hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bakıda kafe və restoranların işi çətin olacaq - BƏZİLƏRİ BAĞLANACAQ

Bakıda kafe və restoranların işi çətin olacaq - BƏZİLƏRİ BAĞLANACAQ

Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı və respublikanın digər bölgələrindəki restoranlara xəbərdarlıq edib.

Agentlik restoranlara xatırladıb ki, pandemiya dövründə ictimai iaşə müəssisələri Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul 2020-ci il tarixli, 237 nömrəli qərarına uyğun olaraq işləməlidirlər.

Həmin qərara əsasən, restoran-kafelərdə müştəri qəbulu 2 dəfə azaldılmalı və hər adambaşına müəyyən edilən sahə 2 qat artırılmalı, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Agentlik bildirir ki, hər bir kafe-restoranın qarşısında zalın sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır. Bugünədək 1366 kafe-restoranın qarşsında belə lövhələr quraşdırılıb.

Maraqlıdır, sərt karantin rejiminin yumşaldılmasından sonra bütün bu qaydalara əməl edəcək kafe-restoranlar arasındakı artan rəqabət onlarda bağlanma riski yara bilərmi?

“Respublikaçı Alternativ” (REAL) Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya danışıb.

O bildirib ki, heç bir sahibkar öz ziyanına işləməz:

"Məhdudiyyətlər sərt olsa, kafelərin icarə xərcləri, əmək haqqı xərcləri, kommunal xərcləri, ümumi gəlirin azalması müşahidə edilsə, kafe-restoranların bağlanma riski yaranacaq.

Məlumdur ki, sosial məsafə və pandemiya qaydalarına əmək etmək bahalı işdir və əlavə xərclər tələb edir. Çünki kafe-restoranların özləri dezinfeksiya qaydalarına əməl etməlidirlər. Məkan tez-tez dezinfeksiya edilməlidir. Həmçinin içəri girən müştərilərin dezinfeksiya olunması üçün şərait yaradılmalıdır, bu da əlavə xərc deməkdir. Masalar arası məsafənin də artırılması müştəri sayına mənfi təsir gəstərəcək. Yəni müştərilərin sayı obyektiv olaraq azalacaq, bu da kafe-restoranların gəlirlərinə mənfi təsir göstərəcək. Bütün bunlar bir çox hallarda kafe-restoranların, obyektlərin bağladılması ilə müşahidə oluna bilər".

İqtisadçı-ekspert çıxış yolu kimi bildirib ki, müəyyən təklif paketləri qəbul edilməlidir:

"Məsələn, kafe və restoranların ən böyük problemi bu gün də həllini tapmayan icarə məsələsidir. Yəni icarələrlə bağlı heç bir güzəştlər tətbiq edilmir. Bu məsələyə dövlətin də müdaxilə imkanları məhduddur. Çünki belə məsələlər vətəndaşlar arasında, icarəyə verən və götürən arasında olan məsələlərdir. Buna da dövlətin müdaxilə etməyi çətindir, amma müəyyən təklif paketləri ola bilər. Məsələn icarə qiymətlərinin aşağı salınmasını iqtisadi yollarla təklif edilə, yaxud da vergilərdə müəyyən güzəştlər tətbiq edilə bilərdi. Yaxşı olardı ki, 6 ay müddətində kafe və restoranlar ümumiyyətlə, heç bir vergi növü verməsinlər. Onların bütün növ vergilərdən azad olunması xərclərinin kompensasiya edilməsinə imkan verə bilər. Belə təşviq edici addımlar olmasa, mənə elə gəlir ki, bir çox kafe və restoranların bağlanması təhlükəsi reallaşacaq".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 19999

Bizim Telegram səhifəmizi izləyin