hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Bakının nömrələnmiş məzarları: Qapalı tabutda dəfn və yeni qəbirə köçürülmək üçün qoyulan şərt - ÖZƏL

Bakının nömrələnmiş məzarları: Qapalı tabutda dəfn və yeni qəbirə köçürülmək üçün qoyulan şərt - ÖZƏL

Hamının gedəcəyi sonuncu mənzil olan məzarlıqlarda belə varlı-kasıb təbəqəsini ayırd etmək elə də çətin deyil. Lakin bir qəbiristanlıq var ki, orada bütün qəbirlər eyni, dəfn olunan insanlar isə kimsəsizdir. Bir ömürdən geriyə qalan bir nömrə...

Burada nömrələnmiş qəbirlərdə kimlərin uyuduğu məlum deyil. Kimsəsizlər məzarlığında məzarların böyük qisminin üzərində mərhumların adları və soyadları əvəzinə, kiçik dəmir lövhələrin üzərində nömrələr yazılıb.

Çünki mərhumların böyük əksəriyyətinin heç ad-soyadı da məlum deyil. Dəfn mərasiminin vaxtına, tabutun bura gətirilməsi gününə müvafiq olaraq qəbrin üzərində xüsusi nömrələr yazılır. Bu da o deməkdir ki, bütöv bir ömürdən geriyə nə ad, nə də soyad qalır... Geriyə qalan sadəcə məzar nömrəsidir.

Kimsəsizlər məzarında “bomj”lar, həbsxanalarda dünyasını dəyişən kimsəsizlər, qocalar evi, narkoloji dispanser və Maştağada yerləşən psixatriya xəstəxanasında dünyasını dəyişən şəxslər, şəxsiyyəti məlum olmayan, qohum-əqrəbası üzə çıxmayan, itkin düşən şəxslərin məzarı var.

Kimsəsizlər məzarlığının yerləşdiyi Zığ qəsəbəsinin bələdiyyəsindən Cebhe.info-nun sorğusuna cavab olaraq verilən məlumata görə, ərazi ötən ilin mart ayının 3-dən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən qurumun nəzarətinə verilib:

“Kimsəsizlər məzarlığı 1989-cu ildə Dədə Qorqud qəbiristanlığında salınıb. Vəfat edən kimsəsizlər 2 metr uzunluğu, 1 metr eni, 1 metr dərinliyi olmaqla qapalı tabutlarda dəfn olunur. Kimsəsizlər məzarlığında dəfnlər cərgə ilə aparılır və dəfn olunanlar arasında uşaqlar da var”.

Kimsəsizlər qəbiristanlığında fərqli dinlərə məxsus şəxslər də dəfn edilib. Zığ bələdiyyəsindən bildirilib ki, əgər şəxsin hansı dinə mənsub olduğu ayırd edilə bilirlərsə, dəfn zamanı din xadiminin iştirakı ilə mənsub olduğu dinə uyğun rituallar icra olunur.

“Kimsəsiz kimi dəfn edilən şəxsin daha sonra yaxını çıxarsa, məzarın daşınmasına icazə verilirmi?” sualımıza isə bələdiyyə tərəfindən bildirilib ki, bunun üçün ilk növbədə qohumluq əlaqələrini sübut edən sənəd tələb olunur:

“Kimsəsiz kimi dəfn edilən şəxsin yaxını çıxarsa, proses qəbiristanlıqlarda sanitar gigiyena normalarına riayət olunaraq “Sanitariya - Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Əgər ölən şəxs xəstə olubsa, onun məzarının açılmasına icazə verilmir. Rəsmi icazə aldıqdan sonra meyiti istədikəri yerdə dəfn edə bilərlər”.

Onu da qeyd edək ki, meyitin məzardan çıxarılması həm də nə zaman dəfn edilməsindən və torpaqdan asılıdır:

Torpaq qumludursa, bir il, suludursa, üç il sonra həmin meyiti çıxarmaq olar. Səbəb həmin meyitin infeksiya mənbəyi kimi insan sağlamlığına zərər vermə ehtimalıdır. Bələdiyyədən verilən məlumata görə, kimsəsizlər məzarlığında koronavirus səbəbindən vəfat edən kimsəsiz dəfn edilməyib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 4467