hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Toylar bərpa olunarsa: Müğənnilər qiyməti qaldıracaq? - BİZİM SORĞU

Toylar bərpa olunarsa: Müğənnilər qiyməti qaldıracaq? - BİZİM SORĞU

Müğənnilərin toy qiymətləri hər zaman insanların marağında olub.

Bəzi sənətçilərin fantastik toy qiymətləri olsa belə, bu amil insanları onlardan uzaqlaşdırmayıb. Lakin hazırda koronavirus səbəbilə ölkədə toy məclislərinin dayandırılması bu sahədən qazanan hər kəsə, o cümlədən müğənnilərə də təsir göstərib.

Maraqlıdır, karantindən öncə məclislərə yüksək qiymətə gedən müğənnilərimiz toyların bərpasından sonra qiymətlərdə güzəşt etməyi düşünürmü? Nəticə etibarilə, koronavirus bütün sahələrə zərbə endirib, insanların maddi durumunda da düşüş yaranıb.

Cebhe.info bununla bağlı olaraq, müxtəlif məşhurlar arasında sorğu keçirib.

Bütün toyu 10 000 manata apardığı söylənilən müğənni Nadir Qafarzadə bildirib ki, karantindən öncə də konkret toy qiyməti olmayıb və güzəştlərə hər zaman açıq olub:

"Artıq mart, aprel, iyun, avqust ayları üçün danışılan toylar yerində qalıb. Onların behi də alınıb, yeyilib də, xərclənib də. İki toyun behi qaytarıldı. Çünki onlar daha toyu etməməyi qərara aldılar. Hələ də zənglər var, insanlar ümidlə yaşayır. Konkret qiymət yoxdur. Ola bilər ki, tanışdır, qohumdur, dostdur, ona qiymət deyə bilmirsən. Hətta deyirsən ki, musiqiçilərin pulunu ver, mənim yox, gəlib oxuyaram. Çünki mən özümə cavabdehəm. Belə baxanda musiqiçilər deyər ki, bu sənin tanışındır, mənim yox. Buna görə də qiymətlər həmişə oynayıb. Qiymət barədə məlumat verən şəxslər də elə fantastik qiymətlər deyirlər ki, insanlar qorxub müraciət eləmir. Özlərini reklam etmək üçün deyirlər ki, hə, bunlar baha qiymətə gedir. Vallah, indi elə müğənni var ki, adını toya baha gedən müğənnilərin sırasına yazdırır, amma elə bir qiymətə toya gedir ki, görürsən, adi qiymətdir. Uzun sözün qısası, şişirdilmiş qiymətlər çoxdur. Amma indi insanlarda o durum deyil, o pul yoxdur ki, sənətçiyə versinlər. İl ildən pis gəlir. İnsanları da düşünmək, anlamaq lazımdır. Düşünürəm ki, qiymətləri qaldırmaq lazım deyil. Özüm də bundan sonra qiymət qaldırmağı düşünmürəm. Əksinə, güzəşt olacaq. Çünki bu vəziyyət hər kəsə ziyan vurdu. Hətta pullu insanlar da zərərlə qarşılaşdı. Çünki obyektlər işləmir, biznesmenlərin də işləri dondurulub. İş yoxdursa, pul da yoxdursa, demək müğənniyə veriləcək nəsə yoxdur. Bu baxımdan, mütləq güzəştə gedəcəyik. Təki toy olsun, ucuz da gedərik. Nə var burada? Toyun olmamazlığı yalnız müğənninin ziyanı deyil. Milyonlarla insan bu toy bazarından bəhrələnib, evinə çörək pulu aparır. Təki onların işləri bərpa olunsun, biz bitəhər yola verərik. Belə də ki, hələ ehtiyatda bir az nələrsə var. İndi harada qırıldı, qırıldı".

15 000 manata toya getdiyi bildirilən müğənni Xəyyam Nisanov isə onun haqqında yayılan toy qiymətlərinin doğru olmadığını bildirib:

"Əslində mən şirkətlə işləyirəm. Bizdə hər şey rəsmi şəkildədir. Odur ki, haqqımda qeyd edilən qiymətlər yanlışdır. Bunu necə araşdırıblar? O ki qaldı güzəştə, bu gün heç sifariş də yoxdur ki, güzəştdən söhbət getsin. Ümumiyyətlə, ilin axırına qədər heç bir sifarişimiz yoxdur. Toylar başlayandan sonra bu barədə danışmaq olar".

Bir toyu 20 000 manata idarə etdiyi deyilən Əməkdar artist Abbas Bağırov məclislərin bərpa olunacağı halda güzəştə gedəcəyini söyləyib:

"Bəli, təbii ki, toyların bərpasından sonra güzəştlər olacaq. Bunu planlaşdırırıq. Çünki biz həmrəyliyimizi tək sözdə yox, əməldə də təkrarlamalıyıq. Toyların olmaması hamıya necə təsir edibsə, bizə də o cür edib. Mənim heç kimdən fərqim yoxdur. Təəssüflər olsun ki, biz musiqiçilərin gəlir yeri təkcə toydur. Çətin olsa da, idarə etməyə çalışırıq. Yəni vəziyyət əvvəlki kimi deyil. Ümid edirəm, bu vəziyyət düzələr, xalqımızın gəlir yerləri yenidən bərpa olar".

Bütün toyu 10 000 manata apardığı söylənilən Əməkdar artist Vasif Məhərrəmli isə yalnız toyların bərpasından sonra bu barədə danışacağını deyib:

"Bərpa olsun, sonra danışarıq. Vallah, indi heç nə deyə bilmərəm. Allaha şükür, hamı necə, biz də elə dolanırıq. Ellə gələn toy-bayramdır. Bu bəşəriyyətin bir bəlasıdır, təkcə Azərbaycanın yox. Ümid edirəm, hər şey yenidən axarına düşər".

Naibə
Cebhe.info


Oxunma sayı: 5666