hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Bank sektorunun durumu: Zərərlə işləyənlər, qazanc götürənlər...

Bank sektorunun durumu: Zərərlə işləyənlər, qazanc götürənlər...

Hazırda ölkədə 30 bank fəaliyyət göstərir ki, onların 508 filialı, 130 şöbəsi, 2 min 510 bankomatı (ATM) var.

Bu sektorda çalışanların sayı isə 17 min 588 nəfərdir. Bank sektorunun vəziyyəti ötən illərə nisbətən müəyyən qədər yaxşılaşsa da, hələ də problemli banklar qalmaqdadır və bu da ümumi bazarın sağlamlaşmasını ləngidir. Qeyd edək ki, bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 29 milyard 602 milyon 900 min manat təşkil edib. Bu, ötən il fevralın 1-i ilə müqayisədə 5,1 faiz çoxdur. Bank sektoruna ümumi nəzər saldıqda isə, problemlərin hələ də qaldığını, bankların maliyyə çatışmamazlığı ilə üzləşdiyini, zərərlə işlədiyini açıq şəkildə görmək mümkündür.

Azərbaycan bankları ölkədə baş verən ilk devalvasiyaya qədər sırf olaraq maliyyə-kredit siyasəti ilə məşğul olunurdu. Uzun illər bu sistemin mövcudluğu sonda ona gətirib çıxardı ki, bankların digər əməliyyatlardan gəlir əldə etmək imkanları kifayət qədər məhdudlaşdı. Demək olar ki, banklar donorlardan cəlb etdiyi vəsaiti yüksək faizli kredit şəklində vətəndaşlara verərək böyük həcmli vəsait qazanırdı. Amma ölkədə iki kəskin devalvasiyanın baş verməsi bankların maliyyə-kredit siyasətinin iflasa uğramasına səbəb oldu, böyük həcmli problemli kreditlərlə üzləşdi. Problemli kreditlərin həcminin 2 milyarddan, ümumi kredit portfelinin 30 faizindən yüksək olması da bankların tutduğu yolun yanlış olduğunu göstərən əsas amil oldu. Uzun müddət, təxminən 2 il davam edən problemli kredit məsələsi sonda ölkə başçısının müdaxiləsi ilə həll olundu. Bu müdaxilə həm vətəndaşın, həm də bankların maliyyə problemlərini həll etmiş oldu. Amma bu da bankların tam sağlamlaşmasına səbəb olmadı. Çünki banklarda olan problemlər təkcə gecikdirilən kreditlərdən ibarət deyildi. İdarəetmənin düzgün qurulmaması, maliyyə siyasətinin yalnız qısamüddətli qazanc əldə etməyə hesablanması, donorlar qarşısında öhdəliklər bu gün də davam edir. Bir çox bankların illik hesabatına nəzər salsaq, açıq şəkildə görünür ki, xərclər gəlirləri böyük həcmdə üstələyir. Zərərlə işləyən banklar isə hələ də bazarda qalmaqda davam edir ki, bu da ümumi sektorun işinə maneələr yaradır.

Bankların sağlamlaşdırılması prosesi də tam başa çatdırılmadı. Baxmayaraq ki, ölkə başçısının təsdiq etdiyi “Yol Xəritəsi”ndə bankların sağlamlaşdırılması prosesi 2018-ci ilin dekabr ayında bitməli idi, amma bu proses bitmədi. Bunun məntiqi nəticəsi olaraq Azərbaycan Mərkəzi Bankı bankların sağlamlaşdırılması prosesi üçün yeni bir proqram hazırladı və həmin sənədə istinad etsək, bank sektorunun sağlamlaşdırılması 2020-ci ildə başa çatacaq.

Bankların aktivləri də azalan xətt üzrə gedib. Devalvasiyadan əvvəlki və sonrakı dövrlərin müqayisəsi göstərir ki, hazırda fəaliyyətdə olan 30 bankın hər birinin aktivlərində ciddi şəkildə azalma mövcuddur. Misal: Azərbaycan Beynəlxalq Bankının 2016-cı ilin əvvəli üçün aktivləri 13 milyard 241 milyon 700 min manat olub ki, bu rəqəm 2018-ci ildə 8 milyard 695 milyon 100 min manata qədər aşağı enib. Bank of Baku ASC, Unibank ASC və digərlərində də ciddi azalma mövcuddur.

Qeyd edək ki, bu rəqəmlərlə Azərbaycan Banklar Asosiasiyasının 2015-2017-ci illərin müqayisəli təhlil sənədində tanış ola bilərsiz.

Bankların hesabatlarının analizi isə göstərir ki, hələ də zərərlə işləyən bir çox bank var. Konkret olaraq bu 10 bank: Pakistan Milli Bankı NBP Bakı filialı , TuranBank ASC, Nikoil Bank İKB ASC, Muğanbank ASC, AGBank ASC, Amrahbank ASC, Bank Respublika ASC, Rabitəbank ASC, AFB Bank ASC, Bank of Baku ASC və AccessBank QSC hesabatlarında zərərlə işlədiyini açıqlayıb. Maraqlı məqam isə ondadır ki, adıçəkilən banklar (AccessBank QSC istisna olmaqla - müəl) son 3 il, 2016, 2017 və 2018-ci ili zərərlə işləyib. AccessBank QSC isə 2017-ci ildə 110 milyon 700 min, 2018-ci ildə isə 56 milyon 400 min manat zərərlə işləyib. 2016-cı ili isə bank 1 milyon 700 min manat mənfəətlə başa vurub.

Bütün bunların məntiqi nəticəsidir ki, hazırda bankların əksəriyyəti valyutadəyişmə məntəqəsi rolunda çıxış edir. 2016-ci ildən valyutadəyişmə məntəqələrinin bağlanması ilə banklar bu bazardan alterntiv gəlir əldə etməyə cəhd göstərdi. Hazırda valyutadəyişmə üçün ancaq bank filialları fəaliyyət göstərir. Baxmayaraq ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinə qanunla icazə verildi, amma hazırda bu istiqamətdə heç bir müsbət irəliləyiş görülmür. Bunun səbəbi isə şərtlərin sərfəli olmamasıdır. Qeyd edək ki, valyutadəyişmə məntəqəsi açmaq üçün banklarda müəyyən məbləğdə depozit saxlamaq lazımdır. "Exchange"lər bankda 50 min manat və 50 min dollar məbləğində depozit saxlamalıdır. "Exchange"lər bir qayda olaraq kiçik biznesdir və onlar üçün bu pul çox böyükdür. Bu vəsaiti bankda depozit kimi saxlayıb işlətməmək, dövriyyədən çıxartmaq "Exchange"lərə sərf etmir. "Exchange"lər bazara girmədiyi üçün banklar valyutadəyişmə məntəqəsi kimi bazarda tək quruma çevrilir. Hazırda obrazlı desək, banklar məhz bu yolla xərclərini kompensasiya etməyə çalışır.

Hazırda bank sektorunun maliyyə qaynaqları isə bir növ dövlət tərəfindən süni şəkildə yaradılır. Belə ki, Azərbaycan Mərkəzi Bankının həftəlik keçirdiyi repo hərraclar (Mərkəzi Bank banklardan vəsaitləri 14 gün müddətinə cəlb edərək, faizlə birgə geri ödəyir-müəl.) banklara gəlir imkanları yaradır. Əslində, Mərkəzi Bankın həftəlik, təxminən 150 milyon manat cəlb etməyə ehtiyacı yoxdur. Çünki bu Mərkəzi Banka əlavə xərc yaratmaqdan başqa heç bir işə yaramır. Bu addım komersiya banklarının, xüsusilə də vətəndaşlardan cəlb etdiyi əmanətlərin dəyərləndirilməsi, vəsait qazanması üçün Mərkəzi Bankın yaratdığı “kömək xidməti”dir.

Bankların gəlir əldə etməsi üçün digər imkanlar isə vətəndaşların gündəlik bank əməliyyatları, əməkhaqqlarının verilməsi, pul köçürmələri, hesabların açılması, nağdlaşdırmaya və əməliyyat xərcinə görə tutulan 1+1 faiz və digər xırda gəlir alətləridir. Azərbaycan banklarının əsas gəlir aləti olan kredit siyasəti isə hazırda demək olar ki, işlək deyil. Bunun səbəbi isə həm kredit şərtlərinin ağırlığı və vətəndaşların banklara inamsızılığıdır. İkinci məsələdə ötən illərə nisbətən müəyyən qədər irəliləyiş olsa da, hələ də müəyyən problemlər qalmaqdadır.

Bank sektorunda olan problemlərin həlli üçün müxtəlif təkliflər də səsləndirilir. İqtisadçıların əsas təklifi isə bankların sağlamlaşdırılması üçün konsolidasiya (Bankların birləşdirilməsi-müəl.) prosesinə gedilməlidir. Normal vəziyyətdə də bankların sayı tələbin sayından dəfələrlə çoxdur. Bu baxımdan, əlbəttə, konsolidasiyanın aparılması bankların sağlamlaşdırılmasına yol açardı. Yuxarıda göstərilən rəqəmlərdən də görünür ki, hazırda elə banklar var ki, adı var, özü “ölü candır”. Yəni, aktivləri elə yerləşdirilib ki, onun geri qayıtma şansı belə, yoxdur. Amma nədənsə, bu proses ləngiyir. Prosesin niyə getməməsi ilə bağlı şəffaf məlumat verilmədiyi üçün bankların və ya aidiyyatı qurumların hansı məqsədlə gözləmə mövqeyi tutduğu bəlli deyil.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3565