hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Azərbaycanın iqtisadi təhlükəsizliyinə təhdid: Mikayıl Cabbarov “ağarma indikatoru”ndan danışdı

Azərbaycanın iqtisadi təhlükəsizliyinə təhdid: Mikayıl Cabbarov “ağarma indikatoru”ndan danışdı

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. 

Cebhe.info xəbər verir ki, konfransda Azərbaycan, Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya Federasiyası, Latviya, Qazaxıstan və Çilidən kölgə iqtisadiyyatı məsələləri üzrə ixtisaslaşmış alimlər, audit və mühasibatlıq üzrə beynəlxalq və yerli qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun, kütləvi informasiya vasitələrinin, ümumilikdə 60-dan çox qurumun nümayəndələri iştirak edib. 

Konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflıq və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparılması olub. 

Konfransı giriş sözü ilə açan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Qloballaşma şəraitində ölkənin milli strategiyasının prioritet istiqamətləri barədə: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib. O, son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, kölgə iqtisadiyyatının miqyasının azaldılması, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıb. 

Vergilər naziri Mikayıl Cabbarov konfransda “Vergi islahatlarının kölgə iqtisadiyyatına təsirləri” mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, kölgə iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla, ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır. Vergi yükünün və kölgə iqtisadiyyatının miqyasının azaldılmasına, şəffaflığın yüksəldilməsinə və sahibkarlıq mühitinin yaxşılaşdırılmasına xidmət edən vergi islahatları barədə danışan nazir bu islahatların müsbət nəticələri barədə məlumat verərək, cari ilin ötən dövrü ərzində əvvəlki illə müqayisədə dövlət büdcəsinə vergi daxilolmalarının əhəmiyyətli şəkildə artdığını diqqətə çatdırıb. Nazir bildirib ki, artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında baş vermiş “ağarma indikatorları”nın rolu burada həlledici olub. Biznesin leqallaşma prosesinə istiqamətləndiyini müsbət hal kimi qeyd edən Mikayıl Cabbarov bu prosesin daha çox ticarət, ictimai iaşə və xidmət sektorunda müşahidə olunduğunu vurğulayıb. ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb olunan dövriyyələrdə, həmçinin qeyri-neft-qaz sektorunun dövriyyələrində artım dinamikasının iqtisadiyyatda “ağarma” və şəffaflaşma proseslərinin sürətlənməsinin nəticəsi olduğu bildirilib. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 397