hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Azərbaycanda işıq pulu verməmək də mümkündür: Amma bunun üçün azı 7 min manatınız olmalıdır

Azərbaycanda işıq pulu verməmək də mümkündür: Amma bunun üçün azı 7 min manatınız olmalıdır

Dünya ölkələrinin əksəriyyəti enerji istehsalı ilə bağlı alternativ yollara baş vurur.

Xüsusən, Günəş enerjisindən istifadə, alternativ enerji mənbələrinin ən müasiri hesab oluna bilər. Avropa ölkələrində onillərdir ki, Günəş enerisindən istifadə edilir. Bu, həm vətəndaş, həm də dövlət üçün sərfəlidir. Qardaş Türkiyədə 20 ildən çoxdur ki, günəş enerjisindən istifadə edilir. Xüsusən böyük şirkətlər, turizm sahəsi üçün günəş enerisi əvəzolumazdır.

Çünki bu sahələrdə günəş enerisinin istifadə edilməsi sərfiyyat xərclərini azaltdığı üçün müştərilərə də qiymətlər əlçatan olur. Məsələn, otellərdə günəş enerjisindən istifadə müştərilər üçün qiymətlərin sərfəli olması ilə nəticələnir. Türkiyənin bir çox şəhərlərində- Malatya, İzmir, Bodrum və s. günəş enerjisindən istifadə edilir. Artıq bu alternativ enerji mənbəyindən istifadə etmək üçün Azərbaycan da əsaslı addımlar atır.

Belə ki, Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Energetika naziri Pərviz Şahbazov xarici investisiya əsaslı bu layihəni qlobal çağırışlara, ölkə iqtisadiyyatının dayanıqlı və şaxələndirilmiş inkişafı, eləcə də energetika sektorunda aparılan islahatların məqsədlərinə cavab verməsi aspektində qiymətləndirərək deyib ki, növbəti 10 il ərzində bərpa olunan enerji mənbələrindən geniş istifadə etməklə Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi dövlət başçısı cənab İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişafı təmin edəcək Milli Prioritetlərdən biri kimi müəyyənləşdirilib. Təxminən, 200 milyon ABŞ dolları dəyərində günəş elektrik stansiyası üzrə bu müqavilələri imzalamaqla bərpa olunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərimizə daha bir addım yaxınlaşırıq.

Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası, təxminən, ildə 500 milyon kVt·saat elektrik enerjisinin istehsalına, 110 milyon kub metr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, eyni zamanda digər investorların yeni layihələrə cəlbinə yol açacaq.

Bəs fiziki şəxslər günəş paneli quraşdırmaq üçün nə qədər vəsait sərf etməlidirlər?

Cebhe.info-nun araşdırması göstərir ki, 100 sm eni, 140 sm uzunluğu olan bir günəş panelinin qiyməti təxminən 500 manatdır. Onun quraşdırılması və tam istifadəyə hazır olması isə ustaya ödəniləcək zəhməthaqqı ilə birlikdə təxminən 370 manat tutur. Ayda elektrik enerisinə 20 AZN ödənilən evə bu paneldən 8 ədəd lazımdır. Vətəndaşın bu panelləri öz vəsaiti hesabına alıb, quraşdırması və istifadəyə hazır vəziyyətə gətirməsinədək 7 min manat pul sərf etməlidir. Zavod bu panellərə 25 il zəmanət verir. Yəni elektrik enerjisi üçün ayda təxminən 20 AZN ödəyən vətəndaş bu enerjini günəş enerjisi ilə əvəz etmək istəyirsə, 25 il üçün 7 min manat pul ödəməli olur.

Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifov Cebhe.info-ya açıqlamasında bildirib ki, əgər vətəndaşlar öz vəsaiti hesabına bu panelləri alıb quraşdırırlarsa, vəsait ödəmədən istifadə edirlər:

“Bu gün dünyada alternativ enerji mənbələrindən istifadə prosesi çox sürətlə gedir. Xüsusi ilə dünyanın aparıcı dövlətləri bu istiqamətdə böyük vəsait xərcləyir. Avropada elə ölkələr var ki, enerji tələbatının 30 faizini alternativ enerji mənbələrindən alır. Bu istiqamətdə bizim ölkəmizin də gərəkli addımlar atması zəruridir.

“Masdar” şirkəti ilə bağlanan müqavilə bu addımlar silsiləsindəndir və təqdirəlayiqdir. Biz dünyada gedən proseslərdən geri qalmamalıyıq. Eyni zamanda, alternativ enerji mənbələrindən istifadə etməklə, iqtisadiyyatımızın da neftdən asılılığını azalda bilərik. Təxminən 20 il ərzində dünyanın enerji balansı alternativ enerji mənbələrinin xeyrinə dəyişəcək. Bu gün dünyada 2 milyona yaxın elektromobil istifadə edilir. Yaxın 10 il ərzində bu sayın 50 milyona çatdırılması gözlənilir. Bu, 25 dəfə artım deməkdir. Buna görə, biz də geri qalmamalıyıq. Biz digər potensial imkanlarımızı dəyərləndirmək istiqamətində də addımlar atmalıyıq. Məsələn, Abşeronun küləyindən külək enerisi almaq olar. Yəni tək günəş enerjisi ilə yetinməməliyik. Bu gün Avropada, Amerikada yeni tikilən modern mənzillərin hamısının üzərində günəş panelləri yerləşdirilir və faktiki olaraq həmin evlərin digər mənbələrdən enerji almalarına ehtiyac qalmır. Hətta ABŞ-da aparıcı şirkətlər tikdikləri mənzillərin üzərində bu panelləri yerləşdirərək, vətəndaşın istifadəsinə pulsuz şəkildə verir. Bu da bir rəqabət formasıdır. Əgər vətəndaş öz büdcəsi hesabına həmin panelləri alır və quraşdırırsa, ondan pulsuz şəkildə istifadə edir”.

Ekspert hesab edir ki, MTK-lar da bu panelləri tikdikləri mənzillərin üzərində quraşdırıb, müqavilə əsasında vətəndaşın istifadəsinə verə bilər:

“Ola bilər ki, mənzili tikən şirkət özü həmin panelləri gətirib quraşdıra bilər və müqavilə əsasında vətəndaşın istifadəsinə verər. Yenə də orada həmin enerjidən vətəndaşın hansı şərtlərlə istifadə edəcəyi müqavilədə öz əksini tapacaq. Avropada, Amerikada bu mənzil tikən şirkətlər tərəfindən vətəndaşın istifadəsinə pulsuz verilir. Bu, vətəndaşa da sərf edir. Çünki enerjiyə sərf etdiyi pulu digər məsələlərin həllinə sərf edir. Azərbaycanın müxtəlif rayonlarında da günəş panelləri quraşdırılıb. Amma çox az sayda və dar çərçivədədir. Gərək bunu ölkə ərazisində genişləndirək. Azərbaycanda həm Günəş, həm külək, həm də su enerjisindən istifadə potensialı yüksəkdir. Xüsusən işğaldan azad olunmuş ərazilərdə ermənilər xeyli mini stansiyalar qurmaqla özlərinin enerji tələbatını ödəyir, hətta enerjinin bir hissəsini Ermənistana da ötürürdülər”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1904