hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Azərbaycanda kredit faizləri ucuzlaşıb: Kimlər üçün?

Azərbaycanda kredit faizləri ucuzlaşıb: Kimlər üçün?

Son günlər banklarda kredit faizlərinin yüksək, depozit və kredit faizləri arasındakı fərqin böyük olması ilə bağlı müzakirə və mübahisələr yenidən geniş vüsət alıb. 

Bəzi iqtisadçılar hesab edir ki, burada iqtisadi məsələ ilə yanaşı, həm də mənəvi bir məsələ var. Yəni heç kim ölkə vətəndaşının yüksək faizlə kredit götürməsini və kredit yükü altında qalmasını istəməz. Kredit faizləri incə məsələdir və hər bir ölkə vətəndaşını maraqlandıran, onların yaşayış tərzinə təsir edir.

İqtisadçı-ekspert Elman Sadıqov Cebhe.info-ya Azərbaycan banklarında nə üçün kredit faizlərinin yüksək olması səbəblərindən danışıb. O bildirib ki, kredit faizlərinin formalaşmasında əsas rollardan birini depozit faizləri oynayır:

“Depozit faizləri kredit faizlərinin formalaşmasında və maya dəyərində önəmli rol oynayır. Birincisi ona görə ki, xarici ölkələrdə banklarda vəsaitlərin formalaşmasında əsas rolu depozitlər oynamır. Xarici banklarda aktivlərin formalaşmasında bir çox maliyyə mənbələri əsas rol oynayır. Deməli, banklar illik 12 faizdən depozit cəlb edirlərsə, bu depozitlərin heç də hamısı kreditləşmədə istifadə edilə bilməz. Adətən, banklar cəlb olunan depozitlərin 70 faizinə qədərini kreditləşmədə istifadə edirlər. Likvidlik, hər hansı şok hadisələr və sair səbəblərdən istifadə olunmayan təqribən 30 faizlik hissə də kredit faizlərinin maya dəyərinə daxildir. Əslində, 12 faiz dediyimiz illik depozit faizlərinin maya dəyəri 15-16 faiz ətrafındadır.

İkincisi, kreditlərin verilməsi və yığılması proseslərində bankların əməliyyat xərcləri 5 faiz ətrafındadır. Əgər problemli kreditlərə çevrilirsə, yığım prosesi bu faiz dərəcəsini artırır.

Üçüncüsü, verilən kreditlərin 100 faizinin geri qayıtma zəmanəti heç bir ölkədə yoxdur, o cümlədən də Azərbaycanda. Bu, təbiidir. Ölkədə orta hesabla problemli kreditlərin həcminin ümumi kredit portfelində 12 faiz ətrafında olduğunu nəzərə alsaq, deməli verilən kreditlərin təqribən 10-12 faizinin problemli kreditlərə çevrilmə riskini nəzərə almalıyıq. Deməli, ölkədə kreditlər üzrə risk dərəcəsi təqribən 10-12 faiz ətrafındadır.

Dördüncüsü, problemli kreditlərin həlli, məhkəmə-icra prosesləri xarici ölkələrə müqayisədə nisbətən uzun çəkir. Tutaq ki, 100 min manat məbləğində bir problemli kreditin məhkəmə-icra, girovun reallaşdırılması prosesi 2, 3 və ya 4 il çəkir. Bu o deməkdir ki, həmin 100 min manat məbləğində verilmiş və problemə çevrilmiş kredit üçün cəlb olunmuş depozitə görə bank 2, 3, 4 il müddətində depozitorlara faizlər ödəyir. Çünki adətən banklar məhkəmələrdən sonra faizlərin hesablanmasını dayandırır, xarici ölkə banklarında bu təcrübə demək olar ki, yoxdur. Çünki, orada girovun reallaşdırılması daha sürətlidir”.

Analitik onu da qeyd edib ki, Azərbaycanda faizlərin hesablanmasının dayandırılması  qayda-qanunda yoxdur:

“Banklar faizlərin dayandırılmasını müştərilərə əlavə yük olmaması üçün öz təşəbbüsləri ilə daxili qaydalar əsasında tətbiq edirlər. Məhz problemli kreditlərin həlli məsələlərində mövcud olan bir çox amilləri nəzərə alan ölkə başçısı bu sahədə islahatların aparılacağı anonsunu vermişdi.

Ölkəmizin bankları transmilli banklar deyil. Dünyanın pul bazarlarına birbaşa çıxışımız yoxdur. Törəmə alətlər, beynəlxalq maliyyə əməliyyatları üçün dünya bazarlarına və ya ən azı ucuz fond cəlb etmək üçün beynəlxalq pul bazarlarına birbaşa çıxış əldə etməyin şərtləri var. Bu şərtlərin bir çoxunu bəzi inkişaf etməkdə olan ölkələrin bankları da əldə edə bilmirlər. Biz bankların kredit faizlərini inkişaf etmiş ölkələrdəki bank faizləri ilə müqayisə ediriksə, o halda fond birjası, maliyyələşmə və digər amilləri də (məsələn, problemli kreditlərin həlli ilə bağlı sürətli prosedurlar və sair) nəzərə almalıyıq. 

Yuxarıda qeyd olunan hər bir faktor üzrə xərc və riskləri illik depozit faizlərinin üzərinə gəldikdə kredit faizlərinin nə üçün 30-32 faiz olduğunu görmüş oluruq”.

Bəs, banklar yüksək faizli kreditlər verməkdə maraqlıdırlarmı? Bu onlar üçün zərərdir, yoxsa mənfəətli?

Elman Sadıqovun qənaətincə, yüksək faiz kreditin geri qayıtma ehtimalı və riskləri artırır:

“Risklər artdıqca banklar daha çox zərərə uğrayır. Yəni yüksək maliyyət = yüksək faizli kredit = daha çox problemli kredit (buna “vicious circle” (zərərli çevrə) deyirlər). Bu səbəblərdən banklar yüksək kredit faizlərində maraqlı deyillər. Bankların ən böyük marağı daha az maliyyətli maliyyələşmə mənbələrinə nail olmaqdır ki, daha az xərc müqabilində daha aşağı faizli kreditlər versinlər ki, bu kreditlərin də qayıtma ehtimalı daha yüksək olar.

Hazırda vəziyyət əvvəlki illərə nisbətən müsbətə doğru dəyişməkdədir. Əvvəla, istehlak kreditləşməsində ciddi qaydalar var və hər bir vətəndaş istədiyi qədər istehlak krediti götürə bilmir. İstehlak kreditləri üzrə banklar arasında ciddi rəqabət yaranmaqdadır ki, vətəndaşlarımız da bundan istifadə edərək daha uyğun şərtləri olan banklara üz tuta bilərlər. Biznes kreditlərində faizlər kifayət qədər enməkdədir. Hazırda əsaslandırılmış biznes-plana malik olan rentabelli layihələri illik 13-15 faizli kreditlərlə maliyyələşdirilir. Məhz belə layihələrə bu gün bank sektorunun ehtiyacı daha yüksəkdir və sektor üçün bu cür layihələrin maliyyələşdirilməsi əsas prioritet istiqamətdir. Prezidentin 28 fevral, 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı da kredit faizlərinin aşağı salınmasına öz töhfəsini verməkdədir. 

Görülən müsbət işlər və tədbirlər çoxdur. Lakin təəssüf ki, bütün qeyd olunanları təhlil etdikdə, hələ də faizlərin yüksək olmasına səbəb olan bir sıra risklərin (bu risklərin bir çoxunun yumşaldılması bank sektorunun imkanları xaricindədir) qaldığını görürük. Xüsusilə kreditlərin faiz dərəcələrinin artmasına səbəb olan xərc, risk və digər mənfi amillərin aradan qaldırılması təkcə bank sektorundan deyil, həm də hər bir sahədən asılıdır. Bu faktorların hər birinin aradan qaldırılması, risklərin yumşaldılması yolları əlbəttə mövcuddur və həll olunması mümkündür. Düşünürəm ki, səylərimiz də bu istiqamətdədir və bu istiqamətdə də olmalıdır”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 969