hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Azərbaycanda "kölgə" işçilər: Əsasən bu sahələrdədir - AÇIQLAMA

Azərbaycanda "kölgə" işçilər: Əsasən bu sahələrdədir - AÇIQLAMA

Paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra ictimai iaşə obyektlərində və istixanalarda əmək müqavilələrinin bağlanması və əmək münasibətlərinin müvafiq qaydada rəsmiləşdirilməsinin yoxlanılması məqsədilə Vergilər Nazirliyi tərəfindən vergi nəzarət tədbirləri keçirilib.

May ayı ərzində 32 şadlıq evində və 61 istixanada keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 1 770 nəfər fiziki şəxsin əmək müqaviləsiz işə cəlb olunduğu faktı aşkar edilib. Aşkar edilmiş faktlar üzrə birinci dəfə pozuntu halına yol verildiyi üçün maliyyə sanksiyası əvəzinə vergi ödəyicilərinə xəbərdarlıq edilib.

Müqaviləsiz işləyən işçilər və iş yerləri ilə bağlı Cebhe.info-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, əmək müqaviləsi olmayan hüquqi və fiziki şəxslərlə bağlı ayrı-ayrılıqda qanunvericilikdə cərimələr (əhəmiyyətli məbləğlər), hətta qanunun pozulma halları 2-ci dəfə aşkar edildikdə və 10 nəfərdən artıq müqaviləsiz işçi aşkar edildikdə cinayət məsuliyyəti nəzərdə tutulur:

“Təəssüf ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” təsnifatlaşmış məlumatı belə təqdim eləmir. Bilirik ki, orada əmək müqavilələrinin sayı bir milyon üç yüz, bir milyon beş yüz arası dəyişir. Burada 1 nəfər 4-5 yerdə işləyir və statistikada bu 4-5 nəfər kimi qeyd olunur. Statistik orqanlarda rəsmi işçi kimi 500000-a yaxın işçi göstərilir.

Bu gün yalnız 30%-dən artıq işçinin müqaviləsi var ki, bu da əsasən dövlət sektorunu əhatə edir. Yəni 900000-dən çoxunu dövlət sektoru əhatə edir. Belə çıxır ki, özəl sektorda bir neçə yüz min əmək müqaviləsilə işləyən var. Halbuki ölkə iqtisadiyyatının 80%-dən çoxu özəl sektorun payına düşür”.

Əmək müqaviləsi olmayan işçilərin daha çox hansı sahələrdə olduğuna diqqət çəkən S.Məmmədov bildirib ki, belə hallar daha çox tikinti və xidmət (iaşə, ticarət və s.) sahələrində daha çox olur:

“Aqrar sektorda isə demək olar ki, əmək müqaviləsi yoxdu, burada vəziyyət daha acınacaqlıdır. Bu kimi qanun pozuntularının aradan qaldırılması üçün yalnız Vergilər Nazirliyi müəyyən addımlar atır”.

Əli Bədirli
Cebhe.info


Oxunma sayı: 1904