hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Bakının son xəbərdarlığı və İrəvanın qərarı: Paşinyan Xankəndiylə bağlı seçim edir - BİZİM TƏHLİL

Bakının son xəbərdarlığı və İrəvanın qərarı: Paşinyan Xankəndiylə bağlı seçim edir - BİZİM TƏHLİL

Sosial şəbəkələrdə erməni hərbçilərin Xankəndi şəhərini tərk etməsi barədə videogörüntülər yayılıb.

Həmin videomaterialda xeyli sayda zirehli və hərbi texnikanın Xankəndidən çıxaraq Laçın dəhlizi vasitəsilə Ermənistana doğru irəlilədiyini görmək olar. Bu isə hərbi texnikanın Ermənistan ordusuna aid olduğunu deməyə əsas verir.

Belə qənaət yaranır ki, Ermənistan Dağlıq Qarabağda qalmış silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxartmağa başlayıb. Bu prosesin iyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra baş verəcəyi proqnozlaşdırılırdı.

Lakin rəsmi İrəvan bölgəni deyildiyindən əvvəl tərk etməli olur. Hələ mart ayında ermənilərə məxsus sosial media hesablarında Azərbaycanın belə bir tələblə çıxış etdiyi barədə xəbərlər yayılmışdı.

Qeyd edilirdi ki, Azərbaycan Ermənistan qarşısında öz qoşunlarını Dağlıq Qarabağdan çıxartmaq şərtini qoyub.

Ancaq Nikol Paşinyan hökumətinin seçkilər öncəsi güzəştə getməsi radikal müxalifətin xeyrinə işləyə biləcək amil kimi dəyərləndirilirdi. Paşinyanın Ermənistan qoşunlarını geri çəkmək üçün son zamanlar bir sıra daxili və xarici amillər formalaşıb.

Belə ki, Dağlıq Qarabağda hərbi xidmət keçən əsgərlərin ailələri etiraz aksiyası keçirərək övladlarının Ermənistana qaytarılmasını tələb edirlər.

Bu isə Ermənistanın Baş nazirinə qoşunları Dağlıq Qarabağdan çəkmək üçün “xalqdan mandat almaq” imkanı yaratdı.

Əsgər valideynlərini qəbul edən Paşinyan bundan sonra həmin qərarı xalqın tələbi ilə qəbul etdiyini deyə bilər.

Xarici amilə gəldikdə, Paşinyan hökuməti Azərbaycanın siyasi tələblərini yerinə yetirmək məcburiyyətindədir. Əks təqdirdə, Dağlıq Qarabağda növbəti anti-terror əməliyyatının başlaması Ermənistan ordusunun qalıqlarının da məhv olması ilə nəticələnə bilər. Hərbi əməliyyatların başlaması isə bölgədəki nəqliyyat-kommunikasiya infrastrukturunun bərpası və regional iqtisadi layihələrə investisiya yatırmaq üçün getdikcə daha rəqabət aparan dövlətlərin marağında deyil.

Zəngəzur dəhlizinin açılmaması, Dağlıq Qarabağda separatçıların vasitəsilə terror-diversiya aktlarının törədilməsi regionun inkişafını bloklaya bilər. Ona görə də Ermənistana xaricdən təzyiqlərin artdığı şübhə doğurmur.

Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin son vaxtlar Ermənistana etdiyi xəbərdarlıqdan rəsmi İrəvan görünür, nəticə çıxartmağa başlayıb. Ali Baş komandanın aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı etdiyi çıxışı bölgədə sülhün bərpası üçün yaranmış imkanı yenidən pozmağa çalışan Ermənistana ünvanlanmış kifayət qədər ciddi mesaj idi:

“Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək”.

Əslində, Azərbaycan Prezidentin bu xəbərdarlığı Ermənistan üçün seçim imkanı yaradırdı. Ermənistan ya Azərbaycana qarşı ərazi iddiasından əl çəkib sülh və əməkdaşlıq yolunu seçməli, ya da müharibəyə can atarsa, növbəti “dəmir yumruq” zərbəsi alacaq. Bu halda Ermənistanın ordusunun qalıqları və Dağlıq Qarabağda ikinci erməni dövləti yaratmaq xülyasından əl çəkməyən terrorçu dəstələri tamamilə yox ediləcək.

Xüsusilə də Prezident İlham Əliyevin “Bu, sonuncu xəbərdarlıqdır”-deməsindən sonra Ermənistan hakimiyyəti yol verdiyi səhvin kifayət qədər ciddi olduğunu anlayıb. Əgər Ermənistan Azərbaycanı üçüncü Qarabağ müharibəsinə sövq edərsə, ikincidən daha ağır zərbə ala bilər. Ona görə də rəsmi İrəvanın qoşunlarını Xankəndidən çıxartması Paşinyan hökumətinin seçim etməsindən xəbər verir.

Bu seçim Dağlıq Qarabağı tərk etmək və ərazi iddialarından əl çəkmək barədə Azərbaycan rəhbərliyinin tələblərinə əməl etməkdən ibarətdir. Əgər Ermənistan bu yolu davam edərsə, düşdüyü qapalı böhrandan çıxıb dünyaya açıla bilər. Alternativ variantı seçmək Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoyacaq.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5743