hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Bakıda “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərgi açılıb

Bakıda “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərgi açılıb

Oktyabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərginin açılışı olub.

Mədəniyyət Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, sərgi Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılışından öncə Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Sərginin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı olduğunu deyən X.Əsədova bildirib ki, dünyanın bir sıra ölkələrinin arxivlərində tariximizlə bağlı sənədlər yer almaqdadır. Bugünkü sərgidə isə Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsində qorunan Osmanlı dövləti ilə Azərbaycanın xanlıqları arasındakı münasibətləri əks etdirən məktub, əmr, fərman və hədiyyə təqdimatlarının yer aldığı 30 rəsmi sənədin surəti nümayiş olunur. 1713-cü ildən başlayaraq XIX əsrin ortalarına qədərki bir dövrü əks etdirən sənədlər bu gün Azərbaycana gətirilib.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cahan Özdemir sərginin heç də asan ərsəyə gəlmədiyini söyləyib: “Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan və qardaş Türkiyə əlaqələrinin tarixi qədimdir. İnanıram ki, sərgi əsrlərdən gələn dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına öz layiqli töhfəsini verəcək”.

TİKA-nın rəhbəri Teoman Tiryaki Azərbaycanda göstərdikləri fəaliyyətdən bəhs edib. O, ölkəmizlə Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafında rəhbəri olduğu qurumun töhfəsindən məmnun olduğunu qeyd edib. Belə bir tədbirin təşkilindən məmnunluğunu ifadə dib.

Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsinin rəhbəri Uğur Ünal isə arxivlərdə son dərəcə əhəmiyyətli məlumatların olduğunu söyləyib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə nümayiş  olunan sənədlərin Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə sıx əlaqələrin əyani sübutu olduğunu vurğulayıb. Deyib ki, İrəvan xanlığı və Qarabağ tarixən türklərin yaşadıqları torpaqlar olub. Sonda isə  qonaqlar sərgi ilə tanış olublar.

Cebhe.info


Oxunma sayı: 507