hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Azərbaycanda kütləvi vurulan peyvənd Avropanın siyahısına düşmədi: İNDİ NƏ EDƏK?

Azərbaycanda kütləvi vurulan peyvənd Avropanın siyahısına düşmədi: İNDİ NƏ EDƏK?

Xəbər verdiyimiz kimi, Avropa Parlamenti "Vaksin pasportu haqqında” Qanununu təsdiqləyib.

AP qanununu qəbul edən 27 ölkəyə 1 iyul tarixindən sərbəst səyahət etmək mümkün olacaq.

Belə ki, pasportda Avropa Dərman Agentliyi tərəfindən "BioNTech", "Moderna" və "AstraZeneca" peyvəndləri öz təsdiqini tapıb. Lakin qanun Çinin "SinoVac" və Rusiyanın "Sputnik V" peyvəndini tanınmır.

Bu, artıq bizim ölkə də daxil olmaqla, "SinoVac" və "Sputnik V" tətbiq edən ölkələrin vətəndaşlarlarına qarşı diskriminasiyadır.

Bəs bu peyvəndləri vurduran şəxslərin səyahət imkanı necə təmin olunacaq?

Cebhe.info-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev bildirib ki, bu, siyasi qərardır:

"Çox təəssüf ki, dərman sahəsi və koronavirus tipli xəstəliklər dünyada siyasi diplomatik vasitəyə, müharibə vasitəsinə çevirilib. Bir ölkədən digərinə təzyiq etmək üçün “dahi”, dünyanı idarə edən insanlar bu peyvənd məsələlərini də siyasiyə çevirib. Ümumdünya Səhiyyə Təşkilatının da elə güclü təzyiq vasitəsi yoxdur ki, dünyanın tanınmış və bilgili həkimlərinin sözlərini gizli və açıq idarəçilərə qəbul etdirsin. İş o yerə çatıb ki, artıq həkimlərin işlərini də bu idarəçilər həyata keçirir. İmkan verin, insanlarımız sağlam olsun. "Sputnik V" və ya digərində problem varsa, ÜST desin ki, bu peyvəndin başqalarından fərqi var. "Sputnik V" və digər peyvəndlərin ölkəmizə gətirilməsində məsuliyyət müvafiq idarələrimiz üstünə düşür. Həmin idarələr də həmin ölkələrə desin ki, sizdə o peyvəndlər hansı keyfiyyətdədirsə, bizdə də o keyfiyyətdə olsun. Bu, bizim problemdir. Amma bir ölkə qəbul edib, 3-4 ölkə bunu tanımırsa, bu, artıq silah və siyasət söhbətidir. Həmçinin, diskriminasiyadır".

A.Əliyev qeyd edib ki, güclü dövlətlər bu yolla kiçik dövlətlərə təzyiq edir:

"Biz 26 il sonra "Qarabağ Azərbaycandır" sözünü Rusiyanın ağzından güclə almışıq. Baxın, bu da, peyvənd məsələsi də - hamısı təzyiq vasitəsidir. Yeganə çıxış yolu odur ki, müvafiq orqanlarımız gecə-gündüz bu məsələni ortaya atmalı, KİV tez-tez işıqlandırmalıdır. Yaxud deməlidir ki, ay Ümumdünya Səhiyyə Təşkilatı, "SinoVac"ı qəbul eləmirsinizsə, Avropa Birliyi elə qərar versin ki, o peyvənd dünyaya yayılmasın. Bu, kiçik ölkələrin də gücü daxilində deyil".

Azərbaycan Həkimlər Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev isə qeyd edib ki, "SinoVac" və "AstraZeneca" ilə peyvənd olunanlara da həmin ölkələrə getmək imkanı yaradılacaq:

"Hər bir ölkənin, birliyin hüququ var ki, peyvəndlər haqqında hansısa qərar qəbul etsin. Hər bir ölkə və birlik açılımlara tədricən gedir. Həmin ölkələrdə, "Moderna", "AstraZeneca", "BioNTech" peyvəndləri istifadə edilir deyə ilkin olaraq həmin peyvəndləri istifadə edən şəxsləri qəbul edirlər. Yəqin tədricən digərlərinin də “peyvənd pasportu” təsdiq ediləcək. Əgər "SinoVac" və "AstraZeneva" vaksini vurdurub, həmin ölkələrə getmək istəyən şəxs varsa, bu zaman onlar yoxlamadan keçəcəklər. Əgər şəxsin testi mənfi çıxarsa və immuniteti olarsa, həmin şəxslərin də girişinə icazə veriləcək. Ola bilməz ki, həmin şəxslərin gedişinə ümumiyyətlə, icazə verməsin".

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirib ki, qərar həmin peyvəndlərin zəif olması ilə əlaqədar verilib:

"Bu məsələ çoxdan elan olunmuşdu, lakin qərar indi verilib. Çünki həmin vaksinlərin keyfiyyətcə zəif olması hər yerdə yayılıb. Bu keyfiyyət məsələləri olan yerdə hansı diskriminasiyadan söhbət gedə bilər? Sadəcə olaraq, ölkələr öz vətəndaşının sağlamlığının keşiyində dayanır. Bu da normaldır. İndi bizim ölkəyə Avropa vaksinləri də gəlir. Onlardan istifadə edərək həmin ölkələrə getmək olar".

Naibə
Cebhe.info


Oxunma sayı: 9483