hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Böhran kraliçanı da hərəkətə gətirdi

Böhran kraliçanı da hərəkətə gətirdi

Böyük Britaniya kraliçası II Yelizaveta Avropa Birliyi ilə hər hansı yeni saziş olmadan “Brexit”i qadağan edən qanun layihəsini təsdiqləyib. 

Bununla da Britaniya Kraliçası “Sazişsiz Brexit” layihəsinə qadağa qoyub. Qeyd edək ki, sözügedən qanun layihəsi baş nazir Boris Consonun planları ilə ziddiyyət təşkil edir. Belə ki, Conson hər hansı saziş və razılaşma olmadan ölkənin AB-dən çıxmasını oktyabrın 31-dək yekunlaşdırmaq niyyətində idi.

Kraliçanın imzaladığı sənədə əsasən oktyabrın 19-da Böyük Britaniya və AB arasında hər hansı yeni saziş imzalanmayacaqsa, baş nazir “Brexit”in gerçəkləşməsi vaxtını 31 oktyabrdan 2020-ci ilin 31 yanvarınadək təxirə salınması üçün Belçikadan möhlət istəməlidir. Kraliçanın imzaladığı sənəd hökumətin etirazına baxmayaraq, parlament tərəfindən təsdiq olunub. Britaniya Kraliçası xüsusi hallarda siyasi qərarların qəbuluna müdaxilə edir. Ona görə də II Yelizavetanın “Sazişsiz Brexit”i qadağan etməsi Britaniyanın Avropa Birliyi ilə münasibətlərində yeni səhifə aça bilər. Yəni ya Brüssel rəsmi Londonun təklif etdiyi yeni saziş layihəsinin şərtlərini müzakirəyə çıxartmağa razılıq verməli, ya da Britaniya Avropa Birliyinin tərkibində qalmalıdır. Hələlik Avropa Birliyi yeni şərtlərlə danışıq aparmağın əleyhinədir. Britaniya parlamenti də “Sazişsiz Brexit”i rədd etməsinə baxmayaraq, Avropa Birliyinin tərkibində qalmaq istəmir.

Politoloq Nəzakət Məmmədova isə hesab edir ki, Avropa Birliyinin tərkibində qalmaq Böyük Britaniyanın maraqlarına daxil deyil. Lakin son dövrlər Avropa İttifaqı daxilində cərəyan edən proseslər geosiyasi tarazlığı qorumaq üçün Birləşmiş Krallığı birlikdə qalmağa vadar edə bilər:

“”Brexit” layihəsi Britaniyanın həm öz daxilində siyasi parçalama yaratdı, həm də Birləşmiş Krallığı Avropa ilə üz-üzə qoydu. Britaniya “Brexit” tərəfdarlarına və əleyhdarlarına bölündü. Kraliçanın “Sazişsiz Brexit”i qadağan edən qanun layihəsini təsdiqləməsi də bununla bağlıdır. Ümumiyyətlə, Avropa Birliyinə daxil olmaq əvvəldən Britaniyanın ənənəvi siyasətinə zidd idi. Çünki tarixən Böyük Britaniyanın siyasətini qitə Avropadan uzaq durmaq, eyni zamanda ona yaxın olmaq təşkil edib. Bu o deməkdir ki, rəsmi London Avropada gedən proseslərdə müşahidəçi mövqe tutur. Lakin qitə Avropada geosiyasi balans pozulanda müdaxilə edir. Məsələn, müharibə təhlükəsi yarananda Britaniya zəif koalisiyaya qoşulur və balansın bərpasına kömək edir, güclünün qarşısının alınmasında iştirak edir. Qitə Avropasında baş verən müharibələr, böhranlar Britaniyanın təhlükəsizliyinə təhdid yaradıb. Ona görə də Britaniya Avropada sabitliyin təminatçısı olan bir dövlət olub. Dünən isə Britaniyanın Avropa Birliyinə daxil olması ənənəvi siyasətinin sonu idi. Britaniya nəzərə almalı idi ki, Avropada koalisiyalar, qarşıdurmalar başa çatıb. Artıq Avropa birlik, müttəfiqlik halındadır. Amma digər tərəfdən, Britaniya ada, dəniz dövlətidir. Onun Avropa Birliyinin bir üzvünə çevrilməsi də Britaniyanın xarici siyasətinin təbiətinə zidd idi. Ancaq indi Britaniya Avropa Birliyinin sıralarına yenidən qayıtmaq istəyir. Çünki terror, separatizm təhlükəsi artır, ABŞ və Avropa Birliyi arasında qarşıdurma müşahidə olunur, Atlantizmdə parçalanma baş verir. Bundan başqa, Avrosentristlər və Amerikasentristlər arasında qarşıdurma güclənir. Britaniyanı ABŞ-ın Avropa Birliyindəki “Troya atı” adlandırırlar. Ona görə də Birləşmiş Krallıq tarixi misiyasına uyğun olaraq hələlik Avropa Birliyində qalacaq. Çünki Rusiyanın “Böyük səkkizliyə” qayıtması Avropa ilə Amerika arasında ciddi narazılıq yaradıb. Bu ölkələrin hərəsi Rusiyanın öz şərtləri ilə qayıtmasını istəyir. Britaniya dünyada, Avropada yaranmış qarşıdurma proseslərində həlledici rol oynamaq istəmir. Xüsusilə də Britaniya özünün Avropa Birliyindəki mövqelərini Fransaya və Almaniyaya vermək istəmir. Onu da deyim ki, “Brexit” tərəfdarlarının və əleyhdarlarının özünə görə arqumentləri var. Amma “Brexit” Britaniya elitasını parçaladı. Böyük ehtimalla, Kraliça tərəfindən “sazişsiz Brexit”ə qadağa qoyan layihəsinin imzalanması ABŞ-la da razılaşdırılıb”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1178