t Azərbaycanda koronavirusu təyin üçün laboratoriya yoxdur - Həkimdən CİDDİ İDDİA
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Azərbaycanda koronavirusu təyin üçün laboratoriya yoxdur - Həkimdən CİDDİ İDDİA

Azərbaycanda koronavirusu təyin üçün laboratoriya yoxdur - Həkimdən CİDDİ İDDİA

Dünya ölkələri sürətlə yayılan yeni koronavirusla (2019-nCOV) bağlı narahatdır.

Vətəndaşların bu ölümcül virusa yoluxmaması üçün profilaktik tədbirlər görülsə də, ölənlərin sayı artır.

Artıq sözügedən virus ABŞ, Vyetnam, Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrdə qeydə alınıb. Son məlumatlara görə, bu virusa yoluxanların sayı 2700, ölənlərin sayı isə 80 nəfərdir. Ölümancaq Çində qeydə alınıb. Yoluxanların 51 nəfəri sağalıb. Bir tərəfdən isə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski virusla bağlı maraqlı açıqlama ilə çıxış edib.

O, Çində yayılmış koronavirusun ABŞ-ın təxribatı olduğunu iddia edib. Jirinovskinin sözlərinə görə, ABŞ qorxur ki, Çini ötə bilməyəcək və ya bərabər ola bilməyəcək. Bu səbəbdən ABŞ iqtisadiyyatını gücləndirmək üçün belə bir təxribata əl atıb: “Bir ay ərzində hər şey bitəcək. Bu təxribat idi. Dərmanlar alındı, kimsə milyarder oldu. Onlar əsasən İsveçrədə yaşayırlar”, - deyə Jirinovski bildirib.

Maraqlıdır, koronavirus həqiqətənmi yeni qrip növüdür, yoxsa süni virusdur?

Tibb elmləri dosenti, professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında yayılan yeni virusun həqiqətən də mövcud olduğunu və çox təhlükəli qrip növü olduğunu deyib:

“Jirinovski belə bəyanat verə bilər. Əslində belə açıqlama ilə çıxış etmək üçün çox ciddi əsaslar olmalıdır. Biz bilirik ki, Jirinovski məsuliyyətli və ciddi şəxs deyil. Onun istənilən bir açıqlama verməsi təəccüb doğurmur. Amma ekspert kimi açıqlama verirsə, gərək onu sübuta yetirsin. Çünki bu, dövlətlər və ümumilikdə bəşəriyyət üçün həyata keçirilən cinayət işidir. Ona görə də bu cür bəyanatları verəndə kifayət qədər diqqətli olmaq lazımdır. Jirinovskinin danışdığının heç bir hüquqi və mənəvi əhəmiyyəti yoxdur. Bu adam bu cür sərsəm açıqlamaları daim verir. Hətta Azərbaycanla da bağlı sərsəm açıqlamaları ilə gündəmə gəlib. Koronavirus ilk dəfə 1960-cı ildən soyuqdəymə hiss olunan şəxslərin burun boşluğunda təyin olunub. Daha sonra bu virusun müxtəlif ştampları qeydə alınıb. Bütün bu ştamplardan sonra indiki ştamp mutasiyaya uğramış və güman edildiyi kimi, heyvanlara keçmiş, eləcə də heyvanlardan insanlara yoluxmuş 2019-nCOV ştampıdır. Çox təhlükəli ştamp sayılır. Yəni xəstəliktörətmə qabiliyyəti həddindən artıq yüksəkdir və hava-damcı yolu ilə yayılır. Xəstəlik orqanizmdə intoksikasiya yaradır və birdən-birə ağırlaşma, yəni sətəlcəm, pnevmaniya septik şok yaradır. Ölənlərin böyük əksəriyyəti bu septik şokdandır”.

Adil Qeybullanın sözlərinə görə, Azərbaycanda da belə xəstəlik və septik şokla ölənlər var:

“Amma biz bilmirik bu, nə ilə bağlıdır. Hər halda rəsmi qurumların açıqlamaları ortada deyil. Hesab edirəm ki, çox diqqətli olmaq lazımdır. Sərhəd-keçid zonalarında karantin tədbirləri görmək lazımdır. Ölkədə əhali ilə maarifləndirmə işi aparılmalıdır. Xəstələndiyi halda necə davaranmalı, xəstəlikdən necə qorunmalıdır kimi məlumatlara sahib olmalıdırlar. Çünki bu virusun Azərbaycanda yayılması daha çox ölümlərə səbəb ola bilər. O baxımdan, çox diqqətli olmalıyıq. Kiminsə bu məsələdə açıqlamasının bir önəmi yoxdur. Daha çox bu virusun təhlükəli olduğunun fərqinə varmalıyıq”.

Həkim onu da əlavə edib ki, şəxs və fərd olaraq bu xəstəliyi müşahidə etsək də, virusu təyin etmək üçün laboratoriya yoxdur:

“Bunu yalnız dövlətin rəsmi qurumları etmək iqtidarındadır. Açıqlamları da onlar verməlidir. Fikrimcə, xəstəlik haqqında məlumat verməyi və yaymağı qurumlar özləri üçün minus sayır. Amma fakt odur ki, bu virus hava-damcı yolu ilə yayılan xəstəlikdir. Azərbaycanla Çin arasında da ticarət əlaqələri mövcuddur. Azərbaycana daxil olan ərzaq və sənaye məhsullarının bəlkə də 90 faizi Çindən idxal olunur. Eyni zamanda, oradan ölkəmizə böyük miqrasiya və axın var. Bu baxımdan, Azərbaycanda bu virusun mövcudluğu tamamilə realdır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2113