hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Bakıda evlərin qiyməti 2 dəfə BAHALAŞACAQ – Bu tarixdən…

Bakıda evlərin qiyməti 2 dəfə BAHALAŞACAQ – Bu tarixdən…

"Gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər bağlı müzakirələr zaman deyib.

Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Razi Abbasbəyli bu qərarın mənzil bazarında qiymətlərin artmasına təsir edəcəyini deyib:

“Çünki sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi məsələsi, eyni zamanda tikilməkdə olan mənzillərdə bir sıra normativ qaydalara əməl edilməməsinə səbəb olurdu. Söhbət məhz böyük investisiyalardan gedir. Bu qədər böyük investisiyaların sadələşdirilmiş vergi ilə tənzimlənməsi doğru sayılmırdı. Kiçik və orta sahibkarlıq üçün nəzərdə tutulan güzəştlərin, iri sahibkarlara da şamil edilməsi dünyanın bir çox ölkəsində mövcud deyil.

Mənzil bazarında qiymətlərin qalxmasının qarşısını almaq üçün bir sıra güzəştlər tətbiq olunmalıdır. Xüsusilə bu sahədə mövcud olan rüşvət və korrupsiya hallarının qarşısını almaq lazımdır. Bu gün ölkəmizdə tikintiyə icazə alma mexanizmi kifayət qədər qəlizdir. Müxtəlif qurumlarda sənədlər elə ləng hazırlanır ki, mülkiyyətçi işini tezləşdirmək üçün rüşvət verməli olur. Burada əsas məsələ bürokratik əngəlləri aradan qaldırmaqdır.

Yəni sadə vətəndaşdan tutmuş iri sahibkaradək hər kəs sənədləşmə işində süründürməçiliklə üzləşir. Hesab edirəm ki, sadələşdirilmiş vergi ödənişinin ləğv edilməsi, sahibkarların əlavə xərclərini bir az da artıracaq və qiymət artımlarını qaçılmaz edəcək. Nəzərə almaq lazımdır ki, əmlak bazarında tələb və təklif əvvəlki illərdən fərqlidir. Belə ki, hazırda tələb azalıb. Qiymət artımın qarşısını almaq üçün korrupsiya halları, bürokratik əngəllər aradan qalxmalı, istifadəyə verilmiş binaların texniki şərtlərinin alınması prosedurları sadələşdirilməlidir.

Əgər bunlar aradan qalxarsa, sahibkarın yükü azalacaq və nəticə etibarı ilə də bazarın özü-özünü tənzimləmə prosesi baş verəcək. Eyni zamanda bələdiyyələrin və ya dövlətin balansından hərrac yolu ilə satılan torpaqlara yerli icra strukturlarının müdaxiləsi aradan qalxmalıdır. Düşünürəm ki, sənədləşmə işləri bir qurumun tərkibində cəmləşməlidir. Hesab edirəm ki, “ASAN xidmət” kimi analoji bir qurum yaratmaq olar və bu işləri orada daha sadə və sürətli formada həll etmək olar. Yalnız bundan sonra əmlak bazarında qiymətlər düşə bilər”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2421