hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Azərbaycanda ən çox yayılan XƏSTƏLİKLƏR - Nələr öldürür?

Azərbaycanda ən çox yayılan XƏSTƏLİKLƏR - Nələr öldürür?

Hər il Azərbaycanda müxtəlif sayda ölüm hadisəsi qeydə alınır. 

Təbii ki, səbəblər də müxtəlif olur. Lakin ən böyük səbəblərdən biri son zamanlar bəzi xəstəliklərin geniş yayılmasıdır. Bildirək ki, ölkədə təkcə ölümə yol açan yox, eyni zamanda ölümlə nəticələnməyən xəstəliklər də geniş yayılıb. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən terapevt Rasif Bağırov ölümə səbəb olmayan xəstəliklər içərisində birinci yeri nevroloji xəstəliklərin tutduğunu deyib:

“Hal-hazırda Azərbaycanda ən çox rast gəlinən xəstəlik nevroloji xəstəlikdir. Bütün müraciət edən xəstələrin təxminən 80 faizində bu xəstəliyə rast gəlinir. Həyat şəraiti, proseslər insanda o qədər gərgin vəziyyət yaradır ki, insanlarda əsəb gərginliyi həddindən artıq olur. Bu, ölümə səbəb olmayan xəstəliklər sırasındadır. Bundan başqa, qrip geniş yayılıb ki, bu da mövsümlə əlaqəli olan xəstəlikdir. Mədə-bağırsaq sistemi xəstəlikləri də geniş yayılanlar siyahısındadır. Hətta demək olar ki, çox az sayda insan o xəstəliyin daşıyıcısı deyil. Çox insanın belə bir xəstəliyi var, amma həkimə müraciət etmir. Xəstəliyin səbəbi isə mədə-bağırsaq sistemi ilə bağlı qidaların həddindən artıq keyfiyyətsiz olmasıdır. Ölkədə vaxtilə təbliğat işi aparılıb ki, qoyun əti yemək olmaz, guya qoyun əti təzyiq qaldırır, ziyandır. Nəticədə insanlar kütləvi şəkildə mal ətindən istifadə edirlər. Mal əti mədə-bağırsaq sistemini qocaldır və nəticədə insanların ümumi ömür müddəti aşağı düşmüş olur”. 

Terapevt ölümə səbəb olan xəstəliklər sırasında isə onkoloji və ürək-damar sistemi xəstəliklərinin geniş yayıldığını diqqətə çatdırıb: 

“Bundan əlavə onkoloji xəstəliklər ölkədə geniş yayılıb. Ürək-damar sistemi xəstəlikləri isə bu proseslər içərisində birinci yeri tutur. Çünki qida çatışmazlığı, əsəb, stress, həyat şəraiti və s. problemlərin hamısı bir yerə yığıldıqda ürək-damar sistemi xəstəliklərinin səbəbkarına çevrilirlər. İnsanların texnologiyadan daha çox istifadə etməsi nəticəsində yaranan oturaq həyat tərzi də bu xəstəliyə müəyyən qədər təsir edir. Qidaların lazımi səviyyədə olmaması, ekoloji tarazlığın normal şəkildə olmaması onkoloji xəstəlikləri artırır. Bunlar isə ölümə səbəb olan xəstəliklərdir”. 

Həmsöhbətimiz xəstəliklərin geniş yayılma səbəbi olaraq həyat şəraitinin çətinliyini göstərib: 

“Xəstəliklərin geniş yayılma səbəbi isə həyat şəraiti ilə bağlıdır. Bizim ölkədə heç kəs özünə, sağlamlığına biganə yanaşmır. Sadəcə insanların həkimə müraciət etmək üçün imkanları yoxdur, onlara lazım olan həkimi tapıb müraciət edə bilmirlər, ortalıqda olan həkimlərə isə müraciət etmək istəmirlər. Bu gün praktik olaraq biz baxırıq ki, xəstələrin həkimə müraciəti pensiyaların, maaşların alınması müddətinə təsadüf edir. Həkimə o zaman müraciət edirlər ki, xəstəlik şiddətli ağrı yaradır. Xəstələrin kampaniya şəklində müayinə edilməsi də mümkün deyil, çünki belə olduqda ortada keyfiyyət olmur”. 

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1288