hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Bakıda hansı universitetlərin yataqxanaları var? - SİYAHI

Bakıda hansı universitetlərin yataqxanaları var? - SİYAHI

Bir neçə gün əvvəl təhsil naziri Ceyhun Bayramov Azərbaycan Neft və Sənaye Universitetinin yeni yataqxanasının istifadəyə verilməsi ilə bağlı jurnalistlərə açıqlama verib.

Nazir qeyd edib ki, "Univerium" tələbə şəhərciyində tələbələr üçün ən müasir standartlara cavab verən şərait yaradılıb:

"Orada tələbələrin asudə vaxtlarını yaxşı keçirmələri, müxtəlif müzakirələr aparmaları, dərs oxumaları, eyni zamanda idmanla məşğul olmaları üçün bütün şərait yaradılıb. Qeyd edim ki, bu yataqxananın tikintisinə dövlət vəsaiti sərf edilməyib. Yataqxana tikintisi dövlət-özəl sektor partnyorluğu əsasında həyata keçirən layihədir".

Maraqlıdır, daha hansı universitetlərdə yataqxanalar fəaliyyət göstərir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov bildirib ki, BSU-nun hazırda 4 yataqxanası mövcuddur:

“Hazırda dörd yataqxananın üçündə Erməni-Azərbaycan münaqişəsi nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş məcburi köçkün olan soydaşlarımız məskunlaşıb. Dördüncü yataqxanamızda isə məcburi köçkünlərlə yanaşı tələbələr də yerləşdirilib. Təxminən 70 nəfər tələbəmiz orada yaşayır.  Tələbələr arasında biz daha çox maddi cəhətdən imkanı aşağı olan ailələrin övladlarına yer veririk. Bu məsələ universitet rəhbərliyinin diqqətindədir”.

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli isə universitetin iki yataqxanasının olduğunu qeyd edib:

“1 saylı yataqxana Ceyhun Hacıbəyli küçəsində yerləşir, uzun zamandır burada məcburi köçkünlər məskunlaşıb. Abbas Mirzə Şərifzadə, 4 ünvanında yerləşən 2 saylı yataqxana isə ancaq qızlar üçün nəzərdə tutulub. Həmin yataqxanada 205 tələbə üçün yer var. Hazırda yataqxanada 190 nəfərdən çox tələbə qalır. Universitetin yataqxanasında təkcə öz tələbələrimiz yox, başqa universitetdən olan tələbələr də yerləşdirilib. Təxminən 15 nəfər digər universitetlərin tələbələridir”.

Bakı Dövlət Universitetində isə Abel Məhərrəmovun rektor olduğu vaxtlardan 7 minlik tələbə yataqxanasının istifadəyə veriləcəyi bildirilirdi. Lakin hazırda yataqxananın aqibəti məlum deyil.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1035