hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Azərbaycandan Saakaşviliyə təklif? - “İvanişvili komandasının hakimiyyətdən getməsi üçün əlimizdən gələni edəcəyik”

Azərbaycandan Saakaşviliyə təklif? - “İvanişvili komandasının hakimiyyətdən getməsi üçün əlimizdən gələni edəcəyik”

Gürcülərin Azərbaycanla sərhəddə yerləşən “Keşikçidağ” monastr kompleksi ətrafında yaratdığı problem iki ölkənin münasibətlərinə təhdiddir. 

Sağlam düşüncəyə sahib gürcü siyasətçiləri İvanişvili hakimiyyətinin yanlış mövqedə olduğunu bəyan edir, Azərbaycana dəstəyini bildirir. Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilidən də baş verən hadisələrlə bağlı Bakıya dəstək gəlib.

“Azərbaycanlılar və türklərin yerində olsaydım, bunları “heç kim” yerinə saymazdım. Hər kəs özünə hörmət edir. Biz İvanişvilinin bizim üçün müəyyən etdiyi yerdəyik. Biz regionun ən cəlbedici, həmçinin dünyanın bir nömrəli reformator ölkəsiydik, amma indi kiçik kəndə çevrilmişik. Rusiya bizi qapadır. Artıq Lazika limanı layihəsini boğublar”,-deyə Saakaşvili qeyd edib.

“Keşikçidağ” problemi ilə bağlı müxətlif təkliflər də səslənir. Təkliflərdən birinə görə, Azərbaycan qarşı tərəfə ziyarət üçün yalnız sərhəd-buraxılış məntəqəsi vasitəsilə icazə verməlidir. Əks təqdirdə bu, gələcəkdə başqa bəlaya çevriləcək.

Daha bir təklif isə Mixail Saakaşvili ilə bağlıdır. Təklif olunur ki, Saakaşvili Azərbaycana dəvət edilə, ona iri dövlət şirkətlərinin birində müşavir, yaxud nüfuzlu ali məktəbdə kafedra müdiri vəzifəsi təklif oluna bilər. Hesab edilir ki, bu,  Gürcüstan hakimiyyətinə təzyiq xarakteri daşıyar. Qeyd edək ki, Saakaşvili hakimiyyəti İvanişviliyə uduzduqdan sonra Saakaşvili ölkəni tərk edib. Gürcüstanda Saakaşvili haqqında müxtəlif ittihamlarla cinayət işi qaldırılıb. Buna görə də Saakaşvili Gürcüstana qayıda bilmir.

Səslənən təkliflərlə bağlı “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin fikirlərini öyrəndik. Z.Məmmədli Cebhe.info-ya şərhində İvanişvili hakimiyyətinin bolşevik düşüncəli olduğunu deyib:

“Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Görürük ki, Mixail Saakaşvili bunu edir. O, dövlətin başçısı olub və islahatların memarı kimi tarixdə adı, yeri var. Təbii ki, yenilik edən fiqur  olaraq Saakaşvilinin də yanlışları olub. Hesab edirəm ki, biz prosesin üzərinə getməliyik. Xırda duyğularla, hislərlə davranaraq Gürcüstana təsir etmək faydasız olar. Mixail Saakaşvili də özünə görə siyasi fiqurdur və ona hansısa bu cür təkliflər vermək doğru olmaz. Sadəcə olaraq, Gürcüstan iqtidarı cinayət edir və Azərbaycan-Gürcüstan dövlətləri arasında olan təməl prinsipləri pozur. Türkiyəyə də “qarmaq atmaq” istəyir. Bütün bunların adı açıq formada deyilməlidir. İvanişvilinin komandası dostluq prinsiplərinə zidd davranır. Onun komandası xalqların birlik asayişini, dövlətlərin strateji tərəfdaşlığını təhdid edir. İvanişvilidən soruşmaq lazımdır ki, sən ayının əmisi oğlusan, yoxsa bu bölgədə yaşayan insanların? Amma görün odur ki, İvanişvili dost kimi davranmır. Üzdə “Avropa, dəyərlər” deyə bilərlər, amma eyni zamanda müəyyən çirkli kapitalın təsiri altında Cənubi Qafqazda missioner kimi davranır, hadisələrə bolşevik təfəkkürü ilə yanaşırlar. Gürcüstanda islahatların memarı olan Saakaşvilini yeni hakimiyyət qorumalı idi. Amma bu cür şəxs  ölkədən didərgin düşüb. Saakaşviliyə saxta ittihamlarla cinayət işi açılır. Onun yaxınları, çevrəsi təqib olunur. Bütün bunlar  bolşevik yanaşmasıdır. O cümlədən, İvanişvili ürəkdən Azərbaycan-Gürcüstan dostluğunu istəsəydi, bu dostluğun mənəvi memarlarından biri olan Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qadağa qoymazdı. Əgər bu, xalqların, mədəniyyətlərin birliyini istəsəydi, Borçalı türklərinin Elat mədəniyyəti kimi möhtəşəm dostluq bayramının adını  “Dmanisoba” etməzdi. Bu adam öz xain və bolşevik təfəkkürü ilə türk millətinə düşmənçilik edir”. 

Zəlimxan Məmmədli sonda qeyd edib ki, İvanişvili diplomatik həddi aşaraq Azərbaycana zərbələr vurur: 

“Bunun gürcü xalqına, sağlam düşüncəyə  aidiyyatı yoxdur. Çirkli kapitalı hesabına Kremlin dəstəyi ilə Gürcüstan hakimiyyətinə sahiblənən İvanişvili gürcü və Azərbaycan xalqının, Gürcüstan-Azərbaycan dostluğunun düşmənidir. Bunu deməyə cəsarətimiz çatarsa, bu, hər şey deməkdir. Saakaşvili öz millətindən olan bir nümayəndə haqqında fikir bildirirsə, cəsarət sahibidir, həqiqəti söyləyir. Biz də Gürcüstan-Azərbaycan münasibətində İvanişvili və onun komandasının adını açıq formada üzlərinə deməliyik. Bəyan edirəm ki, İvanişvili komandasının Gürcüstan hakimiyyətindən yox olması üçün əlimizdən gələni edəcəyik. Beynəlxalq hüquq çərçivəsində lazım olan bütün addımlar atılacaq”. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 8229