lazımdır: 

“Ehtiyac məsələsinə gəldikdə isə işçiyə ehtiyac var. Əmək bazarında işçinin çox olması o demək deyil ki, əcnəbi işçiyə ehtiyac yoxdur. Məsələn, Bakıda Heydər Əliyev Mərkəzi, Olimpiya kompleksləri tikiləndə bizə elektrik üzrə ixtisaslı fəhlələr lazım idi. Bizim texniki peşə məktəblərinin məzunları lazımi işləri görə bilmirdilər, müasir işıqlandırma sistemindən məlumatlı deyildilər, ona görə də xaricdən gətirildi. İşçi qüvvəsi olmaqla deyil, gərək ixtisası yaxşı biləsən. Elə sahələr olub ki, bizdə həmin sahədə ixtisaslı kadrlar olmayıb. İstənilən ölkənin əmək bazarında məhsuldar qüvvələr çox olsa belə, əcnəbi işçi qüvvəsinə ehtiyac olur. Sadəcə olaraq, kvotanı düzgün müəyyənləşdirmək üçün əmək bazarını öyrənmək lazımdır”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 848