hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Bakı Moskvanı “yola gətirir”: Lavrovun qarşısına qoyulacaq 2 şərt - BİZİM TƏHLİL

Bakı Moskvanı “yola gətirir”: Lavrovun qarşısına qoyulacaq 2 şərt - BİZİM TƏHLİL

Qarabağdakı 44 günlük müharibədən altı ay sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ilk dəfə İrəvana və Bakıya səfəri olacaq Lavrov mayın 5-6-da İrəvanda müzakirələr apardıqdan sonra Moskvaya qayıdacaq.

Mayın 10-11-də isə Bakıya gələcək. Rusiya XİN rəhbərinin Moskvada olarkən İrəvan görüşlərinin nəticələrini təhlil edəcəyi və bunun əsasında Azərbaycana təkliflərlə gələcəyi bildirilir. Rəsmi məlumataa görə, Lavrovun regiona səfəri zamanı aparılacaq danışıqların əsas predmeti Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də Moskvada imzalanmış bəyanatların icrası ilə bağlı məsələlər olacaq.

Lakin ekspertlər hesab edir ki, Lavrovun səfərləri zamanı əsas müzakirə mövzuları işğaldan azad olunmuş ərazilərdəki minalı sahələrin xəritələrinin Azərbaycana verilməsi, eyni zamanda hazırda Azərbaycanda həbsdə saxlanılan erməni terrorçuların geri qaytarılması və nəqliyyat kommunikasiyalarının açılması olacaq. Çox güman ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək “Zəngəzur dəhlizi”nin açılmasına Ermənistanın əngəl yaratması Bakıda S.Lavrovun diqqətinə çatdırılacaq.

Rəsmi İrəvanın Lavrovdan Ermənistan tərəfinin “hərbi əsir” adlıandırdığı və Azərbaycanda həbsdə saxlanılan terrorçuların azad edilməsini xahiş edəcəyi gözlənilir.

Paşinyan hökuməti onların sayının 200-ə yaxın olduğunu iddia etsə də, rəsmi Bakı 62 nəfər olduğunu bildirirdi. Martın 10-da onlardan bir nəfəri-Livan vətəndaşı Maral Nacaryan azadlığa buraxılıb. Mayın 4-də isə onların daha 3 nəfəri Ermənistana qaytarılıb.

Ermənistan Azərbaycanın tutduğu bütün erməni terrorçuların “hamının hamıya” prinsipi ilə geri qaytarılmasını tələb edir. Rəsmi Bakı isə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair bəyanatın imzalanmasından sonra Xocavənd rayonu ərazisində təxribat-diversiya əməliyyatı törətmiş erməni silahlı qrupu terrorçu hesab etdiyi üçün təhvil verməyəcəyini bildirib.

Erməni politoloq Aleksandr İskəndəryan bildirib ki, rəsmi Bakının Sergey Lavrovun səfərindən gözləntiləri müharibədən sonra Qarabağ ərazilərindəki minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə verilməsi ilə bağlıdır.

İskəndəryanın sözlərinə görə, Rusiya da “əsirlər”in “hamının hamıya” prinsipi ilə ilə qaytarılmasına tərəfdardır. Yerevan regional nəqliyyat kommunikasiyalarının bərpasını və blokdan çıxarmağın hüquqi tənzimləməsini fərqli şəkildə təqdim edir. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sözlərinə görə, bu, MDB ölkələrinin qanunvericilik bazası, Ermənistanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr və konvensiyalar çərçivəsində həyata keçirilməlidir. Lakin ərazilər minalardan təmizlənmədən nəqliyyat-kommunikasiya xətlərinin açılması real görünmür.

Ona görə də minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi Rusiyanın da marağındadır. Dağlıq Qarabağdan və Zəngəzurdan keçəçək Şimal-Cənub nəqliyyat dəhlizi Rusiyanın regionda geoiqtisadi üstünlüyünü təmin edə bilər.

Bu, həm də Rusiyaya Ermənistandakı hərbi bazaları ilə dəmir yolu vasitəsilə quru əlaqəsi saxlamaq imkanı yaradır. Gürcüstan sərhədində Rusiya hərbi yüklərini daşıyan TIR-ların saxlanaraq geri qaytarılmasından sonra bu layihənin əhəmiyyəti Moskva üçün daha da artıb. Bu baxımdan, Ermənistanın tranzit məkana çevrilməsi Rusiya üçün iqtisadi və strateji dividentlər gətirə bilər. Ermənistan hökuməti parlament seçkiləri öncəsi güzəştə getməkdən çəkinərək Meğri ərazisindən nəqliyyat-kommunikasiya vasitələrinin açılmasını ləngidir.

Baş nazir Nikol Paşinyan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda “Zəngəzur, dəhliz və Meğri” sözlərinin işlədilmədiyini bildirir. Ancaq Paşinyanın imzası ilə Ermənistan 10 noyabr bəyanatının 9-cu bəndində Naxçıvanı Azərbaycanın qərb hissəsi ilə birləşdirəcək nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasına dair öhdəlik götürüb. Ermənistanda iyunun 20-də keçiriləcək parlament seçkilərində hansı siyasi qüvvənin qalib gəlməsindən asılı olmayaraq, Şimal-Cənub dəhlizinin açılması baş verəcək.

Bu, Rusiyaya öz məhsullarını daha qısa müddətdə və az xərclə Türkiyə bazarına çıxartmaq üçün də əlverişlidir. Eyni zamanda, Rusiya Suriyadakı hərbi bazaları ilə quru əlaqəsi yaratmaq imkanı əldə edə bilər. Ancaq bu prosesin reallaşmasına yalnız Rusiya deyil, digər böyük dövlətlər də maraq göstərir. Türkiyə Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə Ermənistan və Azərbaycan üzərindən Rusiyaya, həmçinin Mərkəzi Asiya bazarına asan çıxış imkanı qazanacaq. Bu, həm də Türkiyənin özünün Avropa və Çin arasında tranzit ölkəyə çevrilmək imkanlarını artırmış olar.

“Zəngəzur dəhlizi”nin açılması “Bir kəmər-Bir yol” layihəsini həyata keçirməyə çalışan Çin üçün vacib əhəmiyyət daşıyır. ABŞ-ın sanksiyalarından əziyyət çəkən İran da Ermənistan ərazisindən dünyaya açılım imkanı əldə etməyə çalışır. ABŞ-ın son zamanlar regionda fəallaşması, Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi Vaşinqtonun bu prosesdən kənarda qalmaq istəmədiyini göstərir. Ona görə də Ermənistana beynəlxalq təzyiqlərin artacağı istisna olunmur.

Bununla yanaşı, “Zəngəzur dəhlizi”nin açılması üçün adları çəkilən ölkələr Ermənistana maliyyə yardımı da vəd edə bilər. Qeyd edilən səbəbdən Paşinyanın dəhliz məsələsində tərəddüd etməsini manevr kimi də dəyərləndirmək olar. Lakin parlament seçkilərində “Mənim addımım” bloku qalib gələrsə, Paşinyanın “Zəngəzur dəhlizi”ni açmaq məcburiyyətində qalacağı şübhə doğurmur. Nəqliyyat-kommunikasiya xətlərini bərpa etməzdən öncə onların təhlükəsizliyini təmin etmək lazımdır. Yəni işğaldan azad edilmiş ərazilər minalardan təmizlənməlidir. Ermənistan minalı ərazilərin xəritələrini Azərbaycana təhvil vermədən sözügedən layihələrin baş tutması ciddi problemlərlə üzləşəcək. Qeyd edilən əngəllərin yaranmaması üçün Sergey Lavrov özü ilk növbədə Rusiyanın maraqlarını əsas götürərək minaların döşəndiyi xəritələri alıb almaq üçün Ermənistana təzyiq etməlidir.

Aydındır ki, seçkilərdə qalib gəlmək üçün Paşinyanın Rusiyanın dəstəyinə ciddi ehtiyacı yaranıb. Ona görə də rəsmi İrəvan bu məsələdə güzəştə getməlidir. Həmçinin, revanşist qüvvələr də seçkidə Kremlin dəstəyini qazanmaq istəyirsə, Rusiyanın maraqlarıma zidd getməməlidir.

Digər problem Ermənistan qoşunlarının Dağlıq Qarabağda qalan hissəsinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlıdır. Ermənistan 10 noyabr bəyanatına uyğun olaraq həmin silahlı birləşmələri qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxartmalıdır. Əks təqdirdə, Azərbaycanın işğalçı qoşunlara qarşı növbəti anti-terror əməliyyatına başlamaq hüququ var. Yəqin ki, bu tələb Bakıda Sergey Lavrovun diqqətinə çatdırılacaq. Rusiyanı “yola gətirmək” üçün Azərbaycanın əlində indi daha tutarlı təsir arqumenti var.

Söhbət Şuşaya atılan “İskəndər-M” raketlərinin qalıqlarının tapılmasından gedir. Bu hadisədən sonra beynəlxalq imicinə ciddi zərbə dəyən Rusiya çox güman ki, Azərbaycanla bu məsələdə anlaşmağa çalışacaq. Rəsmi Bakı Kremlin məsələni çox qabartmamaq xahişinin müqabilində Rusiyadan minalı xəritələri alıb Azərbaycana vermək və Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılması şərtlərini irəli sürə bilər. Yalnız bundan sonra “əsir” adılandırılan şəxslərin qaytarılması məsələsinə baxmaq mümkündür. Həmin terrorçular isə hərbi əsir deyil, cinayətkar olduğuna görə bu barədə qərar məhkəmə qaydasında verilə bilər. Erməni terrorçuların “hamının hamıya” qaydasında dəyişdirilməsinə gəlincə, bu mümkün deyil. Çünki “hamının hamıya” prinsipi əsir və girovların qarşılıqlı mübadiləsini nəzərdə tutur. İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan sağ qalmış azərbaycanlı əsir və girovları qaytardığını deyib. Azərbaycanda da erməni əsir və girov yoxdur, terrorçu məhbuslar var. Ona görə də “hamının hamıya” prinsipi onlara tətbiq edilə biməz.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 22353