hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Bahalaşmanı nə yaradır? - MÜSAHİBƏ

Bahalaşmanı nə yaradır? - MÜSAHİBƏ

Azərbaycanda əmək haqqı, eləcə də sosial müavinətlərin artımı ilə bağlı qərarlar verilən zaman qiymət artımı adi hala çevirilib. 

Bu vəziyyət əhali üçün o qədər adiləşib ki, hətta artımla bağlı qərarlar verilən zaman buna sevinənlərin deyil, təəssüflənənlərin,  “yenə qiymətlər bahalaşaq” deyənlərin sayı daha çox olur. Bununla da pul kütləsinin artmasının vətəndaşların alıcılıq qabiliyyətinə təsiri hiss olunmur. 

Əksinə, əmək haqqı və sosial artımlar barədə qərarlar qüvvəyə minməzdən əvvəl bahalaşmanın baş verməsi əhalinin sosial vəziyyətinin daha da pisləşməsinə, daha aşağı sosial təbəqənin isə çıxılmaz vəziyyətlə üzləşməsinə gətirib çıxarır.

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, qiymət artımını şərtləndirən başqa amillər də mövcud deyil. Enerji, daşınma xərcləri, bir sıra ilkin məhsulların xərcləri artmayıb, eləcə də idxal rüsumlarında son dövr ərzində dəyişiklik baş verməyib ki, bu da istehlak mallarının maya dəyərinin artmaması deməkdir. 

Mövcud durum bir sıra sualların yaranmasına səbəb olur. Əmək haqqının, pensiyalarının artımı niyə inflyasiya gətirib çıxarır. Bahalaşma əgər bazar iqtisadiyyatının qanunlarına uyğun olaraq tələbin artması ilə əlaqədardırsa, niyə vətəndaşlar həmin artımları əldə etməzdən əvvəl baş verir və nəticədə vətəndaşların sosial durumunda dəyişiklik olmur və ya daha da pisləşir.

“Cümhuriyət” qəzeti bu kimi suallarla iqtisadçı - ekspert, sabiq millət vəkili Nazim Bəydəmirliyə üz tutub.

-Bazar iqtisadiyyatında həm də inflyasiya gözləntiləri var. Satıcılar, eləcə də xidmət sektorunda çalışanlar birmənalı olaraq, ölkənin maliyyə dövriyyəsinin, pul kütləsinin artması ilə bağlı hökumətin hər hansı bir qərarı olduqda istər-iətəməz buna reaksiya verirlər və qiyməti artırmaq istiqamətini tuturlar. Eyni zamanda bu, bir daha sübut edir ki, pul kütləsinin artması heç də dövriyyədə istehsalın artması ilə əlaqələnmir. Əslində, paralel olaraq iqtisadiyyata vasitəçi olan pul kütləsinin artması, eyni zamanda istehsalın artması ilə müşahidə olunmalıdır. Bu, bir-birilə bağlı olan məsələlərdir. Əgər istehsal yoxdursa, mal bolluğu yaranmırsa, müəssisələrin iqtisadi inkişafı yoxdursa, pul kütləsinin artması iqtisadiyyata ziyan vurmuş olur. İnsanların real gəlirləri azalır və alıcılıq qabiliyyəti aşağı düşür. Bu baxımdan, hesab edirəm ki, iqtisadi fəaliyyətlə bağlı hökumətin apardığı siyasət pul paylamaqla yekunlaşmamalıdır. Maaş və pensiyaların artımı ilk növbədə gözə və qulağa xoş gəlsə də, reallıqda artım tempindən də 1-2 dəfə artıq istehlak bazarında qiymətlər artırsa, deməli, bu xeyirdən, daha çox ziyana gətirib çıxarır. Biz bunu bir neçə dəfə müşahidə etmişik.

- Yəni qiymət artımınının arxasında bazar qanunlarına uyğun olaraq, tələbin artması dayanmır, deyilmi?

- Azərbaycanda maaş və pensiyaların artımı həm də sui-istifadəyə yol açır. Çünki bazarda bazar qanunları işləmir. Əslində, Azərbaycan kimi ölkələrdə bir neçə ay əvvəlcədən maaş və pensiyaların artacağını elan etmək doğru addım deyil. Bu fürsətçilərə şərait yaradır. Buna görə də artımlarla bağlı gözləntilər özünü doğrultmur. Baxmayaraq ki, hökumət əmək haqları və pensiyaların artımı ilə bağlı addımlar atır, vətəndaşların real gəlirləri artmır. 

- Bu durumun qarşısını necə almaq olar? Belə bir vəziyyətdə hansı tənzimləyici addımlar atıla bilər?

- Hökumətin əsas işi daxildə iqtisadi rəqabəti stimullaşdırmaq, inhisarçılığı aradan qaldırmaq, məmur sahibkarlığını ləğv etməkdir. Hökumət biznes və sahibkarlığın ucuz maliyyə resurslarına əlçatanlığını təmin etməlidir. İqtisadi rəqabət güclənsə, mal bolluğu yaranar, qiymətlər optimallaşar. O zaman artan maaş və pensiyalar müsbət nəticə verər. Yəni insanların sosial vəziyyəti yaxşılaşar. 

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1805