hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Bahalaşma riski: Bazara nəzarət mümkün olacaqmı?

Bahalaşma riski: Bazara nəzarət mümkün olacaqmı?

2019-cu ilin əvvəlindən əməkhaqları, pensiyalar, təqaüdlər artırılır, nəticədə əhalinin gəlirləri artır.

İyunun 18-də prezidentin imzaladığı sərəncamla müəllimlərin, hərbçilərin, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatlarda çalışanların əməkhaqları artırılıb. Bu məqsədlə büdcədən illik əlavə 1 milyard manat xərclənəcək. Bir çoxları hesab edir ki, əhalinin gəlirlərinin artması inflyasiyanı yüksəldəcək.

İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iddialara cavab verib.

Onun sözlərinə görə, indiki halda əhalinin gəlirlərinin artması inflyasiya təhlükəsi yarada bilməz: “Həmişə iqtisadçıları qorxudan bir məsələ var: Əhalinin gəlirləri artırsa, inflyasiya yüksələ bilər. Onda sual yarana bilər ki, əhalinin gəlirləri artırsa, bəs nə üçün inflyasiya 2,4 faizdir və getdikcə aşağı düşür. Səbəb ondan ibarətdir ki, bu sosial paketlərin emisiya effekti yoxdur. Biz iqtisadiyyatdan qazandığımız pulu xərcləyirik. Əgər qazanılmamış pul xərcləsəydik, iqtisadi artımdan çox gəlirləri artırsaydıq, inflyasiya yüksələ bilərdi. Bu il təqdim edilən sosial paketlər 2019-cu ilin büdcəsində artıq oturub. Bu xərclərin gəlirləri təmin olunub. Gəlir təmin edilmədən xərclər artırılsa, dövlət büdcəsinin kəsiri yaranar. Bu kəsir avtomatik inflyasiyaya gətirib çıxara bilər. İndiki halda, əhalinin gəlirlərinin artması inflyasiya təhlükəsi yarada bilməz. Əksinə, inflyasiya 2,4 faizdir. İnflyasiyanın bu həddə olması iqtisadi inkişafa və sosial rifaha uyğun səviyyədir”.

Vüsal Qasımlı əlavə edib ki, bu il Azərbaycanda iqtisadi artım tempi 3 faiz civarındadır. Amma dövlət büdcəsinin gəlirləri qeyri-neft sektorunun hesabına daha çox - 15-20 faiz artır.
Adətən, maaşlar artan kimi, əhaliyə göstərilən xidmət və satılan malların qiyməti də artır.

Maraqlıdır, hökumət bazara necə nəzarət edəcək ki, süni qiymət artımı müşahidə olunmasınə

İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə bildirib ki, özünə “iqtisadçı” deyən və iqtisadi nəzəriyyədən başı çıxan adam 100 faiz ehtimal edə bilər ki, istənilən pul emisiyası inflyasiya təzyiqi yaradır: “İnflyasiya təzyiqi vətəndaşların real gəlirlərinə mənfi təsir göstərir. Təcrübə onu göstərir ki, Azərbaycanda hər il qanunun tələbi ilə pensiyanın indeksasiyası baş verən zaman belə marketlərdə, bazarlarda qiymət artımı müşahidə olunur. Bu, qacılmazdır və Azərbaycan kimi ölkələrdə hökumətin inflyasiyada, ancaq bir nəzarət mexanizmi var, o da ki, maaşların yenidən artırılması. Yəni vətəndaşların real gəlirləri azalan zaman dövlət büdcəsindən pensiyaçıların, eləcə də büdcə təşkilatlarından əməkhaqqı alanların maaşları kompensasiya edilir. Görünən odur ki, son aylarda artan qiymətləri əslində, hökumət bir növ kompensasiya edir. Ümumiyyətlə, istənilən maaş və pensiya artımını hamı kimi, müsbət qiymətləndirirəm”.

Qiymət artımının qarşısını almaq üçün hökumətin əlində hansı mexanizmlərin olmasına gəlincə, ekspert deyib ki, maaş artımından başqa yeganə mövcud olan mexanizm bazar iqtisadiyyatını bərqərar etməkdir: “Rəqabət mühitini yaxşılaşdırmaq və daha çox mal bolluğu yaratmaq üçün iqtisadi fəaliyyəti stimullaşdırmaq lazımdır. Bu zaman bazarın görünməz əli öz-özünə qiymətləri optimallaşdıracaq. Bundan sonra Azərbaycanda bazarı məhdudlaşdıran, qiyməti diktə edən müxtəlif monopolistlərin əlindən bu alət çıxır. Nəticədə bir malı 1 nəfər yox, 10 nəfər gətirir və yaxud bir məhsulu 1 şirkət yox, 10 şirkət istehsal edir və.s. Belə olan halda, təbii ki, vətəndaşlar qiymət artımından şikayət etməyəcək.

Təhlillər onu göstərir ki, Azərbaycanla eyni coğrafi məkanda yerləşən ölkələrdə qiymətlər dəfələrlə aşağıdır. Bəzən qiymət fərqi 50-60 faiz və daha yüksək olur. Hökumətin əlində olan mexanizm hər bir bazar iştirakçısı üçün iqtisadiyyatı şəffaflaşdırmaq, liberal bazar iqtisadiyyatı qurmaq və hüququn bərabərliyin təmin etməkdir. İqtisadi nəzəriyyədə inflyasiya iqtisadiyyatı stimullaşdırır, fəallığı artırır. Ölkədə inflyasiya yoxdursa, deməli, ümumdaxili məhsul (ÜDM) artmır, rəqabət stimullaşdırılmır. Nəticədə iqtisadiyyat ÜDM-in artım tempinə heç bir təsir etmir. İqtisadi fəallıq sabit qala bilməz.

Əslində, bəzi ölkələrdə inflyasiyanın 3-4 və ya 5 faiz olması iqtisadiyyatın durğunluğundan xəbər verir. Hansı ölkələrdə ki, inflyasiya dərəcəsi 3-5 faizdir, həmin ölkələrdə oturuşmuş bank sistemi var və orada gəlirlər stabildir. Orada iqtisadi rəqabət o qədər yüksəkdir ki, inflyasiya dərəcəsi azdır. Əslində, Azərbaycan kimi ölkələrdə inflyasiya dərəcəsi 5 faizdən yuxarı olmalıdır. Hökumətin üzərinə düşən vəzifə büdcədən maliyyələşən insanların maaşına əlavə kompensasiya verməklə onların real gəlirlərini artırmaq və yaxud sabit saxlamaqdır. Əgər hökumət iqtisadiyyata inzibati metodlarla müdaxilə etsə, o zaman bazar iqtisadiyyatı olmayacaq”.
Yeganə Oqtayqızı

Cebhe.info


Oxunma sayı: 5710