hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Azərbaycanda ərzaq bankı müzakirəsi başlayıb: “Bu, kimin fantaziyasıdırsa, zərərli fantaziyadır” - MÜSAHİBƏ

Azərbaycanda ərzaq bankı müzakirəsi başlayıb: “Bu, kimin fantaziyasıdırsa, zərərli fantaziyadır” - MÜSAHİBƏ

İstifadə müddətinə az qalmış məhsullar aztəminatlı ailələrə paylanılsın.

Bu barədə təklif Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı və PAŞA Bankın dəstəyilə “Qida tullantıları: problemin həlli yolları” mövzusunda görüşdə səslənib.

Təklifə görə, bunun üçün ərzaq bankı yaradılmalıdır və QHT-lərin köməyi ilə həmin ərzaqlar aztəminatlı ailələrə paylanılmalıdır. Aztəminatlı təbəqəyə yardım məqsədilə bu üsuldan istifadə olunması nə qədər məqsədəuyğundur?

Cebhe.info mövzu ilə bağlı iqtisadçı Akif Nəsirlinin müsahibəsini təqdim edir.

-İstifadə müddətinə az qalmış məhsulların yenidən istifadəsi üçün ərzaq bankının yaradılması məqsədəuyğundurmu?

-Mən bu işi məqsədəuyğun bilməməklə yanaşı, qeyri-real hesab edirəm. Bu ərzaqlar dükanlardan ərzaq bankına gətirilənədək, orda saxlanılanadək, aztəminatlı ailələrə çatdırılanadək ümimiyyətlə, onların istifadə müddəti keçəcək. Bununla aztəminatlı ailələrə yardım etməkdənsə, zərər edəcəyik. Bu, kimin fantaziyasıdırsa, zərərli fantaziyadır.

-Bu cür məhsullardan yararlanmağın fərqli üsulları varmı?

-Vaxtı keçmiş, yararsız məhsullar ultizasiya edilməklə ekoloji qaydada zərərsiz formaya salınır. Ərzaqları heyvan yeminə, bərk məişət tullantılarını enerjiyə, tikinti materiallarına çevirmək olar. Fransada məişət tullantılarının bir hissəsi parfümeriya istehsalında istifadə olunur. İnkişaf etmiş ölkələrin bununla bağlı təcrübəsi rəngarəng və genişdir.

-Bəs qida israfçılığının qarşısı necə almaq olar?

-Əvvala, Azərbaycanda əhali o qədər gəlirə malik deyil ki, aşırı dərəcədə israfçılıq edilsin. Demək olar ki, ölkədə israfçılıq minumumdur. Əhalinin orta aylıq əmək haqqı təxminən 700 manat olsa da, median əmək haqqı 343 manatdır. Bu, əgər 2 uşağı, həyat yoldaşı olan bir kişinin əmək haqqıdırsa, o necə israfçılıq edəcək? Digər tərəfdən, israfçılığın qarşısını almaq üçün Azərbaycan cəmiyyətində “ailə iqtisadiyyatı”nı populyarlaşdırmaq lazımdır. Bu zaman ailə daxilində proqram əsasında gəlirlərin yaranması və xərclənməsi həyata keçirilir və həmin ailənin xərcləri 30-40 faiz azalır. Bunun nəticəsində əhali nisbətən varlanır, evində ehtiyatı yaranır ki, qonşusuna da yardım edə bilsin. Ərzaq bankına alternativ olaraq QHT-ləri “ailə iqtisadiyyatını ” təbliğ etməyə çağırıram. Bu, daha səmərəli olardı.

-Aztəminatlı təbəqəyə hansı formalarda yardımlar mümkündür?

-Bütün dünyada qəbul olunub ki, aztəminatlı ailələrin əsas təminatçı dövlətdir. Hesab edirəm ki, vətəndaş cəmiyyəti maddi baxımdan bu qayğını çəkə bilməz. Çünki Azərbaycanda vətəndaş cəmiyyəti institutu inkişaf etməyib. QHT-lər 99 faiz donorlar hesabına fəaliyyət göstərir. Elə ölkələr var ki, artıq vətəndaş cəmiyyəti institutlarının 50 faizi xidmət göstərməklə vəsait qazanırlar. Tutaq ki, vətəndaş cəmiyyəti hansısa mağazalar şəbəkəsindən istifadə vaxtına az qalan məhsulları almaq istəyir. Mağaza bu məhsulları ona havayı verəcəkmi? Hesab edirəm ki, qoyulan problem realdır, amma onun çözüm yolu ərzaq bankının yaradılması deyil. Dövlətin sosial təminat fəaliyyətinin daha səmərəli olması üçün hökumətə təkliflər vermək olar.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 8702