hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Bank sistemini “ixtisar küləyi” vurur

Bank sistemini “ixtisar küləyi” vurur

Əkrəm Həsənov: “Məsafədən bank hesabının açılması bank filiallarına ehtiyacı azaldır”

Türkiyə və Belarus vətəndaşları Azərbaycanda məsafədən bank hesabları aça biləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov bildirib ki, nazirliklə Mərkəzi Bank arasında məsafədən hesabların açılması ilə bağlı görüş olub. O qeyd edib ki, həmin informasiya sisteminə elektron imza infrastrukturu da inteqrasiya olunub: 

“Texniki tərəfləri həll etmişik, hüquqi tərəfləri ilə bağlı da araşdırma apardıq. Hüquqşünaslar qanunda heç bir məhdudiyyətin olmadığını deyir. Bu o deməkdir ki, biz məsafədən hesab açmağa başlayırıqsa, hansı ölkələrlə elektron imzanın qarşılıqlı tanınmasını təmin etmişiksə, həmin ölkə vətəndaşları da Azərbaycanda özlərinə bank hesabları aça biləcəklər. Bununla bağlı həm Türkiyə, həm Belarusla bağlı proses gedir”.

Müdir müavininin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması ilə əlaqədar hazırlanmış infrastruktur “Bakutel 2019” sərgisində nümayiş etdiriləcək. 

Maraqlıdır, xarici ölkə vətəndaşlarının Azərbaycanda məsafədən bank hesabları açması bankların inkişafına, dayanıqlığına və beynəlxalq reytinqinə necə təsir göstərəcək?

Məsələ ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlama verən hüquqşünas Əkrəm Həsənov deyib ki, müasir bankçılıq ilk növbədə informasiya texnologiyalarının yeni nailiyyətləri hesabına inkişaf edir:

“Azərbaycan məsafədən bank hesabları açmağa yeni giriş edir. Əksər dünya bankları məsafədən bank hesabları açmaq üzrə sistemdən illərdir ki, yararlanır. İlkin olaraq bu sistem müştəri üçün rahatlıqdır. İndi müştərilər internet banking, plastik kartlar və sair vasitələrlə banka getmədən ödəniş etməyə öyrəşib. Bütün bu əməliyyatlar son nəticədə bankların rəqabət qabiliyyətini artırır. İllər əvvəl Baltikayanı ölkələrdən Azərbaycana gələn bank nümayəndəsi məsafədən bank hesabları açmaq təklifi ilə çıxış etmişdi. Bu, eyni zamanda sahibkarlar üçün əlverişli və rahat bir sistemdir. Məsafədən hesabı müəyyən əməliyyatlar aparmaq məqsədi ilə də açırlar”.

Ekspert qeyd edib ki, hüquqi cəhətdən maliyyə sektorunda müştərilərini tanı prinsipi var:

“Müştərilərini tanımaq ilk növbədə çirkli pulların yuyulması və terrorçuluqla mübarizə çərçivəsində lazımdır. Başlıca olaraq, burda müəyyən sistem, metodologiya, alqoritm qurulmalıdır. Azərbaycanda terrorçuluğa qarşı mübarizə və çirkli pulların yuyulması haqqında qanunvericilik bəzən yersiz sərtdir. Onsuz da riayət olunmur. Bu da banklara çeviklik imkanının vermir. Əlbəttə, qanunvericiliyə əməl olunması, bank sistemi inkişafına xidmət edir. Maraqlıdır ki, niyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsafədən bank hesabı açmaq üçün məsələni Maliyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə yox, Mərkəzi Bankla müzakirə edir? Bu məsələ daha çox Palataya aiddir. Doğrudur, Mərkəzi Bank banklararası hesablaşma sisteminə nəzarət edir. Bank hesabı açılmasına nəzarət məsələsi Palatanın səlahiyətindədir. Sadəcə olaraq, nazirlik başa düşür ki, belə məsələlərin Palatada müzakirə edilməsi mümkün deyil. Çünki Mərkəzi Bankdan fərqli olaraq, Palatada bu sahədə mütəxəssis yoxdur. Prosesin qısa müddətdə yekunlaşması inandırıcı deyil. Çünki Mərkəzi Bank məşğul ola bilər, amma səlahiyyəti yoxdur. Palatanın isə səlahiyyəti var, amma məşğul ola bilmir”.

Əkrəm Həsənovun sözlərinə görə, məsafədən bank hesabının açılması getdikcə çoxsaylı bank filiallarının yaranma ehtiyacını azaldır: 

“Filial saxlamaq banklar üçün əlavə xərcdir. Bu sistem işə düşərsə, bank filialları azalacaq. Çünki müştərinin banka gəlməsinə ehtiyac yoxdur. Bu baxımdan bu, sistemə gəlirli yox, qənaətlidir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1761