hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən Cebhe.info-ya verilən məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 11 milyard 957,6 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 7564,7 milyon dollarını və ya 63,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 4392,9 milyon dollarını (36,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3171,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 21,3 faiz artmış, real ifadədə isə 10,2 faiz, o cümlədən idxal 13,4 faiz, ixrac 7,8 faiz azalmışdır.

2021-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,8 faiz, real ifadədə 11,9 faiz artaraq 907,6 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 36,8 faizini İtaliyaya, 16,3 faizini Türkiyəyə, hər biri 4,7 faiz olmaqla Hindistan və Gürcüstana, 4,6 faizini İspaniyaya, 3,9 faizini Rusiyaya, 3,7 faizini İsrailə, hər biri 2,6 faiz olmaqla Ukrayna, Portuqaliya və Tunisə, 2,4 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Birləşmiş Krallıq və Tailanda, 1,7 faizini Belarusa, 1,6 faizini Çinə, 1,2 faizini İsveçrəyə, 7,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,8 faiz), Türkiyəyə (28,1 faiz), İsveçrəyə (10,0 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,2 faiz), Çinə (1,9 faiz), Ukraynaya (1,6 faiz), Türkmənistana (1,6 faiz), Qazaxıstana (1,2 faiz), Özbəkistana (1,2 faiz), Birləşmiş Krallığa (1,0 faiz), Belçikaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 15,0 faizi Türkiyə, 12,7 faizi Çin, 6,6 faizi Almaniya, 4,4 faizi ABŞ, 4,0 faizi Ukrayna, hər biri 3,5 faiz olmaqla İran və İtaliya, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, 1,2 faizi Belarus, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Cebhe.info


Oxunma sayı: 903