hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Azərbaycanda ərzaq məhsulları niyə bahalaşır? - Ekspert səbəbini açıqladı

Azərbaycanda ərzaq məhsulları niyə bahalaşır? - Ekspert səbəbini açıqladı

2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiyməti 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 3,5 faiz, qeyri-ərzaq mallarının qiyməti 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiyməti isə 2,4 faiz bahalaşıb. 

Cari ilin avqust ayına nisətəndə isə istehlak məhsullarının və xidmətlərin qiyməti bir ayda 0,3 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 0,7 faiz, qeyri-ərzaq mallarının qiyməti 0,1 faiz bahalaşıb.

Maraqlıdır, ərzaq məhsullarının bahalaşmasının səbəbi nədir?

Məsələ ilə bağlı Cebhe.info-ya  açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bazarda sahibkar rəqibdən ehtiyat etmədiyi üçün qiymət artımı adekvat olmur:

“Ölkədə ərzağa olan tələbatın böyük hissəsini idxal hesabına ödəyə bilirik. Ona görə də daxildə satılan ərzaqların böyük əksəriyyətinin qiyməti xarici amillərdən asılıdır. Ölkəyə idxal olunan məhsullar isə dollarla alınır. Nə idxalda, nə daxili istehsalda rəqabət olmadığı üçün məhsulun maya dəyərinə təsir edən amillərdə artım olan zaman sahibkar bunu bəhanə gətirir və qiyməti daha çox qaldırır. 

Məsələn, yağı Yeni Zelandiyadan idxal edirik, Yeni Zelandiyada yağın qiymətinin bahalaşması, Azərbaycanda dərhal bahalaşmaya gətirib çıxarır. Yeni Zelandiyada yağın qiyməti 20-30 sent qalxıbsa, bu artım Azərbaycanda 1-2 dollara bərabər olur. Qiymət artımını dərhal bildirirlər ki, alıcılar arasında psixoloji hazırlıq formalaşsın. Bunu bəhanə gətirirlər. Sahibkarın rəqibdən ehtiyat etmək hissi yoxdur. Belə ki, otun qiyməti 1 manat bahalaşıbsa və bunun mal ətini maya dəyərində payı 10 faizdirsə, qiymət artımı 20 faiz olur. Yəni qiymət artımı adekvat olmur, çünki monopoliya var. Sahibkarın rəqibdən qorxusu olmadığına görə optimal artım müşahidə etmirik”.

Ekspert qeyd edib ki, bəzi ölkələrdə sahibkarlar məhsulu baha satdıqda bazarı itirə biləcəyini düşünərək məcbur qalıb optimal qiymət qoymağa çalışır:

“Azərbaycanda isə bu mexanizm yoxdur, ona görə də bahalaşma hökm sürür. Bazar iqtisadiyyatı modeli ilə çalışan ölkədə qiyməti tələblə təklif müəyyənləşdirməlidir. Bir şərtlə ki, bazarda rəqabət olsun. Hesab edək ki, mən xurma satıram, xurmanı bazara yalnız mən gətirirəm və bazarı uduzmaq ehtimalım da yoxdur, ona görə də məhsula istədiyim qiyməti qoyuram. Məsələn, 5 manat xərcim çıxıbsa, qiyməti 10 manat qoyuram ki, mənfəət əldə edim. Amma mənim rəqibim olan zaman mən hətta bəzi hallarda xurmanı maya dəyərindən aşağı satıram. Çünki hədəfim bazarın bir hissəsini öz ətrafında cəmləşdirmək, bazarımı daha da genişləndirməkdir. Qiymət strategiyamı sonradan işləyə bilərəm. Amma monopoliya şəraitində bu cür kombinasiyalara ehtiyac qalmır. Bazara girəndə monopolist istədiyi qiyməti qoyur. Qiymətin baha olması sahibkar üçün faydalıdır. Həmişə sahibkar məhsulu baha satmağa çalışır. Bu bütün dünyada belədir. Amma dünyada sahibkar məhsulu baha satdıqda bazarı itirə biləcəyini düşünür, buna görə də qiyməti məcbur qalıb optimal qoymağa çalışır. Azərbaycanda bu mexanizm yoxdur. Ona görə də hökumət inzibati qaydada qiymətləri tənzimləməyə çalışır. 

Akif Nəsirli hökumətin qiyməti görünməz əllərlə tənzimləməli olduğunu vurğulayıb:

“Yumurtanın qiymətinin artmasına hətta Prezident reaksiya verdi. Əslində, bazar iqtisadiyyatında hökumət qiymətə nəzarət etməməlidir. Məsələn, bir müddət əvvəl Baş nazirin müavini bazarları gəzib bəzi məhsulların baha olduğunu dedi. Amma bazar iqtisadiyyatında filan məhsul bahadır məfhumu yoxdur. Hökumətin bu cür ifadələr işlətməsi qəbahət sayılır. Hökumət qiyməti o cür tənzimləməməlidir. Hökumət mexanizmi qurub görünməz əllərlə qiyməti tənzimləməlidir. Hökumətin iki hədəfi olmalıdır: rəqabət mühitini qorumaq, stimullaşdırma ilə bazarda məhsul bolluğunu yaratmaq”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1002