hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Azərbaycanda Qurtuluş günü qeyd olunur

Azərbaycanda Qurtuluş günü qeyd olunur

Bu gün Azərbaycanda Qurtuluş günü qeyd olunur. 1993-cü ilin 15 iyunu mərhum Prezident Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçildiyi gündür. 

Ötən əsrin 90-cı illəri çağdaş Azərbaycan tarixin ən çətin dövrüdür. 1991-ci ilin 18 oktyabrında “Azərbaycanın müstəqilliyi haqqında” Konstitusya Aktı qəbul olunmuşdu.  Kommunist deputatların əksəriyyət təşkil etdiyi Ali Sovet bu qanunu mərhum Prezident Əbülfəz Elçibəyin liderlik etdiyi xalq hərəkatının təzyiqilə qəbul etmişdi. O zaman partokrat deputatlar Moskvaya bağlı Ayaz Mütəllibov-Elmira Qafarova cütlüyünün siyasi təlimatlarına uyğun şəkildə müstəqillik ideyasını yaxına qoymur, mərkəzlə əlaqəni kəsmək istəmirdilər. Ali Sovetin kommunist deputatları israrla milli ordunun yaradılmasına qarşı çıxır, iqtisadi və siyasi müstəqilliyi genişləndirməyə həvəs göstərmirdi. Ermənistanın ölkəmizə qarşı təcavüzü isə genişlənir, Moskvanın separatçılara dəstəyi güclənirdi. 

Milli ordunun yaradılması, ölkənin iqtisadi və hərbi qüdrətinin artırılması zəruri hala çevrilmişdi. 1992-ci ilin fevralında Moskva ermənilərin əli ilə Azərbaycana qarşı xain planı icra etdi. Azərbaycanın Xocalı şəhəri işğal olundu, şəhərin dinc sakinlərinə qarşı qanlı soyqırım həyata keçirildi. İmperiya başbilənləri bununla Azərbaycan xalqının gözünü qorxutmaq, müstəqillik yolundan döndərmək istəyirdi. Bu xain plana Moskvaya bağlı Azərbaycan hakimiyyəti də dəstək verirdi. Lakin xalqın tələbi ilə insanları düşmən qarşısında əliyalın qoymuş Ayaz Mütəllibov rejimi istefaya getmək zorunda qaldı. Öncə Ali Sovetin sədri Elmira Qafarova, sonra Ayaz Mütəllibov özü istefa verdi. Müstəqilliyin möhkəmləndirilməsini, Milli ordu yaradılmasını israrla tələb edən Xalq Cəbhəsi artıq faktiki olaraq hakimiyyəti ələ almışdı. Mayın 18-də Xalq Cəbhəsinin liderlərindən biri İsa Qəmbər Ali Sovetin sədri, iyunun 7-də isə AXC sədri Əbülfəz Elçibəy Prezident seçildi. Milli qüvvələr geniş islahatlara başladı. Ölkədə uğurlu təhsil, torpaq, maliyyə islahatları aparıldı. Müstəqilliyin möhkəmlənməsi milli siyasət düşmənlərini, özəlliklə şimal və cənub qonşumuzu narahat edirdi. 

Xüsusilə  rus ordusunun Azərbaycandan çıxarılması imperiyapərəst qüvvələri ciddi şəkildə narazı salmışdı. Moskva Azərbaycanın bütünlüklə əldən çıxmasına razı deyildi. Rusiyanın emissarları ölkənin ayrı-ayrı bölgələrində milli hökumətə qarşı narazılığı alovlandırdı. Qarabağda müharibə gedirdi. Yay aylarından başlanmış uğurlu hərbi əməliyyatlar payızda dayandırıldı. 1993-cü ilin qış aylarından artıq ölkədə siyasi vəziyyət gərginləşməyə başladı. Artıq orduda mərkəzi hakimiyyətə, vahid komandanlığa tabe olmamaq çağırışları səslənirdi. Bütün bu tendensiyaların arasında Moskva dayanırdı. Moskva niyyətini gizlətmir, Elçibəy hökumətini devirmək istəyirdi. Rusiya qiyamın lideri kimi Gəncədəki 709 saylı hərbi hissənin komandiri Surət Hüseynovun üzərində dayandı. Milli hökumətin  qiyamı yatırmaq cəhdi uğursuzluğa düçar oldu.  Qiyamçılar hərbi karvanla Gəncədən Bakıya yola düşdülər. Yolboyu bütün rayonlarda qanuni hakimiyyət nümayəndələrini işdən uzaqlaşdıran Surət Hüseynovun dəstəsi paytaxta yaxınlaşırdı. 

Onlar Baş nazirin, Ali Sovet sədrinin istefasını tələb edirdilər. Məqsəd hakimiyyəti ələ almaq, Bakıda Rusiyapərəst hökumət formalaşdırmaq idi. İyunun 9-da İsa Qəmbər Ali Sovetin sədri vəzifəsindən istefa verdi. Lakin o zaman ölkə rəhbərliyində ikinci post olan bu vəzifəyə Moskvapərəst deputatın seçilməsinə imkan verilmədi. Elçibəyin Bakıya dəvət etdiyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev  Ali Sovetin sədri seçildi. İyunun 15-də baş vermiş kadr dəyişikliyindən sonra qiyamın qarşısı alındı, hakimiyyətə Rusiyapərəst qüvvələrin gəlməsinə imkan verilmədi, Azərbaycanın Qərbə inteqrasiya kursu davam etdirildi. Gəncə qiyamını başladan, ona rəhbərlik edən şəxslər - Rəhim Qazıyev, Surət Hüseynov, Əlikram Hümmətov və digərləri zərərsizləşdirildi.

15 iyun 1997-ci ildən Azərbaycanda qeyri-iş günü elan olunub.

Aydın Turan
Cebhe.info


Oxunma sayı: 1904