hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Azərbaycanın düşməni Ağ Evdə?

Azərbaycanın düşməni Ağ Evdə?

ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden rəsmən 2020-ci il prezident seçkilərinə Demokratlar Partiyasından namizədliyini irəli sürüb.

Bayden Ağ Evə rəhbərlik uğrunda demokratların düşərgəsində Donald Trampa rəqib ola biləcək ən güclü namizəd sayılır. Donald Tramp Co Baydenin qərarına münasibət bildirib. “İşıqlı Co, prezident seçkiləri mübarizəsinə xoş gəlmisiniz ”-deyən Tramp Baydenin kifayət qədər uzun müddətli kampaniya aparmaq üçün intellektual qabiliyyətinin şübhə altına alınsa da, buna malik olduğuna ümid etdiyini deyib.

"Bu xoşagəlməz olacaq - həqiqətən çox xəstə və ağılsız ideyalara sahib insanlar ilə məşğul olacaqsınız"-prezident Tramp özünün “Tvitter” səhifəsində belə yazıb.

Sabiq Delaver ştatının senatoru, Obama administrasiyasının iki dönəm vitse- prezidenti olmuş Co Bayden partiya daxili praymerizdə Berni Sanders, Bert Orurk, Elizabet Uorren kimi güclü rəqiblərlə yarışacaq. Lakin Baydenin xarici işlər, kriminal ədalət və daxili siyasət təcrübəsi digər prezidentliyə namizədlərdən daha üstündür. 76 yaşlı Co Baydeni digər namizədlərlə müqayisədə önə çıxaran başlıca səbəb onun yüksək idarəçilik təcrübəsinə malik olmasıdır. Bayden video müraciətində Trampın ABŞ-ın öz əsas dəyərlərini və dünyadakı mövqeyini təhlükəyə atdığını söyləyib.

"İnanıram ki, tarix bu prezidentin dörd ilinə geri baxacaq və bunu nifrət anı kimi qəbul edəcək. Amma biz Donald Trampa Ağ Evdə səkkiz il verəcəyiksə, biz əbədi olaraq bu millətin xarakterini və kimliyimizi dəyişirik. Mən buna dözə bilmərəm, bu, baş verə bilməz"-Bayden belə deyib. Pensilvaniya ştatının Skranton şəhərində anadan olmuş və daha sonra Delaverə köçmüş Bayden demək olar ki, bütün karyerası boyu milli siyasətdə olub. 1972-ci ildə ilk Konqresə seçilən Co Bayden 36 il Konqresin üzvü olub. 2008-2016-cı illərdə isə ABŞ-ın vitse-prezidenti postunu tutub. Amerikalı ekspertlər hesab dir ki, demokratlar partiyasında vahid liderlik probleminin yaşandığı hazırkı vaxtda Co Bayden demokratları ümummilli səviyyədə öz ətrafında birləşdirə bilər. Bu isə onun seçkilərdə şansını artıran amillərdən birinə çevrilə bilər. O, yüksək postlar tutub, Senatın sədri və vitse-prezident olub. Co Bayden Donald Trampla arqumentlərə əsaslanan və təcrübəli şəkildə mübarizə apara biləcək yeganə siyasətçidir. Onun digər üstünlüyü ABŞ yəhudiləri arasında Trampdan daha yüksək nüfuza malik olmasıdır.

Lakin Co Baydenin nöqsanı onun ahıllığıdır. Belə ki, 2020-ci ildə Co Baydenin 77 yaşı olacaq. Bu, 2024-cü ildə 81 yaşı olacaq Baydenə gənclərin səslərini qazanmaqda problem yarada bilər. Lakin bəzi ekspertlərin fikrincə, seçkiyə yaxın reytinq göstəriciləri dəyişə bilər. Ona görə də Co Baydenin 2020-ci il noyabrın 3-nə qədər demokratların favorit namizədi olaraq qalacağını söyləmək çətindir. Buna baxmayaraq, Co Baydenin sağ mərkəzçi mövqeyə malik olması onun şanslarını artıran amillər sırasına daxildir. Belə ki, Demokratlar Partiyasının nüfuzlu namizədləri olan Berni Sanders və Beto Orurk solçu baxışları ilə tanınır. ABŞ-ın siyasi sistemində isə bir qayda olaraq, solçu cərəyanlar aparıcı yer tutmur. ABŞ həmişə sosializm sisteminə qarşı mübarizənin başında dayanan dövlət olub. Həmin siyasət bu gün də Latın Amerikası ölkələrində davam etdirilir. Ona görə də sağ mərkəzçi mövqeyə malik Co Bayden praymerizdə digər solçu namizədlərə asanlıqla qalib gələrək Trampın əsas rəqibinə çevrilə bilər.

Bu baxımdan, Co Bayden prezident seçilməsi ABŞ-ın xarici siyasət kursuna da ciddi təsir göstərəcək. Yəni Baydenin prezidentliyi Azərbaycanla münasibətlər nöqteyi-nəzərindən maraq doğurur. Qeyd edək ki, Co Baydenin vitse-prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri heç də isti olmayıb. Bu isə Barak Obama administrasiyası ilə Azərbaycan arasında bir sıra məsələlərə dair fikir ayrılığı ilə bağlı olub. Baydenin özü isə ABŞ siyasi dairələrində daha çox erməni lobbisinin nümayəndəsi kimi tanınır. O, 1992-ci ildə Azərbaycana qarşı sanksiyalaşdırıcı qərarı nəzərdə tutan “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişin əsas müəlliflərindən sayılır. Həmin sənəd Dağlıq Qarabağın Azərbaycan tərəfindən “işğalı” və Ermənistanın blokadasına son qoyulmasını nəzərdə tutur.

Qeyd edək ki, erməni lobbisi hazırda da Co Baydenə dəstəyini davam etdirir. Bu səbəbdən Bayden 2020-ci ildə keçiriləcək seçkilərdə ABŞ-da yaşayan erməni diasporasının və erməni lobbisinin siyasi dəstəyinə xeyli ümid bəsləyir. Ermənistan prezidenti Armen Sarkisyan mart ayında ABŞ-a səfəri zamanı erməni lobbisinin fəal nümayəndəsi kimi Co Baydenlə görüşərək ona dəstəyini ifadə edib. Ona görə də Co Baydenin prezident seçilməsi ermənilərin maraqlarına cavab verir. Bayden həm də anti-türk mövqeli siyasətçi kimi tanınır. Belə ki, Türkiyə ərazisinin parçalanması hesabına Yaxın Şərqdə müstəqil kürd dövlətinin yaradılması ideyasının müəlliflərindən biri Co Baydendir. Həmin ideyadan imtina etmək barədə Türkiyə rəhbərliyinin vitse-prezident olduğu dövrdə Co Baydenlə apardığı danışıqlar heç bir müsbət nəticə verməyib. Co Bayden ABŞ-ın PKK terror təşkilatı ilə müttəfiqliyini quranlardan biri olub.

Yəni Co Baydenin prezident seçilməsi nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına cavab vermir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 24885