hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Azərbaycanda işsizlərin sayı necə hesablanır? - "Torpağı olanları fermer kimi qeydə alırlar, halbuki...”

Azərbaycanda işsizlərin sayı necə hesablanır? - "Torpağı olanları fermer kimi qeydə alırlar, halbuki...”

2021-ci il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 268,8 min nəfər olub, onlardan 4 milyon 908,2 min nəfərini məşğul əhali, 360.6 min nəfərini və ya 6,8%-ni işsiz əhali təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 678,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 913,6 min nəfər, qeyri-dövlət sektorunda isə 764,8 min nəfər təşkil edib.

Faktdır ki, xüsusilə də bölgələrdə işsizlik ciddi problem olaraq qalır.

Belə olduğu halda hazırkı rəqəmlər reallığı nə dərəcədə əks etdirir?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, əslində Azərbaycanda statistik rəqəmlər çox zaman reallıqla təzad təşkil edir:

“O cümlədən, işsizliklə bağlı rəqəmlər də şübhələr doğurur. Pandemiyanın ilk dövrlərində biz bunu gördük. Ötən ilin mart ayında rəsmi statistik rəqəmlərə görə işsiz sayı 90 min 700 nəfər idi. Ancaq sonradan 600 min insana müavinətlərin verilməsi ilə bağlı qərar verildi. Bu, o deməkdir ki, mart ayında işsizliklə bağlı rəqəmlərlə reallıq arasında təzad var idi. Ölkədə iqtisadi aktiv əhalinin sayı ilə rəsmi muzdla çalışan əhali arasında çox ciddi fərq var. Yəni bizdə rəsmi əmək müqaviləsi ilə çalışan əhalinin sayı 1,6 milyondur. Ancaq əmək qabiliyyətli əhalinin sayı 5, 5 milyon nəfərdir.

Buradan da görünür ki, burada təzad var. Düzdür, bizdə statistik məlumatlarda hesablama qaydaları fərqlidir. Torpaq sahəsi olanlar kənd təsərrüfatında çalışan kimi qeydə alınır. Təqribən 1,5 milyon insanın fermer təsərrüfatında çalışan kimi rəsmi qeydiyyatı var. Burada problemlər ondan ibarətdir ki, heç də adına torpaq sahəsi olan insanların hamısı o torpaq sahəsində çalışa bilmir.

Müxtəlif səbəblərdən, ya ərazinin kiçikliyi effekt vermədiyinə və yaxud digər problemlərdən fermer kimi kağız üzərində qeydiyyatda olsa da, bu fəaliyyət növü ilə məşğul ola bilmir. Digər kateqotiyaya daxil olanlar da kiçik sahibkarlardır, yəni VÖEN-lə çalışanlardır ki, onların da sayı 600 minə yaxındır.

Bu rəqəmlərdən də görünür ki, Azərbaycanda işsizliyin sayı rəsmi rəqəmdən daha yüksəkdir. Ona görə də rəsmi işsizlik səviyyəsinin 6 faiz civarında olması inandırıcı görünmür. Ancaq hər halda alternativ statistik məlumatlarımız da yoxdur ki, ciddi müqayisələr aparılsın, nə qədər işsizin olmasını demək çox çətindir”.

Ekspertin fikrincə, yerlərdə işsizliyin aradan qaldırılması üçün yenidən velosiped icad etməyə ehtiyac yoxdur:

“Regionlarda işsizliklə bağlı problemin həlli üçün ilk növbədə sənaye müəssisələrinin və fermerlərlə sənaye müəssisələri arasında əlaqənin yaradılması lazımdır. Yəni regionlarda sənaye müəssisələrinin yaradılması yarımfabrikat, tam məhsul istehsalına keçid zəncirinin yaradılmasına xidmət edə bilər. Ancaq kənd təsərrüfatı məhsullarının ixracı, satışı ilə yox, onların emal edildikdən sonra satışınıın təşkili ilə bağlı müəyyən işlər görülə bilər. Bu, uzun illərdir ki, müzakirə olunur, ancaq təəssüf ki, ciddi bir irəliləyiş əldə edilməyib.

İkinci bir məsələ odur ki, iqtisadi aktivliyin artırılması üçün kiçik və orta sahibkarlığa böyük dəstək prpoqramlarına ehtiyac var. Təəssüf ki, burada da problemlər var və bir çox hallarda onların imkanları çatmır ki, yeni istehsal sahələri yaratsın. Bunun üçün uzunmüddətli kreditlər lazımdır ki, bu da ölkədə yoxdur. Nəticə etibarilə regionlarda emal, xidmət, istehsal müəssisələrinin yaradılması bir müşkilə çevrilib və dövlətin ümidinə qalıb. Ona görə də bu yanaşmanın səhv olması, kiçik, orta sahibkarlığa böyük dəstək proqramlarının olmaması, xüsusilə də regionlarda işsizliyi üst səviyyəyə qaldırır”.

Nigar Abdullayeva
Cebhe.info


Oxunma sayı: 2003