hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Toy qadağası götürüldü: Müğənnilər qiyməti artıracaq?-"20 dəqiqəyə 2 min istəyirəm"-BİZİM SORĞU

Toy qadağası götürüldü: Müğənnilər qiyməti artıracaq?-"20 dəqiqəyə 2 min istəyirəm"-BİZİM SORĞU

Bu gün “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən müəyyən qaydalara riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir.

Belə ki, 2020-ci ilin mart ayının 13-dən etibarən şənlik mərasimlərinin keçirilməsinə icazə verilmirdi. Bu səbəndən də müğənnilərimiz hər zaman TƏBİB-ə, Nazirlər Kabineti yanında Operativ Qərargaha iradlarını bildirirdi.

Maraqlıdır, uzun zamandan sonra arzularına çatan şou əhli toy qiymətlərini qaldırmağı düşünürmü?

Cebhe.info bununla bağlı olaraq müğənnilər arasında sorğu keçirib.

Müğənni Səidə Sultan bildirib ki, qiymət artımı olmayacaq:

“Sadəcə olaraq, qiymətlər necədirsə, elə də qalacaq. 20 dəqiqəlik çıxışa 2 min manat, 1 saatlıq toya isə 2-4 min arası gedirəm”.

*Müğənni Vasif Məhərrəmli qeyd edib ki, qiymətlərdə güzəşt vəziyyətə uyğun olaraq dəyərləndiriləcək:

“Qiymətlər yerindədir, qalxmaq məsələsi ola bilməz. Yəqin ki, güzəşt məsələsi də vəziyyətə uyğun planlaşdırılacaq. Şükürlər olsun ki, toylar fəaliyyətə yenidən başladı, ancaq bizim sevincimiz tək buna görə deyil. Həm də ona görə sevinirik ki, yoluxma sayında ciddi azalmalar var. Bu da çox yaxşı haldır. Toy bu gün olar, sabah olmaz. Əsas odur ki, yoluxma azdır, ölüm yoxdur. Özüm də peyvənd olunmuşam. Artıq peyvəndin birinci dozasını vurdurmuşam, növbəti dozası qalıb”.

Müğənni Nazənin isə deyib ki, pandemiyadan öncə söz verilən toyları apardıqdan sonra qiymət artımı barədə düşünə bilər:

“Əvvəlki qiymətlərimiz qalır. Pandemiyadan qabaq danışdığımız bir neçə toyumuz var. Onlarda iştirak edib onları yola verdikdən sonra yeni sezon qiymətlərinə də baxacağıq. Mənə elə gəlir ki, elə böyük dəyişiklik olmayacaq. Qiymətləri mətbuatda açıqlamırıq”.

Müğənni Xurman Şuşalı bildirib ki, hər sahədə qiymət artıb, ona görə toy qiymətləri də qalxmağa məcburdur:

“O qədər həvəsdən düşmüşük ki, toyların yenidən fəaliyyətə başlaması məni o qədər də sevindirmədi. Karantin o qədər ruhdan saldı ki. Toylar başlayandan sonra yəqin, kefimiz də düzələr. Əgər karantindən qabaq mağazadan 100 manata 2 çanta bazarlıq edirdiksə, artıq indi 100 manata 1 çanta bazarlıq edirik.

Hər şeyin qiyməti qalxıb. İşçiyə də deyəndə ki, bu qiymətə işlə, o da deyir ki, hər şeyin qiyməti qalxıb, mən çatdıra bilmirəm, mümkünsə, qiyməti artırın. Buna görə də bəzi paketlər var ki, onun qiymətini qaldırmışam. Biz də yoruluruq, həm oxuyuruq, həm aparıcılıq edirik. Əziyyətimin də qonararını istəyirəm. İstədiyimiz qonarar verilirsə, gedirik”.

Müğənni Cavanşir Quliyevin sözlərinə görə, qiymət artımı etmək düzgün deyil:

“Toy qiymətlərində artım etməyəcəyəm. Necə artım edim? İnsanlar pandemiyadan təzə çıxıb. Adam toysuz qalanda qiyməti artırır? Bu düzgün deyil. Qiyməti artıracaqsansa, daha da toysuz qalacaqsan. Elə qiymətə gedirəm ki, o elə güzəştdir də. 6 nəfərlə 3000-3500-ə gedirik. 10 minə getmirik, 20 minə getmirik”.

Naibə
Cebhe.info


Oxunma sayı: 1959