hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Azərbaycandakı İran layihələri təhlükədə

Azərbaycandakı İran layihələri təhlükədə

İran son zamanlar Azərbaycanda investisiya layihələrinin sayını artırmağa çalışır.

Tərəflər 2017-ci ildə Neftçalada “Xəzər” avtomobillərinin istehsalına dair əməkdaşlığın qurulmasından sonra sənaye sahəsində yeni layihələr həyata keçirmək qərarına gəlib. Bura Hacıqabulda avtobus, Bakıda dərman preparatlarının istehsalı ilə məşğul olacaq birgə müəssisənin qurulması istiqamətində razılaşmalar daxildir. İranın sənaye, ticarət və mədən naziri Reza Rəhmaninin aprelin 18-də Bakıya səfəri zamanı aparılan danışıqların məzmunu da qeyd edilən investisiya layihələri ilə bağlı olub.

Lakin ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirdiyi bir vaxtda Tehran rejimi ilə ortaq iqtisadi fəaliyyətin qurulması Azərbaycan üçün bir sıra risklər yaradır. Çünki Tramp administrasiyası İranla əməkdaşlıq edəcək xarici şirkətlərə qarşı da sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. Əgər İranın farmakologiya sahəsinin ABŞ-ın terrorçu təşkilat kimi tanıdığı “Sepah”ın nəzarətində olduğunu nəzərə alsaq, Bakıda birgə dərman istehsalı müəssisəsinin yaradılması həmin layihəni beynəlxalq qadağalarla üzləşdirə bilər. Bu baxımdan, Azərbaycanın oxşar investisiya layihələrini Avropa ölkələrinin şirkətləri ilə birgə reallaşdırması daha rentabilli və risklərdən uzaq ola bilər.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, İrana tətbiq edilən sankiyaların Azərbaycana həm müsbət, həm də mənfi təsirləri ola bilər:

“İrana qarşı sanksiyalar dünya bazarında neftin qiymətinin artmasına səbəb olur. Bu da ixracatı neftdən asılı olan ölkə kimi Azərbaycana əlavə gəlir gətirir. Məsələn, dövlət büdcəsində neftin satış qiyməti 60 dollar nəzərdə tutulduğu halda dünya bazarında isə 75 dollar olması əsasən, İran amili ilə bağlıdır. Nəticədə Azərbaycan xeyli gəlir əldə edir. Amma İranla ikitərəfli investisiya layihələrinin olması və Qərbin də Tehran rejiminə sanksiyalar tətbiq etməsi həmin əməkdaşlıq sahələrinin gələcək perspektivlərini sual altına qoyur. Bu ehtimal daha çox Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlıdır. Çünki həmin nəqliyyat dəhlizi ilə bağlı ABŞ-ın sanksiyalarında konkret meyarlar var. ABŞ-ın qadağalarla bağlı qəbul etdiyi sənəddə “Logistika və İranın iqtisadi potensialının artması nəticəsində İran rejiminin güclənməsi” adlı bənd var. Azərbaycanın İranla birlikdə həyata keçirmək istədiyi bir çox layihələr həmin bəndin təsiri altına düşə bilər. Əsas investoru Azərbaycan olan Şimal-Cənub dəmir yolu xətti layihəsinin reallaşması sual altına düşə bilər.

Avtomobil sənayesi ilə bağlı birgə müəssisələrin yaradılmasına gəlincə, bu əslində, zavod deyil. Bu sadəcə olaraq, istehsal gücü az olan avtomobil yığımı müəssisəsidir. İl ərzində Azərbaycanda 900 avtomobil yığılacaq ki, bunun da ABŞ-ın sanksiyalarına məruz qalacağını düşünmürəm. Amma farmakologiya sahəsində problemlər ola bilər. Xüsusilə də İran şirkətlərinin formakologiya sahəsində gəlirlərin əldə olunmasında, bank köçürmələrində müəyyən problemlər yaşana bilər. Dərman preparatlarının istehsalını Avropa şirkətləri də Azərbaycanda məmnuniyyətlə həyata keçirərdilər. Çünki Azərbaycan coğrafi baxımdan çox əlverişli məkanda yerləşir. Azərbaycan Mərkəzi Asiyaya açılan qapıdır. Burada istehsal edilən dərman preparatlarını Rusiyaya ixrac etmək mümkündür. Bu isə 300-350 milyon dollarlıq bir bazar deməkdir. Lakin Azərbaycanda investisiya mühitindəki problemlər buna mane olur. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmadığından avropalı investorlar belə layihələrə maraq göstərmir. İran üçün Azərbaycanın ÜTT-yə üzv olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Ona görə də İran fərdi müqavilələr bağlayaraq bu cür addımlar atır”.

“Orta Doğu” Araşdırmalara Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, Azərbaycanın İranla birgə həyata keçirmək istədiyi investisiya layihələrinin ABŞ-ın sanksiyalarına məruz qalacağı barədə danışmaq hələ tezdir. Çünki ikitərəfli razılaşmalar əldə olunsa da, ABŞ-ın diqqətini cəlb edəcək real nəticə demək olar ki, yoxdur:

“Azərbaycanda inşa ediləcək avtomobil quraşdırılması və farmakologiya sahəsində müəssisələrin istehsalından İran İslam İnqilabı Keşikçiləri Qvardiyası hələ ki, gəlir götürmür. İran Azərbaycana sərmayə qoymaq istəyir. Bu sərmayənin nə vaxtı, istehsaldan nə qədər gəlir götürəcəyi dəqiq məlum deyil. Amma Azərbaycandakı həmin müəssisələrlə ABŞ-ın sanksiya tətbiq etdiyi qurumlar arasında əlaqənin olduğu təsdiqlənərsə, o zaman problem yarana bilər. Ona görə də Azərbaycan tərəfinin bu həssas məsələni nəzərə almadığına inanmıram. Hazırda ABŞ üçün başlıca prioritet məsələ İranın neft ixracının qarşısını almaqdır. Çünki neft satışından gələn gəlirlə İran hakimiyyəti də öz ideoloji təbliğatını qurmaq üçün istifadə edir, İslam İnqilabı Keşikçiləri Qvardiyası da maliyyələşir. Bu baxımdan, ABŞ-ın Azərbaycana qarşı sanksiyalaşdırıcı addımlar atacağı hələlik real görünmür. İranla bağlanmış müqavilənin dəyəri çox yüksək deyil. Son 20 ildə Azərbaycanla İran arasında ümumi ticarət dövriyyəsi 3,4 milyard dollar olub. Bu da il ərzində 170 milyon dollar civarında bir göstəricidir. İranın Azərbaycana qoyduğu investisiyaların həcmi yüksək deyil. Üstəlik, birgə müəssisələrin inşasına dair son layihələrin dəyəri də açıqlanmayıb. Ona görə də bunu ciddi məsələ saymıram. İranın maliyyə durumu da Azərbaycana sərmayə yatırmağa imkan vermir. Əgər İranın elə imkanları var idisə, Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi üçün Azərbaycandan 500 milyon dollar krediti niyə alırdıə Azərbaycana sərmayə yatıracaq şirkətin “Sepah”la əlaqəsi hələ sübut olunmayıb. Əgər bu öz təsdiqini taparsa o halda, ABŞ sanksiyalaşdırıcı qərarlar qəbul edə bilər. Hazırda isə belə bir fakt yoxdur”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 8310