hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bakıda aylar sonra yeni dövr başladı: Paytaxt yenidən sərt karantinə gedəcək? - RƏYLƏR

Bakıda aylar sonra yeni dövr başladı: Paytaxt yenidən sərt karantinə gedəcək? - RƏYLƏR

Ötən gün Azərbaycands koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Artıq günlərdir ki, ölkəmizdə koronavirusa yoluxma sayı 100-150-dən yuxarıdır. Düzdür, sağalanların sayı da təqribən eynidir, amma yoluxmanı ikirəqəmli etmək hələlik mümkün deyil. Bu gündən etibarən isə Bakı metrosu 72 gün sonra fəaliyyətini bərpa edib. Sabahdan məktəblərdə də müəyyən şərtlər daxilində tədris prosesinə start veriləcək. Bunlar da öz növbəsində hərəkətliliyi, sıxlığı artıracaq.

Maraqlıdır ki, bu hərəkətlilik yoluxmaya necə təsir edəcək? Yoluxmanın artması yenidən sərt karantin rejimi ehtimalını artırırmı? Ümumiyyətlə, yoluxma artsa, sərt karantin rejiminin elan olunmasına lüzum varmı?

Məsələ ilə Cebhe.info-ya açıqlamasında baş infeksionist Cəlal İsayev bildirib ki, virusa yoluxmamaq üçün qoyulan tələblərə əməl olunsa, yoluxma artmaya bilər:

"Əgər metrodan istifadə edən şəxslər, məktəblilər qoyulan tələblərə əməl etsələr, yoluxma artmaz. Lakin əməl etməsələr, təbii ki, yoluxmanın artma ehtimalı var. Hər şey bizdən asılıdır. Düzdür, bu, məktəblərdə kiçik uşaqlarla çətin olacaq, amma hər halda, orada da müəyyən qaydalar tətbiq olunacaq. Maskadan istifadə etsək, sosial təcrid qaydalarına riayət etsək, metronun və məktəbin açılması yoluxmaya təsir etməyəcək".

C.İsayevin fikrincə, sərt karantin rejiminin yenidən tətbiq edilməsi zamandan asılıdır:

"Gəlin, əvvəlcədən deməyək. Ölkədə epidemioloji vəziyyətə nəzarət olunur. Sərt karantinin olub-olmamasını gələcək göstərəcək".

Tibb eksperti, terapevt Rasif Bağırov isə açıqlamasında metroların bağlanmasının yoluxma sayının azalmasında heç bir rola malik olmadığını deyib:

"Əvvəlcə onu deyim ki, metronun bağlanması infeksiyanın qarşısını almır, tam əksi, yoluxmanın artmasına kömək edirdi. Çünki metroya minən insanlar avtobusa minirlər və ağız-ağıza dayanırlar. Bu gün əgər Azərbaycanda yoluxma sayında azalma varsa, bu, ancaq insanların maska taxması ilə əlaqədardır. Maska yoluxma prosesinin qarşısını kəsir. Başqa heç bir şeylə bu xəstəliyin qarşısını almaq olmaz. Yoluxmanın azalmasında metronun bağlanmasının heç bir rolu yoxdur. Amma düşünmürəm ki, yoluxma yenidən əvvəlki vəziyyətə çatsın. Artsa belə, maska taxıb istənilən tədbirlərdə iştirak etmək mümkündür".

Deputat Fazil Mustafanın sözlərinə görə isə, vəziyyət istənilən məcrada getməzsə, məhdudiyyətlərə ehtiyac olacaq:

"Əgər yoluxma artacaqsa, Operativ Qərargah vəziyyətə uyğun qərar qəbul edəcək. İndi bir az yumşalma var deyə metro açılır. Amma hadisələr yaxşı məcrada getməsə, müəyyən dərəcədə məhdudiyyətə ehtiyac olsa, o da olar. Sərt karantinin olacağını heç kim əvvəldən deyə bilməz. Bundan sonra lap ağır mərhələ də ola bilər. Avropada artıq bəzi ölkələr ikinci dalğanı yaşayır. Bu səbəbdən vəziyyətə görə qərarlar qəbul olunacaq. Onun üçün də heç kim arxayın olmasın ki, hər şey yaxşı gedir. Pis də ola bilər".

Naibə
Cebhe.info


Oxunma sayı: 7569